Son günlərdə İran və İsrail arasında münasibətlərin yenidən gərginləşməsi müşahidə olunmaqdadır. Özü də bu o vaxt baş verir ki, ABŞ İrana qarşı hərbi ritorikasını daha kəskin hala gətirir. Proseslərin gedişi göstərir ki, bu vəziyyətdə İranın ona qarşı aqressiv mövqe sərgiləməsindən ehtiyat edən İsrail də Tehranla münasibətlərini hərbi müstəvidə gözdən keçirməyə hazırlaşır.
İsraili narahat edən başlıca məqam İranın Suriyada gedərək möhkəmlənməsidir. İsrail hakimyyəti hesab edir ki, Suriyada möhkəmləndikdən sonra İran Təl-Əvivə qarşı yeni hücum cəbhəsi qazanacaq. İsrailin baş naziri Benyamin Netanyahu da bildirir ki, İran İsrailə qarşı müharibəyə başlamaq niyyətindədir. Onun sözlərinə görə, İran hazırda Suriyada İŞİD terror təşkilatından təmizlənən yerlərə öz qruplaşmalarını yerləşdirir. Netanyahu İranın bu addımlarının bölgə və ölkəsi üçün böyük təhdid olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Benyamin Netanyahu İranın bu səpkidə fəaliyyətindən Rusiya prezidenti Vladimir Putinə də şikayət etmişdi. İsrailin baş naziri Putinə Suriyada İŞİD-in mövqelərinin İranın əlinə keçdiyini bildirib. Ancaq hadisələrin gedişatı göstərir ki, elə Rusiyanın yardımı ilə İranın nəinki Suriyada, həm də İraq, Yəmən və Livanda mövqeləri güclənib. İsrail hələ ki, bu prosesin qarşısını ala bilmir.
Amma İsrailin müdafiə naziri Aviqdor Liberman qeyd edir ki, ölkəsi İranın Suriyada dəniz və aviasiya bazaları yaratması cəhdləri ilə barışmayacaq: “Söhbət burada İranın Suriyada bazalar yaratmasından, Livan ərazisində yüksək dəqiqliyə malik silahların istehsalından gedir. Biz bununla barışmayacağıq”. İsraili narahat edən digər məqam İranın, Ruisya ilə yanaşı, Suriya ilə də yaxınlaşmasıdır. Xatırladaq ki, tərəflər artıq PKK-ya qarşı birgə mübarizə üçün razılıq əldə edib. İsraildən olan ekspert Martin Şerman bunu ölkəsi üçün təhlükə sayır və bildirir ki, Kürdüstan dövlətini yaratmaq üçün Tehran və Ankaranı bir-birindən uzaqlaşdırmaq lazımdır: “İran və Türkiyənin Kürdüstandakı referenduma qarşı birləşmsi İsrail üçün çox qorxuludur. Doğrudur, İran-Türkiyə əlaqələri İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərə yaxşı təsir edə bilər, amma bu həm də İranın müstəqil fəaliyyətini artırmaq imkanına sahibdir”. Amma yaranmış vəziyyətdə İsrail təkbaşına İrana qarşı çıxa bilməyəcəyini də yaxşı bilir. Elə buna görə də əsas diqqət ABŞ-ın da prosesə cəlb edilməsinə yönəlib. İsrail İrana qarşı ABŞ hərbi zərbələrinin endirilməsində maraqlıdır. Xatırladaq ki, bundan əvvəl Benyamin Netanyahu ilə görüşdə ABŞ prezidenti Donald Tramp İranı çox ehtiyatlı olmağa çağırıb. Amerika liderinin sözlərinə görə, o, İranı Yaxın Şərqin hər yerində - həm silahların çatdırılması, həm də hərbçilərin mövcudluğu formasında görür. Bunlar fonunda ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi isə vəziyyəti daha da qəlizləşdirir. İranın Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib ki, ABŞ nüvə razılaşmasını pozduğu halda, yüksək radioaktivli uran zənginləşdirilməsi prosesini bərpa etməsi üçün ölkəyə beş gün kifayət edər: “Biz 20 faiz zənginləşdirilmiş uranın istehsalını uzağı 5 günə bərpa edə bilərik. İranın ən böyük prioriteti nüvə sazişinə əməl etməkdir, lakin Tehran bunu nəyin bahasına olursa-olsun etməyəcək. Qarşı tərəf də öhdəliyinə əməl etməlidir”.
Xatırladaq ki, 2015-ci ilin iyulunda imzalanmış nüvə sazişi İranı beynəlxalq sanksiyalardan azad edir, lakin onun uranı zənginləşdirməsinə 5 faizlik limit qoyur. 20 faiz və ya daha böyük nisbətdə zənginləşdirmə İranı nüvə silahının istehsalına yaxınlaşdıra bilər. Bundan əvvəl ABŞ və BMT-nin nüvə gözətçiləri İranın sazişin şərtlərinə əməl etdiyini bildiriblər. Bununla belə, ABŞ administrasiyası vaxtaşırı İranı özünün nüvə başlığı daşıya bilən raket proqramını inkişaf etdirməklə sazişin “ruhunu” pozmaqda ittiham edir. ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert bildirib ki, Vaşinqton özünün İran siyasətini bu durumda yenidən nəzərdən keçirir. Birləşmiş Ştatlar raket sınaqları ilə əlaqədar İrana qarşı yeni sanksiyalar paketi tətbiq edib. Tehran iddia edir ki, raket texnologiyalarının inkişaf etdirilməsi ona müdafiə üçün lazımdır. İran həm də israr edir ki, onun nüvə proqramı sırf dinc məqsəd daşıyır. Amma ABŞ və İsrail məsələyə fərqli yanaşır. Elə bu da həmin ölkələr arasında hərbi əməliyyatların başlana biləcəyini istisna etmir.
Nahid SALAYEV