Ağa Seyidli: “Erməni katolikosu əvvəlki kimi davranacaqsa…”
Bütün Rusiyanın və Moskva patriarxı Kirillin təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və bütün ermənilərin katolikosu II Qaregin arasında görüşdə müzakirə olunacaq bəzi məsələlər məlum olub.
Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 7-də Moskvaya yola düşəcək. Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.
Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.
QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər.
Qeyd edək ki, əvvəllər də dini liderlərin bu formatda görüşləri keçirilib. Erməni katolikos həmin formatda keçirilən görüşlərdə sülhdən, əminamanlıqdan danışsa da, sonradan zorakılığı, müharibəni təbliğ edən bəyanatlar səsləndirib. Katolikosun indiyə qədər nümayiş etdirdiyi davranışlarını ikiüzlülük kimi dəyərləndirə bilərikmi?
Ekspert Ağa Seyidli qəzetimizə bildirdi ki, əslində, dini liderlərin hansısa münaqişənin nizama salınması ilə bağlı təmasları normaldır: “Biz dünya praktikasından da şahid olmuşuq ki, düyünə düşən məsələləri dini liderlərin vasitəsi və ya səyi ilə həll edirlər. Belə cəhdlər Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı olub. Bizim dini liderlərimiz arasında çoxsaylı görüşlər keçirilib. Ən maraqlısı isə budur ki, erməni katolikoslar həmin görüşlərdə əsl din adamı kimi danışır, ancaq sonrakı mərhələdə erməni işğalına haqq qazandırır. Əksər hallarda isə, Ermənistanın işğalçı mövqeyini müdafiə edən bəyanatlar verməklə yadda qalırlar. Biz dəfələrlə katolikosların ölkəmizdə qıcıq yaradan açıqlamaları ilə tanış olmuşuq. Bilirsiniz ki, heç bir səmavi din işğalı, zorakılığı, insanların qətlə yetirilməsini qəbul etmir. Həmin əməllər günah sayılır. Onda niyə bir dəfə də olsun həmin erməni dini liderlər ermənilərin işğal faktını və başqa günah əməllərini pisləyən bəyanat verməyib? Eşitmisiniz ki, hansısa katolikos erməniləri işğal etdiyi torpaqlardan geri çağırsın? Olmayıb! Bu səbəbdən də belə formatda keçirilən görüşlərdə katolikosa onun dindardan çox, siyasətçiyə uyğun gələn zərərli davranışları mütləq xatırladılmalıdır. Erməni katolikosu əvvəlki kimi davranacaqsa, onda biz belə görüşlərdən heç bir nəticə əldə edə bilmərik”.
Məhəmmədəli QƏRİBLİ