Fikrət Sadıqov: “Aralıq müddət ərzində Ermənistanın elan edilən maddələri qəbul etməsi istiqamətində iş aparılacaq”
ABŞ-dan olan həmsədrin açıqladığı 6 bəndlik həll planı ciddi rezonans doğurub. Ekspertlər hesab edir ki, həmin maddələr “mərhələli həll” planının təkib hissəsidir. Qeyd edək ki, Azərbaycan həmin istiqamət üzrə danışıqların aparılmasına razılıq ifadə edib. Yayınan isə ermənilərdir. Hoqlandın açıqladığı şərtlərdən bu nəticəni çıxarmaq olarmı ki, Ermənistanı prezidentlərin nəzərdə tutulan görüşünə kimi həmin planı qəbul etməyə məcbur etmək istəyirlər?
Politoloq Fikrət Sadıqov hesab edir ki, gedən proseslərdən hansısa nəticəni gözləməyə dəyər:
“Azərbaycan dəfələrlə bəyan edib ki, konkret nəticə olmayacağı təqdirdə danışıqlar xatirinə danışıqlara getmək istəmir. Həmsədrlər isə hər zaman ehtiyatlı bəyanatlar verməklə məşğul olublar. Onların səsləndirdiyi bəyanatların məğzi ümumi sözlərdən ibarət olurdu. İndi isə vəziyyət tamamilə fərqlidir. Hoqıland danışqlarda müzakirə olunacaq bəndləri açıqlayır. Göründü ki, həmin prosesə mane olan Ermənistandır. Çünki amerikalı həmsədrin Qarabağa dair 6 maddəlik planı münaqişənin ədalətli həll modelinə çox yaxındır.
Azərbaycan hər zaman bəyan edib ki, “mərhələli həll” planının tərəfdarıdır. Amerikalı həmsədrin Dağlıq Qarabağla bağlı bəyanatında “mərhələli həll” planı öz əksini tapıb. Bəyanatda işğal olunmuş torpaqların azad olunması və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların davam etdirilməsi vurğulanır. Düşünürəm ki, bu, Hoqlandın şəxsi fikri deyil, birbaşa ABŞ-ın mövqeyidir. Bildiyiniz kimi, ABŞ-ın yeni rəhbərliyinin bir sıra münaqişələrə yanaşması kifayət qədər praqmatikdir. Çox güman ki, həmsədrlərin dəyişməsindən asılı olmayaraq, bu mövqe öz aktuallığını bundan sonra da qoruyacaq”.
F.Sadıqovun fikrincə, ATƏT-in Minsk Qrupunun digər həmsədrləri də ABŞ-ın mövqeyini yekdilliklə qəbul etməlidir: “Çünki onların razılığı prosesə yeni nəfəs verə bilər. Sentyabrda BMT-nin Nyu-Yorkda keçiriləcək sessiyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də görüşü gözlənir. Danışıqlarda 6 maddəlik həll variantı gündəmə gələrsə, proses canlanacaq. Bu isə avtomatik olaraq prezidentlərin növbəti görüşünü labüd edəcək. Bu səbəbdən də aralıq müddət ərzində Ermənistanın elan edilən maddələri qəbul etməsi istiqamətində iş aparılacaq. Hətta güman edirəm ki, ona ciddi təzyiq də göstərilə bilər”.
Məhəmmədəli QƏRİBLİ