Fikrət Sadıqov: “Bütün hallarda, Ermənistan bu məsələdən narahatdır və Sarkisyan çalışır ki, öz ictimaiyyətini yenidən aldatsın”
Ermənistan prezidenti Serj Sarkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı Dağlıq Qarabağ danışıqları barədə bəzi məqamlara toxunub. Sarkisyan deyib ki. Hoqland missiyasını bitirəndən sonra sərbəst danışmağa başlayıb. Ermənistan prezidenti bildirib ki,
Hoqlandın dedikləri digər həmsədr ölkələrin iradəsini əks etdirmir, onun Putinlə görüşü ilə Minsk Qrupunda fəaliyyətini başa vuran amerikalı həmsədrin Qarabağda sülhə dair əsas prinsipləri açıqlaması arasında bağlılığın olmasına az ehtimal verir: “Hoqland postunu tərk edir və görünür, öz mövqeyini daha sərbəst statusda ifadə etmək istəyib. Əvvəllər də belə olmuşdu. Hoqlandın sözlərinə gəldikdə isə, bunlar mənim üçün yenilik deyil. Bunlar ümumi yanaşmadır. Həmin bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən sözün, vergülün də mühüm əhəmiyyəti var”.
Bütün hallarda, Sarkisyan Hoqland missiyasını bitirəndən sonra sərbəst danışmağa başlayıb deməklə onun son dediklərinin Minsk Qrupunun mövqeyi kimi qəbul olunmasını inkar etmək istəyir. Belə olan halda, sual yaranır, həqiqətənmi həmsədrlər HHoqlanddan fərqli düşünür? Axı nəzərə almaq lazımdır ki, onlardan Hoqlandın bu açıqlaması ilə bağlı heç bir təkzib gəlmədi. Üstəlik, ABŞ-ın Ermənistandakı səfiri də Hoqlandın dediklərini təsdiqlədi. Bir cözlə, bütün dünya qəbul edir ki, Hoqlandın dedikləri bütün həmsədr ölkələrin iradəsini ifadə edir, Sarkisyan icə iddia edir ki, bu, həmsədrlərin hamısının mövqeyi deyil. Aşkar görünür ki, küncə sıxılmış Sarkisyan yalana əl atır.
Maraqlıdır, sözügedən məsələyə ekspertlərin münasibəti necədir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, həmsədrlər Hoqlanddan fərqli düşünsəydilər, buna reaksiya verərdilər: “Nəzərə almaq lazımdır ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olsa da, hər halda, aparıcı dövlətlərdən biridir. Bir sıra münaqişələrin idarə olunmasında və hansısa nəticənin əldə olunmasında böyük rol oynayır. Ona görə də Hoqlandın bu açıqlamaları Ermənistan siyasi elitasına gözlənilməz zərbə kimi səsləndi. Görünür, bu açıqlama onları narahat edib. Bu səbəbdən Sarkisyan belə açıqlama ilə çıxış edib. Onu da qeyd edim ki, ola bilsin bu, ABŞ-ın mövqeyidir, Hoqlandın şəxsi mövqeyi deyil. Bu, Dövlət Departamentinin mövqeyidir. Bununla yanaşı, biz nəyi görürük? Biz onu görürük ki, digər həmsədrlər buna etiraz etmədilər. İndi razıdırlar, razı deyillər, artıq bu başqa məsələdir. Hər halda, reallıq ondan ibarətdir ki, buna etirazların bildirmədilər. Görünür, həmsədrlər bu məsələ ilə bağlı müəyyən müzakirələr keçiriblər. Bütün hallarda, Ermənistan bu məsələdən narahatdır və Sarkisyan çalışır ki, öz ictimaiyyətini yenidən aldatsın. Yəni sözügedən prinsipləri gözardı etmək istəyir. O üzdən, Hoqlandın səsləndirdiyi fikirlərə müxtəlif don geydirir”.
Vidadi ORDAHALLI