Elşən Mustafayev: “Azərbaycan sülhməramlı qüvvələr məsələsində fərqli formul təklif edib”
ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland bəyan edib ki, sülhməramlılar olmadan uzunmüddətli sülh mümkün deyil. Amerikalı diplomat bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılığın son elementi kimi beynəlxalq təhlükəsizliyin zəmanəti qaçılmazdır.
Onun sözlərinə görə, anlaşmanın qalıcı olması və bölgənin təhlükəsizliyi naminə sülhməramlı qüvvələr mütləq bölgəyə yerləşdirilməlidir. Lakin diplomat sülhməramlıların kontingenti və hansı müddətə bölgəyə gətirilməsi ilə bağlı fikir bəyan etməyib.
Xatırladaq ki, münaqişənin nizamlanma prinsiplərindən sayılan sülhməramlı missiya zaman-zaman gündəmə gətirilib və geniş müzakirə mövzusu olub.
Təhlükəsizliyin təmin olunması üçün bölgəyə yerləşdirilməsi nəzərdə tutulan sülhməramlıların tərkibi necə olacaq?
Ekspert Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, danışıqlar prosesində sülhməramlıların yerləşdirilməsi ilə bağlı məsələ daim qaldırılıb: “Ancaq bu incə detal olduğu üçün, tərəflərin mövqeyi haçalanıb.
Ancaq Azərbaycan tərəfi ölkə ərazisində başqa dövlətlərə məxsus silahlı qoşunların yerləşdirilməsinə qarşı çıxıb və bu prinsipi qətiyyətlə rədd edib. Buna baxmayaraq, sözügedən məqam, köhnə və yeni Madrid müddəaları da daxil olmaqla, daha sonra ortaya atılan bütün həll paketlərində öz əksini tapıb.
Hazırda söhbət o istiqamətdə gedir ki, sülhməramlıların tərkibində hansı dövlətlərin nüfuz dairəsi daha artıq olacaq. Təbii olaraq, Rusiya istəyir ki, kontingentdə rus əsgərlərinin sayı çox olsun. ABŞ isə çalışır ki, öz silahlı qüvvələri geniş miqyasda təmsil olunsun.
Amma mövcud ziddiyyət yaxın vaxtlarda sülhməramlı missiyanın reallaşmasını sual altında qoyur. Qeyd edək ki, adətən sazişlərdə sülhməramlıların hansı ölkələrdən ibarət olacağı, nə qədər müddətə ərazidə qalacağı, səlahiyyətlərinə aid olan məsələlər və s. öz əksini tapır.
Xarici ölkə qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan sülhməramlı qüvvələr məsələsində fərqli formul təklif edib: Sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəf kimi həmsədr dövlətlərin qoşunları iştirak etməsin. Bu yanaşma ATƏT tərəfindən də qəbul olunub. Ən yaxşı halda, sülhməramlı qüvvələr Şərqi Avropa, Almaniya və Skandinaviya ölkələrinin hərbi birləşmələrindən formalaşa bilər. Türkiyə sülhməramlılarının bölgəyə gəlişinə isə İrəvan razılıq vermir. Bu baxımdan, sülhməramlıların bölgəyə gəlişi bu mərhələdə real görünmür”
Məhəmmədəli QƏRİBLİ