Vüqar Qədirov: “Son vaxtlar Ermənistan öz xarici siyasət kursundan imtina etməyi düşünən kimi görünür”
Erməni təbliğatı son günlər belə bir ideyanı gündəmə gətirib ki, guya Azərbaycan xarici siyasətdə Rusiyaya üstün meyllənmə siyasəti aparmağa hazırlaşır və yaxınlarda bu reallaşacaq. Məqsəd nə ola bilər? Yoxsa bununla son vaxtlar Qərbdə Azərbaycanın xeyrinə Qarabağ çözümü danışıqlarının qarşısını kəsməyi düşünürlər?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, erməni təbliğatının bu şayiəni yayması təsadüfi deyil: “Artıq onlar çıxılmaz durumla üz-üzədirlər. Çünki Dağlıq Qarabağla bağlı məsələdə dünya birliyini aldatmaq kimi imkanları qalmayıb. Proses dalana dirənib və dəyişən dünya reallıqları fonunda bu vəziyyət nə Rusiyaya, nə də Qərbə sərf edir. Artıq bütün tərəflərin davranışında Qarabağ problemini nizama salmaq istəyi nəzərə çarpır. ABŞ-dan olan həmsədrin 6 bəndlik açıqlaması da buna sübutdur. Bəli, ermənilər görür ki, bu məsələdə ABŞ və Qərb fəallıq göstərir. Buna görə də Azərbaycanın tam Rusiyaya doğru meyllənməsilə bağlı yalan məlumatlar dərc edirlər ki, ölkəmizi həmin dairələrin gözündən salsınlar. Azərbaycan öz siyasi kursuna sadiqlik nümayiş etdirir. Biz hər zaman balanslı xarici siyasət yürütmüşük. Həm Qərblə, həm də Rusiya ilə eyni məsafədə qalmışıq. Ermənistan kimi heç bir ölkənin forpostu olmamışıq. Azərbaycanın xarici siyasətində hansısa qütbə doğru ifrat meyllənmə nəzərə çarpmır. Bu ağ yalandır. Əksinə, son vaxtlar Ermənistan öz xarici siyasət kursundan imtina etməyi düşünür kimi görünür. Hiss edir ki, onun belə sərt manevrləri Rusiyanı qəzəbləndirir. Azərbaycanın xarici siyasətində Rusiyaya doğru kəskin istiqamət götürdüyünü sübut edən hər hansı bir dəlil ortada yoxdur. Ancaq Ermənistanın həm KTMT üzvü olması, həm də NATO təlimlərində iştirakı, eləcə də Avrasiya İttifaqının üzvü ola-ola Avropa ilə Assosiasiya Sazişi imzalmağa hazırlaşması onun sabitqədəm olmadığını göstərir. Tez-tez manevrlərə alışıq olan ermənilər öz adlarını bizə qoymaqla bizi bəzi dairələrin gözündən salmaq istəyirlər. Biz yaxın vaxtlarda Qarabağ probleminin həlli istiqamətində dönüşün şahidi olacağıq. Bu olmasa da, Azərbaycan Ordusu tez bir zamanda torpaqları azad etmək əzmindədir”.
Məhəmmədəli QƏRİBLİ