Seyid Camal Əzimbəyli: “Çünki “Yehovanın şahidləri” son günlər Bakı şəhərində, Gəncədə və...”
Məlum olduğu kimi, Rusiyada “Yehovanın şahidləri” beynəlxalq dini təşkilatının fəaliyyəti qadağan olunub. Belə ki, Rusiya Ədliyyə Nazirliyi “Yehova şahidləri” təşkilatını qanunsuz təşkilatlar sırasına daxil edib. Təşkilat Rusiya Ali Məhkəməsinin 20 aprel hökmünə əsasən ekstremist təşkilatlar siyahısına salınıb.
“Yehovanın şahidləri” ekstremizmə görə ləğv edilən təşkilatdır. Təşkilatın fəaliyyəti insan hüquqları, ictimai maraqlar, o cümlədən ictimai təhlükəsizlik üçün təhdiddir.
Qərardan sonra Sankt-Peterburq yaxınlığındakı yerli baş ofisi bağlanacaq, təşkilatın 400-ə yaxın qeydiyyatdan keçmiş yerli dini icması ləğv olunacaq. Ümumilikdə, 2300-dən çox yığıncağın fəaliyyəti dayandırılacaq, filial binaları və ölkənin hər yerində yerləşən ibadət evləri dövlət tərəfindən müsadirə ediləcək.
Məlumat üçün qeyd edək ki, Rusiya “Yehovanın şahidləri” ilə mübarizəyə 2004-cü ildən başlayıb. Həmin il təşkilatın rəsmi qeydiyyatı ləğv edilib. Lakin beynəlxalq təşkilatların tənqidi ilə dini icma 2010-cu ildə yenidən qeydiyyatdan keçməyə müvəffəq olub.
Rusiyanın bu addımından sonra sözügedən təşkilatın fəaliyyəti Azərbaycanda da qadağan edilə bilərmi? “Yehovanın şahidləri” icması 2002-ci ildə rəsmi qeydiyyatdan keçib. Lakin azyaşlıların dini təbliğata cəlb edilməsi, qanunsuz toplantıların keçirilməsi nəzərə alınaraq, 2009-cu ildə qeydiyyat ləğv edilib. Buna baxmayaraq, təşkilat fəaliyyətini davam etdirir.
Yehovaçılar 15 prinsipə əməl edirlər - təriqət üzvlərinə hərbi xidmətə getmək, bayrağa and içmək, himn söyləmək, gəliri olduğu halda vergi vermək, onlardan olmayan birisi ilə ailə qurmaq, bayramlara, şənliklərə qatılmaq qadağandır.
Məsələn, 2014-cü ilin yanvar çağırışı dövründə “Yehovanın şahidləri” icmasının üzvü olan 5 gənc dini əqidəsini əsas gətirərək hərbi xidmətə getməkdən imtina etmişdi. Ümumilikdə, indiyədək müxtəlif ölkələrdə 18 min yehovaçı hərbi xidmətdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb edilib.
Ümumilikdə, Rusiyada olduğu kimi, Azərbaycanda da “Yehovanın şahidləri” təşkilatının fəaliyyəti qadağan oluna bilərmi? Buna münasibət necədir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Azərbaycanda da bununla bağlı zəruri tədbirlər görülməsə, gələcəkdə bunun fəsadları ola bilər: “Çünki “Yehovanın şahidləri” son günlər Bakı şəhərində, Gəncədə və digər regionlarda belə çox aktivləşməyə başlayıb. Hətta mənim qapımı belə döyüb kitab təqdim edirlər. Yəni Azərbaycan milli kimliyinə, dövlətinə, bizim milli mənafeyimizə zidd ideoloji fəaliyyətlə məşğuldurlar. Nəinki Rusiyada, digər fərqli ölkələrdə də onların zərərli fəaliyyətinə qadağa qoyulub. Azərbaycanda tolerantlıq, xoşgörü o qədər yüksək səviyyədədir ki, artıq biriləri həyasızcasına bu tolerantlıqdan sui-istifadə edərək bizim dövlət maraqlarımızın ziddinə fəaliyyət göstərirlər. Hesab edirəm ki, bunların fəaliyyəti vaxtında zərərsizləşdirilməsə, o zaman biz gecikə bilərik. Ona görə də bu istiqamətdə vaxt itirmədən zəruri tədbirlər görülməlidir. Çünki belə olmasa, gələcəkdə çox ciddi problemlərlə üzləşə bilərik”.
Vidadi ORDAHALLI