Fikrət Sadıqov: “Moskva bu 11 maddəni səsləndirmək istəmir”
Məlum olduğu kimi, avqustun 24-də ATƏT-in Minsk Qrupunun vəzifə müddəti başa çatmış amerikalı həmsədri Riçard Hoqland Amerika Birləşmiş Ştatlarının Dağlıq Qarabağ məsələsi ilə bağlı siyasətini altı müddəada ifadə edib.
Amerikalı həmsədr deyib ki, ölkəsi Bakının nəzarətində olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə müvəqqəti status verilməlidir. İkinci element olaraq səfir Hoqland bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.
Bundan əlavə, R. Hoqland qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ arasında təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir. Bütün məcburi köçkünlər öz yaşayış yerlərinə qaytarılmalıdır. Sonda keçmiş amerikalı həmsədr sülhməramlıların da bölgəyə gətirilməsini bəyan edib. Hoqlandın altı müddəalıq bəyannaməsi ortadadır. Ancaq ABŞ-dan fərqli olaraq, Fransa və Rusiyanın nizamlanma prosesi ilə bağlı konkret mövqeyi yoxdur. Hətta keçmiş Fransa prezidenti Fransua Olland problemi “dondurulmuş münaqişələr” siyahısında gördüyünü bildirmişdi.
Rusiya isə gah Lavrov planını ortaya atdı, gah da müəmmalı “11 müddəa” məsələsini qabartdı. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi Hoqlandın açıqlamaları fonunda ortadadır. Ancaq bundan fərqli olaraq, Rusiyanın mövqeyi ortada deyil. Belə deyilsə, istər-istəməz, ortaya sual çıxır ki, nəyə görə Lavrov planının məzmunu ətraflı açıqlanmır?
Sözügedən məsələni dəyərləndirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov da hesab edir ki, ABŞ-dan fərqli olaraq, Rusiya təklif etdiyi həll variantını tam açıqlamır: “Rusiya ABŞ-ın 6 maddəlik planına başqa cür münasibət bəsləyirsə, münaqişənin həlli ilə bağlı öz müddəalarını açıqlasın. İndiyə qədər Kreml Qarabağ məsələsi ilə bağlı konkret müddəalar səsləndirməyib. Bir vaxtlar Rusiya on bir maddədən ibarət öz təkliflərini irəli sürürdü. Onun da nələrdən ibarət olduğu tam olaraq açıqlanmırdı. Hər halda, Hoqland tərəfindən səsləndirilən altı maddə açıqlanıb və nədən ibarət olduğunu bilirik. Amma rusların “11 maddə”si haqqında heç nə bilmirik. Görünən odur ki, indiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ABŞ-la Rusiya arasında baş verən qarşıdurma fonunda aparılır. Hesab edirəm ki, bu iki güc arasındakı qarşıdurma Dağlıq Qarabağ məsələsinə də öz təsirini göstərir. Vaxtilə bu iki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ziddiyyət yox idi. Rusiya tərəfi indi deyir ki, burada 6 yox, 11 maddə olmalıdır. Moskva bu 11 maddəni səsləndirmək istəmir. Ancaq, hər halda, münaqişənin nizamlanması ilə bağlı ümidverici amillər də mövcuddur. Hazırda ABŞ-da və Fransada yeni dövlət başçıları seçilib. Yeni seçilən prezidentlərin Dağlıq Qarabağ münaqişəsinə yanaşmaları da daha praqmatikdir. Çox istərdik ki, bunlar ritorik ifadələrdən və bu maddələrin səsləndirilməsindən sonra praktiki addımlara keçsinlər. Bütün məsələlər razılaşdırılsın”.
Vidadi ORDAHALLI