Məhəmməd Əsədullazadə: “Onun ritorikası vəziyyəti mürəkkəbləşdirir”
Ermənistan prezidenti Serj Sarkisyan hər vəchlə Dağlıq Qarabağla bağlı aparılan danışıqlar prosesini sabotaj etməyə çalışır. Hər dəfə danışıqlarda real nəticənin əldə olunmasını əngəlləmək üçün müxtəlif alladıcı reveranslar edərək prosesləri yanlış istiqamətə yönəldir. O növbəti dəfə bunu bir daha sübut etdi.
Məsələ ondadır ki, Ermənistan prezidenti S.Sarkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib. Bununla bağlı iştirakçılardan biri Sarkisyana sual verib ki, Putinlə Soçi görüşündə qoşunların təmas xəttində müşahidə mexanizmlərinin yerləşdirilməsini müzakirə etdinizmi? Sarkisyan buna cavab verib ki, Putinlə nəinki Qarabağda sözügedən məsələni müzakirə etməyib, eləcə də, ümumiyyətlə, Qarabağ problemi barədə müzakirə aparmayıb. “Biz, ümumiyyətlə, bu barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq bir neçə kəlmə ilə hazırda təmas xəttində hökm sürən vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Vəssalam. Biz bu cür məsələ müzakirə etmədik”.
Belə olan halda, istər-istəməz, ortaya sual çıxır, bəs onda ora nəyə getmişdi? Ölkənin bir nömrəli problemi münaqişə deyil?
Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti S.Sarkisyanın görüşündə əsasən ikitərəfli siyasi-iqtisadi və hərbi əlaqələr, ən başlıcası isə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib. Sarkisyanın Soçi görüşündə Qarabağla bağlı heç bir müzakirə olmayıb kimi açıqlamaları daxili siyasi manipulyasiya üçün hesablanıb. Özünü güzəştsiz və sərt xətt yürüdən tərəf kimi xarakterizə etmək istəyir. Halbuki, Soçidə bir daha Qarabağ münaqişəsi masaya yatırılıb, həm də burada Rusiyanın rolunu artırmaq müzakirə predmeti olub. Çünki Rusiya çalışır ki, status-kvo qorunsun, regionda erməniləri silahlandırmaqla hərbi pariteti saxlasın. Sarkisyan daim cəfəng fikirlər söyləyir və sonradan dediklərini özü inkar edir. Qarşıda Qarabağla bağlı danışıqlar prosesi gözlənir. Bu danışıqlarda Azərbaycan nəticə gözləyir. Ermənistan tərəfi danışıqlarda yenidən vaxt uzatsa, cəbhədə təzyiqlər davam edəcək. ABŞ da mərhələli həll planı ortaya qoyub. Danışıqlar bu aspektdə aparılmalıdır. Sarkisyanın ritorikası vəziyyəti mürəkkəbləşdirir”.
Vidadi ORDAHALLI