Elşən Mustafayev: “Sarkisyanın dedikləri düzdürsə, həmin qadağa indi də gündəmdə olmalıdır”
Ermənistan prezidenti Serj Sarkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib. Sarkisyan həmin suala cavab verdikdən sonra payızda Ermənistanın Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə saziş imzalayacağından danışıb: “Payızda imzalayacağıq. Onu imzalamamaq üçün səbəbimiz yoxdur”.
Sarkisyan onu da qeyd edib ki, bəzi xarici KİV-lər 2013-cü ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması barədə qərarın “bir gecədə qəbul edildiyini bildirirlər, bu isə əsassız və sadəcə gülməlidir”.
Onun sözlərinə görə, 2013-cü ildə Ermənistan həm AİB, həm də Aİ ilə danışıqlar aparırdı.
“Əvvəlcə hər iki birlik bildirirdi ki, biri digərinə mane olmur. Lakin Aİ bildirəndə ki, mane olur, bizə nə etmək qalırdı ki?” – İrəvanın AİB-yə daxil olmaq barədə qərarını şərh edərkən Sarkisyan deyib.
Göründüyü kimi, Sarkisyanın daha bir ziddiyyətli fikri üzə çıxır. Deyir sentyabrda Aİ ilə saziş imzalayacağıq, onu da deyib ki, 2013-də həm Avrasiya İttifaqı, həm də AI ilə danışıq apardıq, Aİ bizə dedi ki, eyni vaxtda ikisinə üzv olmaq olmaz və biz Avrasiya Birliyini seçdik. O zaman indi necə Aİ ilə yaxınlaşır? Belə çıxır ki o zaman dedikləri yalanmış?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Sarkisyan bu məsələdə ağ yalan danışır: “Məsələ burasındadır ki, Ermənistanın Rusiyanı Qərbə dəyişmək niyyəti Kremldə xoş qarşılanmır. İndiyə qədər bu xüsusda Ermənistana edilən xəbərdarlıqlar işə istənilən nəticəni verməyib. Elə buna görə də Moskvanın konkret cəza tədbirlərinə keçməsi istisna olunmur. Həmin cəza tədbirlərindən biri Ermənistanın iqtisadi müstəvidə yaşadığı problemlərin dərinləşdirilməsidir. Məsələn, Rusiyadan Ermənistana satılan qazın qiymətində dəyişiklik edilməsi İrəvan çox ciddi zərbə deməkdir. Eyni zamanda Rusiyada sayı iki milyondan yuxarı olan erməni miqrantlara qarşı sərt addımlar atılması da İrəvana böyük problemlər yaşada bilər.
Hələlik, bütün bunlara rəğmən, Ermənistan Rusiyanı Qərbə dəyişməkdə israrlı olduğunu göstərir. Məsələn, artıq məlumdur ki, Ermənistan bu ilin payızında Avropa İttifaqı ilə əhatəli və genişlənmiş əməkdaşlığa dair razılaşma imzalayacaq. Cari ilin noyabrında Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti zamanı imzalanması gözlənilən razılaşma artıq tam hazırdır. Ancaq onun mətni açıqlanmır. Bu arada xatırladaq ki, hələ 2013-cü ildə Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" təşəbbüsü çərçivəsində assosiasiya razılaşmasını imzalamağın bir addımlığında olanda Rusiya Ermənistanın bu istəyinə sərt reaksiya verdi. Bundan ehtiyatlanan Ermənistan assosiasiya razılaşmasından imtina edib Avrasiya İttifaqına daxil olmağa qərar verdi. Amma İrəvan bəyan edir ki, ötən dövr ərzində Avrasiya İttifaqından gözlədiklərini ala bilməyib. İndi bu fonda yenidən üzünü Avropa İttifaqına tutur. Özü də Aİ ilə yeni razılaşmanın əsas lobbiçisi qismində Sarkisyanın yaxın ətrafı çıxış edir. Bəzi erməni analitikləri bildirir ki, Avropa İttifaqı ilə razılaşdırılan yeni sənəd hələ açıqlanmasa da, erməni və avropalı diplomatlar təsdiqləyir ki, o, 2013-cü ildə Moskvanın razılıq vermədiyi sənədə çox oxşardır. Bir daha qeyd edək ki, 2013-cü ildə Moskva məsələyə çox sərt reaksiya vermişdi. Mediada yayılan məlumatlardan belə bəlli olurdu ki, həmin ilin sentyabrında Rusiya prezidenti Vladimir Putinin qəfil zəngi ilə Serj Sarkisyan məzuniyyətini yarımçıq kəsib Moskvaya gəlməli olmuşdu. Novo-Oqaryovoda Putinlə görüşəndən sonra mətbuat konfransında Sarkisyan elan etmişdi ki, Ermənistan assosiasiya sazişindən imtina edib, Avrasiya İttifaqına qoşulmağı qərara alıb. Göründüyü kimi, tarixi faktlar da Sarkisyanın yalan danışdığını sübut edir. Çünki həmin vaxt Sarkisyan deyilən addımı Rusiyadan qorxduğu üçün atıb və orada qurumların birinə üzv olmağın digərinə mane olması haqda nəsə danışılmayıb. Sarkisyanın dedikləri düzdürsə, həmin qadağa indi də gündəmdə olmalıdır”.
Məhəmmədəli QƏRİBLİ