Yeganə Hacıyeva: “Onun açıqlaması ölkəsinin yürütdüyü siyasətin ruhuna uyğun deyil”
ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills həmin ölkənin mətbuatına verdiyi açıqlamada bildirib ki, rəsmi Vaşinqton Ermənistanın suveren qərarlar qəbul edə bilməsində maraqlıdır. Mills bunun həlli yolu ilə bağlı bir ideya da irəli sürüb. O, bildirib ki, ABŞ Ermənistanın hansı iqtisadi və siyasi kurs üzrə hərəkət edəcəyini bilmək istəyir: “Təbii ki, ölkənin seçəcəyi kurs bizim üçün maraqlıdır. Bunun üçün Ermənistan xaricdən edilən təzyiqlərə sinə gərməyi də bacarmalıdır”.
Maraqlıdır ki, Mills bu xüsusda ABŞ-ın Ermənistan ordusuna dəstək verməsini təklif edir. Bu fikrini də belə əsaslandırır ki, Ermənistan ordusu güclü olarsa, həmin ölkə suveren qərarlar verə bilər.
Səfirin bu açıqlaması bir sıra sualların çıxmasına əsas verir. Maraqlıdır, Mills Ermənistanın işğalçı ölkə olduğunu bilmir? Bilirsə, işğalçının ordusunun gücləndirilməsini niyə istəyir? Belə bir mövqe Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan həmsədr bir ölkənin mənafeyinə nə dərəcədə uyğundur?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ səfinin mövqeyi doğrudan da ziddiyyətli və anlaşılan deyil: “Etimal edirəm ki, bu mövqeni Ermənistan mətbuatı təhrif edə bilər. Çünki biz praktikada bənzər hallarla çox rastlaşmışıq. Yox, səfir məhz deyilən məzmunda açıqlama veribsə, bu onun ölkəsinin tutduğu kursa uyğun deyil. Bilirsiniz ki, ABŞ son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində ciddi addımlar atır. Həmin ölkəni təmsil edən Hoqlandın verdiyi səlist açıqlamalar buna misaldır. Belə bir məqamda Millsin ziddiyyət doğuran mövqeyi anlaşılan deyil. Səfir Ermənistana təzyiqlərin azaldılmasını və ya başqa ölkənin təsirinin yoxa çıxmasını istəyirsə, təbii ki, ilk növbədə həmin statusda Rusiyanı nəzərdə tutur. Çünki Ermənistanı hazırda ciddi təsir altında saxlayan məhz Rusiyadır. Mills bəyəm bilmir ki, Ermənistan ordusunun gücünü 1000 dəfələrlə çoxaldsalar belə, Rusiyaya alternativ və ya onu hesaba almayan düzəldə bilməzlər? Təbii ki, bilir. Onda isə niyə belə danışır? Bununla ABŞ səfiri Ermənistanı həvəsləndirmək istəyir ki, NATO istiqamətində etdiyi manevrləri davam etdirsin. Ancaq ABŞ o gücdə deyil ki, Ermənistan ordusundan Rusiyaya qarşı alternativ düzəltsin. Həmsədr ölkə kimi ABŞ bilir ki, Azərbaycan torpaqlarının 20 faizini məhz erməni ordusu işğal altında saxlayır. Belə bir azğın işğalçı ordunu gücləndirməklə ABŞ onları əlavə işğaıllara sövq etdirir? Hesab edirəm ki, Millslə bağlı məsələyə mütləq aydınlıq gətirilməlidir. Çünki onun açıqlaması ölkəsinin yürütdüyü siyasətin ruhuna uyğun deyil”.
Məhəmmədəli QƏRİBLİ