Elşən Həsənov: “Son 30 il ərzində onlar Azərbaycanda bir neçə terror aktı törədiblər”
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluğa qarşı mübarizə istiqamətində davam edən araşdırmalar zamanı ölkə hüdudlarından kənarda silahlı münaqişələr, terror aktları törədən dini ekstremist, terror təşkilatına qoşulub həmin təşkilatdan maliyyə vəsaitləri qəbul etmiş Azərbaycan vətəndaşı Cavadov Yaşar Oqtay oğlunun odlu silah və partlayıcı maddələr əldə etməsi, dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlıq hərəkətləri müəyyən edilib.
DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, faktla bağlı DTX-də başlanmış cinayət işi üzrə 2017-ci il avqustun 27-də İsmayıllı şəhəri ərazisində həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri zamanı Yaşar Cavadov saxlanmasına silahlı müqavimət göstərərək, xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açıb, cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib.
Axtarışlar zamanı xaricdə fəaliyyət göstərən terror təşkilatının maliyyələşməsi prosesinə aid, habelə iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilib.Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Göründüyü kimi, zərərsizləşdirilən şəxsin ölkədə terror aktı törətmək istəməsi müəyyən edilib. Bu işdə ermənilərin də marağı ola bilərmi?
Təhlükəsizlik qurumlarının sabiq əməkdaşı Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, həmin hadisə ilə bağlı məlumata malikdir: “DTX bu barədə rəsmi məlumat yaydı. Terror törətmək istəyən şəxsin əməliyyat zamanı silahlı müqavimət göstərməsi onun təhlükəlilik dərəcəsindən xəbər verir. Rəsmi məlumatda, həmçinin, bildirilir ki, həmin adamın dini təşkilatlarla bağlılığı olub. Yəni ilkin versiya kimi dini faktor ortaya çıxır. Biz bununla bağlı konkret nəsə söyləyə bilmərik. Çünki hazırda zəruri istintaq hərəkətləri davam etdirilir. Ancaq ümumi kontekstdə deyə bilərik ki, hazırda Azərbaycanın yürütdüyü müstəqil siyasət bir çox beynəlxalq güclərə sərf etmir. Bu baxımdan da Azərbaycanı bir çoxları hədəf seçmək istəyir ki, daxildəki stabillik pozulsun. Göründüyü kimi, Azərbaycan xüsusi xidmət orqanlarının ayıq-sayıqlığı buna imkan vermir. Erməni versiyasına gəldikdə isə, biz bunu heç vaxt kənara qoymamalıyıq. Çünki onlar bizimlə müharibə şəraitində olan düşmən ölkədir. Ermənilər həmçinin terrora meylli millətdir. Onların yaratdıqları terror təşkilatları bütün dünyanı qana boyayıb, lərzəyə salıb. Son 30 il ərzində onlar Azərbaycanda bir neçə terror aktı törədiblər. Bunlar söz olaraq deyilmir. İstintaqla sübuta yetirilib. Bu baxımdan da biz özümüzə qarşı hazırlanan məkrli əməllərdə erməni izini daha dəqiq araşdırmalıyıq. Çünki onlar hətta dindar qiyafəsinə belə girib bizə qarşı təxribat törətmət istərlər”.
Məhəmmədəli QƏRİBLİ