Məhəmməd Əsədullazadə: “Hüquqi cəhətdən bu mümkündür”
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Sarkisyanı Xankəndi hava limanında qondarma “respublika”nın “prezidenti” Bako Saakyan qarşılayıb. Xankəndi hava limanına helikopterlə gələn Sarkisyan qondarma rejimin qanunsuz "müstəqillik bayramı" ilə bağlı tədbirdə iştirak edəcək.
O da məlumdur ki, artıq neçənci dəfədir Ermənistan prezidenti Dağlıq Qarabağa qanunsuz səfər edir. İstənilən halda, hansısa suveren dövlət başçısının tanınmamış quruma səfər etməsi qanunsuzdur. Eyni zamanda, beynəlxalq qanunlara zidd olan haldır. Ermənistanın özü də qondarma “DQR” i tanımayıb. Üstəlik, uzun illərdir münaqişənin tənzimlənməsi ilə bağlı tərəflər arasında danışıqlar gedir. Belə olan halda, Azərbaycan beynəlxalq hüquqdan və diplomatik vasitələrdən istifadə edib münaqişə həll olunana qədər buna moratorium qoymağa çalışmalıdır. Ən azından, həmsədrlər səviyyəsində məsələnin qaldırılması vacibdir. Münaqişə həll olunana qədər Sarkisyanın ora səfər etməsinin qarşısını necə almaq olar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, prinsipcə, bu mümkündür: “Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri beynəlxalq qanunlara ziddir. Münaqişə həllini tapmayınca, belə səfərlər münaqişənin həllinə ciddi mənfi təsir edir. Sarkisyanın bu kimi səfərinin qarşısını almaq üçün ilk növbədə Azərbaycan Minsk Qrupunun həmsədrləri səviyyəsində, həmçinin, BMT-də məsələ qaldırmalı və bunun qarşısını almalıdır. Hüquqi cəhətdən bu mümkündür. Hesab edirəm ki, Xankəndidə Ermənistan rəhbərliyinin hər hansı bir mərasimə qatılması bir daha göstərir ki, İrəvan danışıqlarda səmimi deyil. Mütləq Azərbaycan xarici siyasətində Qarabağa səfər edən Ermənistan vətəndaşları və digər ölkələrin vətəndaşlarına məhdudiyyət qoyulmasına çalışmalıdır. Sarkisyan bu səfərlə özünü daxili auditoriyaya təəssübkeş kimi göstərir. Azərbaycan elə bir vəziyyət yaratmalıdır ki, erməni rəsmilər işğal zonasına daxil ola bilməsinlər”.
Vidadi ORDAHALLI