İctimai-siyasi xadim, yazıçı, publisist, həkim Nəriman Nərimanov 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olub. Atası Kərbəlayi Nəcəf, anası Həlimə xanım idi.
Kiçik yaşlarından ağıllı davranışı, iti zəkası ilə diqqət çəkən Nəriman böyük qardaşı Salmanın və əmisi Əlimirzənin köməyilə ərəb və rus dillərinin əlifbasını öyrənib, 1879-cu ildə Tiflis ruhani məktəbinə daxil olub. İlk təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra o, 1885-ci ildə Qori şəhərində Zaqafqaziya müəllimlər seminariyasına qəbul olunub. Seminariya illərində Nərimanov A.Q.Çernyayevski və V.Axundzadə kimi tələbkar müəllimlərdən dərs alıb, ədəbiyyatla ciddi-ciddi maraqlanıb, Azərbaycan, rus və Qərbi Avropanın şair və ədiblərinin yaradıcılığı ilə tanış olub.
1890-cı ildə Qori seminariyasını bitirən N.Nərimanov Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin edilib. Kənd müəllimliyi ona çox şey öyrədib, Azərbaycan kəndlisinin maddi və mənəvi vəziyyəti haqqında təsəvvürünü daha da genişləndirib. Kəndi geridə qoyan səbəblər haqqında çox düşünən Nərimanov hələ seminariyada oxuyarkən yazmağa başladığı “Nadanlıq” dramının qalan iki pərdəsini də yazıb.
N.Nərimanov 1891-ci ildə Bakıya gəlib və 1902-ci ilədək burada genişmiqyaslı mədəni-maarif və ədəbi-siyasi fəaliyyət göstərib. O, əvvəlcə A.İ.Pobedonostsevin progimnaziyasında müəllimlik edib. 1892-ci ildə N.V.Qoqolun “Müfəttiş” əsərini azərbaycancaya tərcümə edib. Əsər 1900-cu ildə Tağıyev teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulub. Nərimanov əsərin həm rejissoru olub, həm də bələdiyyə rəisi rolunu özü ifa edib.
N.Nərimanov 1894-cü ildə Azərbaycan ziyalılarının, xüsusilə S.M.Qənizadənin, H.Mahmudbəyovun yaxından köməyi ilə Bakıda müsəlmanlar üçün ilk pulsuz qiraətxana açıb. “Nərimanov qiraətxanası” adı ilə bütün Zaqafqaziyada məşhurlaşan bu qiraətxana İstanbuldan “Tərcümani-həqiqət,” “Xəzineyi-fünun,” “Maarif,” “Əxbər” qəzetlərini, Qahirədən “Ən-Nil,” Sofiyadan “İttifaq,” Təbrizdən “Nəsihət” qəzetlərini, həmçinin Tiflisdə və Peterburqda nəşr olunan bir sıra qəzet və jurnalları alırdı. Bu dövrdə Nəriman Nərimanov ictimai və siyasi problemlərə toxunduğu “Dilin bəlası”, yaxud “Şamdan bəy,” “Bahadur və Sona,” “Nadir şah” kimi ədəbi əsərlər, sosial və mədəni məsələlərə dair publisistik məqalələr yazıb, Azərbaycan və rus dillərini müstəqil öyrənənlər üçün dərsliklər, həmçinin “Türk-Azərbaycan dilinin muxtəsər sərf-nəhvi” adlı qiymətli dərs vəsaiti tərtib edib.
Həmişə ali təhsil almaq arzusunda olan Nəriman 1902-ci ildə Bakı Oğlanlar Gimnaziyasında ekstern qaydası ilə imtahan verərək kamal attestatı alıb və Odessadakı Novorossiysk Universitetinin tibb fakültəsinə daxil olub. Tələbəlik dövründə o, öz əsərləri ilə həvəskar teatr tamaşalarında çıxış edib. Bir qrup tələbə ilə Baxçasaraya gedərək, orada görüşlər keçirib, böyük ictimai-siyasi və maarif xadimi İsmayıl bəy Qaspıralı ilə görüşüb. Nərimanov bu barədə yazırdı ki, “Biz bir-birimizin dərdindən və məqsədindən xəbərdar olduq...”
Nəriman Nərimanov siyasi fəaliyyətə də Odessada başlayıb. O, tələbə hərəkatında yaxından iştirak edərək liman fəhlələri arasında inqilabi işlər aparıb. Onun 1903-cü ildə noyabr ayının 17-də Ümumrusiya tələbə qurultayında iştirakı çar xəlifələrinin diqqətini cəlb edib. 1905-ci ildə isə o, tələbələrin böyük bir toplantısında konstitusiyalı respublika quruluşunun monarxiyadan üstünlüyü haqqında məruzə ilə çıxış edib. Elə həmin il Odessada artmaqda olan iğtişaşlar nəticəsində gərgin vəziyyət yaranıb və çar hökuməti Novorossiysk Universitetini müvəqqəti olaraq bağlayıb. Bakıya qayıtmalı olan Nərimanov sosial-demokrat “Hümmət” təşkilatına daxil olub. Həmin dövrdə o, İran inqilabçıları ilə də əlaqə saxlayıb və İran sosial-demokrat “Mücahid” partiyasını yaradanlardan biri olub. Həmin dövrdə çox gərgin çalışan Nərimanov “Nicat” mədəni-maarif cəmiyyətində sədr müavini vəzifəsinədək yüksəlib. 1906-cı ildən başlayaraq Nərimanovun mətbuatda çıxışları mədəniyyət, maarifçilik problemləri ilə yanaşı açıq siyasi məzmun daşıyıb və o, “İrşad,” “Həyat” və başqa qəzetlərdə dövlət işləri barədə silsilə məqalələr dərc etdirib.
1906-cı ildə Nərimanov təhsilini başa vurmaq üçün yenidən Odessaya qayıdıb. 1908-ci ildə universiteti bitirib Bakıya dönən Nərimanov şəhər xəstəxanasında işləyib. 1909-cu ilin əvvəllərində isə o, Tiflisə köçərək xüsusi müalicəxana açıb, həm də inqilabi fəaliyyətini davam etdirib. İnqilabi fəaliyyətinə, xüsusən İran inqilabçıları ilə yaxın əlaqəsinə görə 1909-cu ilin mart ayında həbs olunub. 7 ay Tiflisin Metex həbsxanasında saxlanıb. Zaqafqaziyanın demokratik ictimaiyyətinin etirazına baxmayaraq, çar hakim dairəsinin tələbilə Nərimanov 1909-cu il sentyabrın 30-da Həştərxana sürgün edilib.
Nəriman Nərimanov Həştərxanda olduğu müddətdə Qafqazla əlaqəni kəsməyib, ictimai-siyasi fəaliyyətini davam etdirib, yerli mətbuatla fəal əməkdaşlıq edib, həkimliklə məşğul olub. Həştərxan Xalq Universitetinin sədri, Həştərxan Şəhər Dumasının üzvü seçilib. Onun Həştərxandakı fəaliyyətinin sədası Avropaya da çatıb. “Paris” qəzetində verilən məlumatda deyilirdi ki, “Həştərxan, Kazan və Ufa şəhərlərində mətbuat vasitəsilə müsəlman millətçiliyi qızğın təbliğ edilir. Bu işdə “Xalq Universitetləri Cəmiyyəti”nin sədri N.Nərimanov görkəmli rol oynayır.” 1913-cü ildə Bakıya qayıdan N.Nərimanov Qaraşəhər xəstəxanasında həkimlik etməklə bərabər bədii, siyasi-ictimai fəaliyyətini də davam etdirib. O, “Nicat” cəmiyyətinin maarif bölməsinin sədri seçilib, “Tənqid gecələri” ədəbi dərnəyini yaradıb, “Ədəb yurdu,” “Xalq evi,” “El yurdu,” “Qənaət” adlı təşkilat və cəmiyyətlərin fəal təşkilatçısı və siyasi mühazirəçilərindən biri kimi fəaliyyət göstərib.
Nəriman Nərimanov 1914-cü ildə 44 yaşında ikən evlənməyi qərara alıb. Onun gec ailə qurmasının səbəbini Abdulla Şaiq özünün “Xatirələrim” adlı əsərində belə izah edir: “N.Nərimanov ailəsinə və qohum-əqrabasına olduqca bağlı, qəlbi geniş, dostluqda sadiq və xeyirxah bir insan idi. Hələ evlənməmiş olduğu halda o, böyük bir ailə sahibi idi. Qoca anasını, xalasını, bacı və qardaşı uşaqlarını öz himayəsi altına almışdı. Gəncliyinin bütün zövq və nəşəsini yalnız onlara fəda edərək, bacısı və qardaşı uşaqlarını oxudub bir yana çıxartmaq istəyirdi”. Nəriman Nərimanov 1915-ci ildə Şamaxının tanınan tacirlərindən biri olan Mir Kazım Əliyevin qızı Gülsüm xanımla evlənib.
Tarixi şəxsiyyət N.Nərimanov, I Dünya müharibəsi illərində əsir alınaraq Bakıda – Nargin adasında saxlanan türk əsirlərinə qayğı göstərib. Onların ağır və dəhşətli vəziyyəti haqqında mətbuatda və Şəhər Dumasında çıxışlar edib, yardım etməyə çağıran müraciətlərlə onların vəziyyətinin yaxşılaşmasına nail olub. 1917-ci ilin payızında bolşeviklər Bakıda hakimiyyəti ələ keçirdikləri dövrdən N.Nərimanov müsəlman milli qüvvələrinə qarşı sərt tədbirlərin qarşısını almağa çalışıb. O, həmişə milli marağı üstün tutaraq, özünü hakimiyyətə gəlməkdə maraqlı olan siyasi partiyanın nümayəndəsindən daha çox ictimai xadim kimi aparıb. 1918-ci ilin əvvəlində müsəlman diviziyasının başçısı general Talışinski Nərimanovun təkidi ilə azad olunub, mart ayında Nərimanovun təşəbbüsü ilə bolşeviklərlə musavatçılar arasında danışıqlar aparılıb, qarşıdurmanın aradan qaldırılması yönündə razılıq əldə edilsə də, sinfi mübarizə adı altında milli qırğın törədilib, bolşevik və daşnak hərbi qüvvələri tərəfindən müsəlmanların amansız soyqırımı həyata keçirilib. Nərimanov müsılmanlara qarşı törədilən qətl-qarəti dayandırmaq üçün Şaumyana və Caparidzeyə məktubla müraciət edib, nəticədə müsəlman sosialistləri ilə Şaumyan və Caparidzenin birgə müzakirəsi keçirilib. 1918-ci il martın axırlarında yaradılan İnqilabi Müdafiə Komitəsinin üzvü olan Nərimanov erməni milli hissələrinin ləğv edilməsi haqqında Komitənin göstərişini imzalayıb.
N.Nərimanov 1919-cu ilin iyulunda RKP MK-nın çağrışı ilə Həştərxandan Moskvaya getdikdə o, RSFSR Xalq Xarici İşlər komissarlığı Yaxın Şərq şöbəsinin müdiri təyin edilib, bir müddət həm də RSFSR Xalq Milli İşlər komissarının müavini işləyib. Həmin dövrdə Nərmanov V.İ.Leninlə tez-tez görüşüb, Rusiyanın xarici siyasətində düzgün yöndə Şərqin xüsusiyyətlərini nəzərə almağı tövsiyə edib.
1920-ci ilin fevral ayında AKP yaradılır və Nərimanov onun Bakıda gizli şəkildə keçirilən I qurultayının fəxri sədri seçilri. Leninin göstərişi ilə Qafqaza yola düşən Nərimanova Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifəsi tapşırılır. Nərimanov Bakıda təntənə ilə qarşılansa da, “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllə yağdırırlar” sözləri ilə məlumatlandırılır. Onun gəlişi ərəfəsində Q.Orconikidze və S.Kirov V.İ.Leninə teleqram göndərərək, “bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyət” istəyir, həm də “Nərimanova belə səlahiyyət verməməyi” tövsiyə edirlər.
Nərmanovun gəlişi ərəfəsində, Naxçıvan qəzasından başqa, demək olar ki, bütün Azərbaycanda Sovet Hakimiyyəti qurulmuşdu. Onun baş verən haqsızlığa qarşı mübarizə ilə başlanan fəaliyyəti “milli təmayülçülük” siyasəti, sonralar isə “nərimanovçuluq” adlandırılıb. Nərimanov Azərbaycan xalqının milli-mədəni tərəqqisinə, din problemlərinə, Azərbaycan dilinə dövlət statusu verilməsinə, milli ziyalılara və təhsilə xüsusi diqqət yetirib, milli adət-ənənələri qoruyub, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərib.Onun bu fəaliyyəti birmənalı qarşılanmayıb, əleyhinə geniş kampaniya aparılıb. Nərimanov hakimiyyətə gələrkən Azərbaycan artıq İrəvan və Dərbənd ərazisini itirmiş, Zaqatala, Zəngəzur, Naxçıvan, Qarabağ və Bakının taleyi isə mürəkkəb olaraq qalırdı. Nərimanovun Azərbaycanın ərazi bütövlüyünü qorumaq uğrunda fəaliyyəti nəticəsində Naxçıvan, Qarabağ, Zaqatala Azərbaycanın tərkibində saxlanıb, Bakı Azərbaycanın paytaxtı kimi tanınıb. O, Naxçıvanın Azərbaycandan təcrid olunmaması üçün Mehridən yol verilməsi uğrunda mübarizə aparıb, Zəngəzurun isə Azərbaycandan ayrılmasının qarşısını təkbaşına almaq iqtidarında olmayıb. Azərbaycanı Sovet Rusiyasının müttəfiqi, müstəqil bir respublika kimi görən Nərimanov qarşılıqlı etimad əsasında mərkəzlə Azərbaycan arasında siyasi və iqtisadi hüquqların bölgüsü, milli və dini ənənələrin qorunması uğrunda ardıcıl mübarizə aparıb. Mərkəzin qərəzli münasibətini, ruslara xüsusi imtiyazların verilməsini pisləyərək, “kommunist cildinə girmiş daşnakların” məkrli fəaliyyətini ifşa edib. O, Azərbaycan nümayəndəsinin bilavasitə iştirakı olmadan mərkəzdə Azərbaycana aid heç bir məsələnin müzakirə edilməməsini, hər hansı mərkəzi strukturda Azərbaycanın tam səlahiyyətli nümayəndəsinin təmsil olunmasını, neft istehsalına və satışına Azərbaycan hökumətinin nəzarətinin artırılmasını tələb edib. Milli ordunun, aviasiyanın, nəqliyyat sisteminin yaradılmasına diqqət yetirib, Bakı – Culfa dəmiryolunun, Bakı – Tiflis – Batum neft kəmərinin çəkilməsini başa çatdırıb.
N.Nərimanov Şərq xalqlarının imperializm əsarətindən xilasını öz mübarizəsinin başlıca amalı sayıb. O, Sovet hakimiyyətini Şərq siyasətini düzgün aparmamaqda ittiham edib, Rusiyanın Türkiyə siyasətinə müsbət yön verib. Türkiyədən Moskvaya göndərilən nümayəndə heyətlərinin hamısı Bakıda Nərimanovla məsləhətləşmədən sonra oraya gedirdilər. Nərimanov Türkiyənin milli azadlıq savaşında qələbələrini alqışlayıb, əlindən gələn yardımı göstərib. Qars müqaviləsinin bağlanması və ratifikasiyasında Nərimanov xüsusi rol oynayıb. Sovet Rusiyasının iddialarına qarşı çıxıb, Azərbaycanda baş verən inqilabi proseslərə digər bolşeviklərdən fərqli münasibət bəsləyib. Bu səbəbdən də AKP-nin 2-ci qurultayında bolşeviklər tərəfindən kəskin tənqid olunub. N.Nərimanov noyabr ayının 9-da yenidən Azərbaycan İnqilab Komitəsinin sədri kimi təsdiq edilsə də, bu Komitənin təbliğat və fəaliyyət şurasına ümumi siyasi rəhbərlik O.Orconikidzeyə tapşırılıb.
Zaqafqaziyada mövcud gərgin ictimai-siyasi vəziyyəti obyektiv təhlil edib həqiqəti deyən N.Nərimanovun siyasi düşmənləri onu “Milli təmayülçülükdə” günahlandırmağa və onun xalq arasındakı yüksək nüfuzunu ləkələməyə çalışıblar. Ermənilər və onların əlaltıları onun respublika rəhbərliyindən uzaqlaşdırılmasına nail olublar. Bu xainlər N.Nərimanovun SSRİ MİK sədrlərindən biri seçilməsi şansından hiyləgərcəsinə istifadə ediblər və Nəriman Nərimanov ömrünün axırına kimi Moskvada işləməli olub.
1925-ci il martın 19-da SSRİ MİK-in sədri Nəriman Nərimanov Moskvada hökumət nümayəndələri ilə görüşdən bir neçə saat sonra müəmmalı şəraitdə dünyasını dəyişib və Qızıl Meydanda Kreml divarları yanında dəfn olunub. Onun vəfatı ilə əlaqədar olaraq ölkənin bütün dövlət idarələrində iş dayandırılıb. Martın 23-də dəfn günü həm də matəm günü elan edilib. Həmin gün SSRİ-nin hökumət binalarında, hərbi və ticarət donanmasının gəmilərində dövlət bayraqları beş dəqiqəliyə endirilib. Moskva vaxtı ilə saat 13.00 da Qızıl Ordunun bütün qarnizonlarında toplardan yaylım atəşi açılıb. Qızıl Meydanda Kreml divarı yanında dəfn edilən N.Nərimanovun matəm mitinqində M.İ.Kalininin dedikləri bu ölümün “sui-qəsd” olduğunu təsdiqləyir: “N.Nərimanov yoldaşın şəxsində biz öz doğma partiyamızın sıralarındakı bir yoldaşımızı və dostumuzu dəfn edirik. Onun şəxsində Qızıl Meydan Şərq xalqlarından birinci qurbanı öz ağuşuna alır”. Heç şübhəsiz o, N.Nərimanovu əbəs yerə qurban adlandırmayıb.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU Professor