Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində yenə də minatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini pozmaqda davam edir. Düzdür, hər dəfə də Azərbaycan ordusu tərəfindən layiqli cəzalarını alırlar. Bu fonda maraq doğuran məqam isə erməni ordusunda qeydə alınan vəziyyətdir.
Son məlumatlar göstərir ki, ötən illərlə müqaisədə düşmən ordusunda vəziyyət gedərək daha da pisləşir. Bunu ermənilər özləri də etiraf edir. Belə bir vaxtda Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb. Nəşrin müəlliflərindən olan Anna İşxanyan bildirib ki, aparılan tədqiqatlar erməni ordusunda həqiqətən də çox ağır vəziyyətin hökm sürdüyünü üzə çıxarır. Araşdırmalardan bəlli olur ki, ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur. Sorğuda iştirak edənlər hərbi hissələrdə psixoloqların olmasının vacibliyini bildirib. Sonuncu fakt həm də onu göstərir ki, erməni gənclərin hərbi xidmət zamanı tək problemi heç də qida və texnika deyil. İşğalçı orduda ciddi psixoloji problemlər mövcuddur və bunu keçmiş qulluqçular da etiraf edir. Bu faktın özü də göstərir ki, rəsmi İrəvanın müxtəlif hərbi bloklara qoşularaq ölkəsinin təhlükəsizliyini təmin etmə cəhdlərinin arxasında məhz öz ordusuna inamsızlıq dayanır.
O da vurğulanır ki, yaranan problemlər aradan qalxmayınca erməni ordusunda daha acınacaqlı bir vəziyyətin yaranması qaçılmaz olacaq. Bu arada bir məqamı da qeyd edək ki, son bir neçə ay ərzində Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərketmə halları artıq kütləvi xarakter alıb. Bununla bağlı elə erməni mediasında çoxsaylı məlumatlar yer almaqdadır. Məsələn, bildirilir ki, bir neçə gün əvvəl Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Qriqor Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib. Bunun ardınca Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu hərbi hissəni özbaşına tərk edib. Həmin hərbçilərdən olan Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barəsində nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa isə bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.
Daha bir insident Füzuli rayonu ərazisində yerləşən Ermənistan ordusunun bölmələrindən birində baş verib. Belə ki, gecə saatlarında bölük komandiri olan Xalatyan soyadlı hərbçinin döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını bildirir. Ən maraqlı hadisə isə Hadrut rayonu ərazisində yerləşən işğalçı ordunun hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Avqustun 27-də isə işğal edilmiş Ağdərə istiqamətində yerləşən Ermənistan ordusunun təlim mərkəzində insident baş verib. Poliqonun hərbi qulluqçusu Artur Bağdasaryan xidmət yoldaşları tərəfindən vəhşıcəsinə döyülüb. Üzərində çoxlu döyülmə izləri olmasına və müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq, komandiri Bağdasaryanın hospitala yerləşdirilməsinə icazə verməyib və baş vermiş olayın gizlədilməsi üçün lazım olan bütün tədbirlər görülüb. Kazarmada müxtəlif bəhanələrlə saxlanan hərbi qulluqçunun sağalana qədər valideyinləri ilə görüşməsinə də imkan verilmir. Qeyd edək ki, Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə yerləşən hissələrində son iki ay ərzində nizamnamədənkənar münasibətlər zəminində 10-dan çox cinayət hadisəsi baş verib. Belə hadisələr zaman ən çox xəsarət alan isə gənc əsgərlər, xusisilə də Ermənistandan Qarabağa gətirilənlərdir. Beləliklə, Ermənistan ordusunda indi müxtəlfi yoluxucu xəstəliklərin yayılmasından tutmuş “dedovşina” və digər qanun pozuntularının artması, qeyri-döyüş şəratində itkilərin çoxalması özünü getdikcə qabarıq büruzə verməkdədir. Ekspertlər hesab edir ki, Ermənistan ordusunda neqativ halların yaşanması həm də ordunun təchizat sisteminin qaydada olmaması ilə əlaqədardır. Lakin Ermənistan ordusunun ən yaralı yeri “dedovşina” və Ermənistan ermənilərilə Dağlıq Qarabağ erməniləri arasında düşmənçiliyin olmasıdır. Bu halın qarşısının alınması istiqamətində edilən cəhdlər isə hansısa ciddi nəticə vermir.
Tahir TAĞIYEV