Daşdəmir Əliyev: “Həmin ölkənin deyilən təlimlərə cəlb olunması ağlasığmaz görünür”
Rusiya Ermənistanı öz yedəyində sürümək kimi siyasətini davam etdirir. Ermənistan mətbuatının verdiyi xəbərə görə, indi də Rusiya onları Suriyada mina təmizləməyə aparmaq istəyir. Həmin məlumat Rusiya Müdafiə Nazirliyinin rəsmisi Aleksandr Nikforova istinadən yayılıb.
General bildirib ki, Rusiya hazırda Suriyanı minalardan təmizləmək üçün beynəlxalq koalisiya yaradır və Ermənistanla Serbiyanı da ora daxil etməyi planlaşdırır: “Biz belə məzmunlu dəvəti İran, Misir, BƏƏ, Türkiyə, Serbiya və Ermənistana göndərdik. Yalnız Ermənistanla Serbiyadan müsbət cavab aldıq”.
Çox maraqlıdır, Rusiya Ermənistanın minaların təmizləməsilə bağlı hansı təcrübəsinə əsaslanaraq belə dəvəti ona ünvanlayıb?
Ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, bu məsələdə doğrudan da ziddiyyətli məqam var: “Ermənistan ərazisini indiyə qədər heç bir ölkə minalamayıb ki, onların bu istiqamətdə ciddi təcrübəsi olsun. Bilirsiniz ki, Ermənistan hərbi əməliyyatlarının çoxunu Azərbaycan ərazisində aparıb. Dağlıq Qarabağ münaqişəsi başlayandan həmin ölkə işğal altında saxladığı bizim torpaqları minalamaqla məşğuldur. Yəni tam məsuliyyətilə demək olar ki, sözügedən ölkə mina təmizləmək deyil, onu basdırmaq üzrə ixtisaslaşıb. Bu baxımdan da həmin ölkənin deyilən təlimlərə cəlb olunması ağlasığmaz görünür. Azərbaycan zaman-zaman işğal olunan torpaqlarını azad edərkən biz ermənilərin həmin ərazilərdə nə qədər mina basdırdığının şahidi olmuşuq. Yəni təcrübəyə qalsa, bizim bu istiqamətdə səriştəmiz daha çoxdur. Əminəm ki, Rusiya Ermənistanı öz əlaltısı kimi ora salıb. Onu müəyyən təlimlərə cəlb etməklə, yanında saxlamaq istəyir. Son vaxtlar görürsünüz ki, Ermənistan NATO-ya doğru da meyllənmək istəyir. Bu səbəbdən də Rusiya ona qarşı bir qədər də tələbkar davranır. Yadınzdadırsa, bundan əvvəl də Rusiya Ermənistanı Suriyada sülhyaratma missiyasına cəlb etmək fikrinin olduğunu açıqlamışdı. Ermənistan və mina təmizləmək təcrübəsi isə bir-birilə ziddiyyət təşkil edir. Bunu heç bir təcrübə ilə əsaslandırmaq olamaz. Yalnız Rusiyanın əlaltısı kimi ora-bura sürünmək kimi versiya daha ağlabatan görünür”.
Məhəmmədəli QƏRİBLİ