Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli bu gün, Azərbaycan da daxil olmaqla, konfliktin sülh müstəvisində çözümündə vasitəçilik edən dövlətlərin xüsusi diqqət mərkəzindədir. Yalnız Ermənistan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirərərək və cəbhədə təxribatlar törədərək - atəşkəsi intensiv şəkildə pozaraq bu prosesin qarşısını almağa çalışır. Özü də qarşı tərəf bu addımları hərbi cəhətdən də Azərbaycandan çox zəif olduğunu bildiyi bir halda atır.
Təhlilçilər bildirir ki, bu vaxta qədər Ermənistanın özünü belə aparmasının səbəbi hamilərinə, o cümlədən Rusiyaya, ABŞ-dakı, Fransadakı erməni lobbisinə güvənməsi olub. Amma artıq vəziyyət dəyişir və Azərbaycanla münasibətlərin inkişafında maraqlı olan, Qarabağ münaqişəsinə təsir imkanları yüksək sayılan ölkələr prosesə yanaşmalarını dəyişib. İndi onlar da Qarabağ konfliktinin dinc müstəvidə həllini vacib sayır. Münaqişənin dinc müstəvidə həlli prinsiplərinin nədən ibarət olmasını isə elə bu günlərdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland açıqlayıb. Səfirin dediklərində əsas diqqətçəkən məqam ondan ibarətdir ki, burada işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından danışılır. Həmsədrin açıqladığı sənədə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Qeyd olunur ki, bu ərazilər Azərbaycanın müstəqilliyi nəzərə alınmadan məskunlaşdırıla bilməz: “Bu ərazilər üzərində Azərbaycanın müstəqilliyi bərpa edilməlidir”. Sənədə əsasən, Dağlıq Qarabağı Ermənistana bağlayan dəhliz olmalıdır. Dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Amma bu dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz. Riçard Hoqland bildirir ki, uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququ tanınmalıdır. Sənədin Soçi şəhərində Rusiya və Ermənistan prezidentləri - Vladimir Putin və Serj Sarkisyan arasında görüşün keçirildiyi bir vaxtda dərc edilməsi isə diqqəti cəlb etdi. Digər tərəfdən, dərc edilmiş sənədin heç bir müddəası yeni xəbər deyil. Sənəd demək olar ki, “Madrid prinsipləri”nin eynisidir. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonlarının hamısı üzərində suverenliyinin tam bərpasını, Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini nəzərdə tutur. Ermənistan Xarici İşlər Nazirliyi sənədi şərh etməkdən imtina edib. Lakin oŞ erməni mediası tərəfindən təlaşla qarşılanıb. Sənədin İrəvana ciddi zərbə olduğu bildirilir. Riçard Hoqland sənədi açıqladıqdan sonra bildirib ki, həmin prinsiplər “Madrid prinsipləri”nə əsaslanmaqla beynəlxalq vasitəçilərin ümumi mövqeyini əks etdirir.
Ekspertlər vurğulayır ki, Azərbaycanın dəstəklədiyi “mərhələli həll” variantının həmsədrlər tərəfindən də dəstəklənməsi sevindirici haldır və İrəvan ümumi proseslərdən nəticə çıxarmalıdır. Digər tərəfdən, burada ən başlıcası amerikalı diplomatın statusla bağlı dediyi fikirdir, çünki münaqişənin indiyə qədər həll olunmaması məhz bu detalla bağlıdır. Amerikalı diplomatın sözlərindən belə başa düşülür ki, o, yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir. Azərbaycan buna etiraz etmir. Amma o şərtlə ki, məcburi köçkünlər öz ərazilərinə qayıtsınlar və ermənilərlə keçmişdə olduğu birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın. Yalnız bundan sonra bölgənin yekun statusu haqqında danışmaq olar. Amma İrəvan tələb edir ki, bölgənin statusunu müəyyənləşdirəcək referendum tarixi bəri başdan sülh anlaşmasında qeyd olunsun. Azərbaycan isə bununla heç bir halda razılaşa bilməz və görünən odur ki, həmsədrlər də Bakının mövqeyini dəstəkləyir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT MQ-nin amerikalı həmsədri Riçard Hoqlandın bu fonda açıqlamasına münasibət bildirərkən qeyd edir: “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının Akvil, Muskoka və Los-Kabos bəyanatlarında Helsinki Yekun Aktı əsasında münaqişənin mərhələli həllinin əsas elementləri öz əksini tapıb. Bu elementlər də yenilənmiş “Madrid prinsipləri”nin fundamental əsasını təşkil edir. ABŞ-dan olan həmsədr Riçard Hoqland tərəfindən də bu prinsiplər bir daha vurğulanıb. Biri digərini tamamlayan bu prinsiplərin ardıcıllığında ilkin addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasıdır. İşğal faktının aradan qaldırılması ilə məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi təmin olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini də yerinə yetirmir”.
E.Məmmədyarov bildirib ki, Ermənistan tərəfi bu prinsiplərin yeni olmadığını və onları qəbul etdiyini etiraf edirsə, artıq təfərrüatları müzakirə etmək üçün substantiv danışıqlara başlamaq lazımdır: “Münaqişənin həlli ilə yaranacaq əməkdaşlıq imkanlarından erməni xalqı faydalana biləcək. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədr ölkələrin dövlət başçıları səviyyəsində qəbuledilməz hesab olunan status-kvonun dəyişdirilməsi, münaqişənin tezliklə həlli və regionda davamlı sülhün təmin olunması üçün ciddi danışıqlara hazırdır”. İndi əsas məsələ Ermənistanın da status-kvonun dəyişdirilməsi üçün ciddi danışıqlara hazır olub-olmaması ilə bağlıdır. İrəvan bu xüsusda müvafiq addımlar atarsa, belə vəziyyət Qarabağ münaqişəsinin dinc yolla həllini tezliklə reallaşdıra bilər. Həmsədrlərin də bu məsələdə Azərbaycanla eyni mövqedən çıxış etməsi isə Azərbaycanın mövqelərinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir. Ermənistan bunu mütləq nəzərə almalıdır. Əks halda İrəvan həm öz təcridini dərinləşdirəcək, həm də artıq həmsədrlər də məsələnin hərb müstəvisində həllini tapmasına razılıq verməi olacaq. Rusiyalı politoloq Qriqori Trofimçuk da “1in.am” saytına müsahibəsində belə müharibənin olmasını istisna etmir. Onun sözlərinə görə, Qarabağ konflikti yenidən qızışsa, o zaman Naxçıvan istiqamətində də hərbi əməliyyatlar müşahidə oluna bilər. Ekspert Azərbaycanın Naxçıvanın önəmini çox gözəl anladığını bildirib: “Azərbaycan Naxçıvanın önəmi ilə yanaşı, onun zəif tərəflərini də gözəl anlayır. Ona görə də Bakı özünün təhlükəsizlik nöqteyi-nəzərindən doğru davranaraq Naxçıvanın müdafiəsini gücləndirir.
Regionda hərbi əməliyyatlar başlasa, Naxçıvan Cənubi Qafqazın diqqət mərkəzində olan məntəqələrindən biri olacaq. Qarabağda real müharibə başlasa, bu, böyük savaş olacaq. Sözsüz ki, belə olan halda raket zərbələrinə Ermənistan tuş gələcək. Zərbələr bütün mümkün məntəqələrdən endirilə bilər. Müharibə başlasa, Azərbaycan Naxçıvanda çox faydalı mövqeyə sahib olacaq”. İndi əsas məsələ Ermənistanın bunlardan nəticə çıxarması və Qarabağ məsələsinin həllində real addımlar atmasıdır.
ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də ən yaxşı variantın Qarabağ münaqişəsinin dinc yolla həllini tapması olduğunu bildirir və yenidən diqqəti açıqladığı sənədə yönəldir. O, “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirir ki, Hoqlandın açıqladığı sənəd Minsk Qrupunun həmsədləri tərəfindən təsdiq edilmiş prinsiplərə əsaslanır, yəni yeni deyil: “Bəli, səfir Hoqland çoxdan mövcud olan prinsiplər haqda danışıb və biz həmsədr ölkə kimi bəyan etmişik ki, bu prinsiplər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əsas ola bilər. Hoqlandın açıqladığı 6 prinsip uzun müddətdir mövcud olan prinsiplərdir. Və Ermənistan hökuməti də bu prinsipləri danışıqlar üçün əsas kimi qəbul edib. Mən təsdiq edə bilərəm ki, prinsiplər vahid tam təşkil edir, yəni onlardan birinin digərindən üstünlüyü yoxdur”. Erməni politoloq, İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan isə deyir ki, həmin prisiplər yonunda ilk olaraq ətraf rayonların qaytarılması ermənilər üçün “ağrılı məsələdir”, lakin bunsuz sülh mümkün deyil: “Hoqlandın açıqladığı sənəddə ətraf rayonların qaytarılması prinsipi əksini tapıb ki, bu da erməni tərəfində ağrılı qarşılanır. Lakin biz başa düşməliyik ki, hansısa konstruktiv həll yolu tapmaq üçün bu məsələ həlledici əhəmiyyət kəsb edir”.
Əslində, İrəvanda çoxları bu erməni ekspert kimi düşünür. İndi əsas məsələ rəsmi İrəvanın özünün bu məsələdə real addımları nə vaxt atacağıdır. Gecikən hər günün müharibəni daha sürətlə yaxınlaşdırıdığını ermənilər özləri də bilməmiş deyil. Digər tərəfdən Ermənistan onu da nəzərə almalıdır ki, həmsdər ölkələr özləri də məsələnin sülh yolu ilə həllini tapmasına dair İrəvana xəbərdarlıq edir. Elə Hoqlandın sentyabrda BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü qabağı məlum həll variantı ilə çıxış etməsi də rəsmi İrəvana mesajdır. Bəzi ekspertlər hesab edir ki, “Madrid prinsipləri”nin yenidən açıqlanması nəinki İrəvana böyük zərbə, hətta Qarabağ məsələsinin həlli istiqamətində ABŞ-ın Ermənistana təzyiqidir. Bu onu göstərir ki, ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyi getdikcə daha aydın cizgi alır və konkretləşir. Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli də təsdiq edir. Buna qədər səslənən fikirlərin sadəcə diplomatik manevrlər olduğunu vurğulayan politoloq Vaşinqtonun mövqeyindəki bu dəyişikliyi müsbət amil olaraq qiymətləndirib: “Amerikalı həmsədrin bəyanatında Dağlıq Qarabağın hüdudlarından kənarda olan torpaqların birmənalı surətdə suveren Azərbaycan əraziləri olduğu vurğulanır və açıq mətnlə qeyd edilir ki, işğalçı qoşunlar o ərazilərdən çıxarılmalıdır. Üstəlik, amerikalı həmsədr bunu problemin həllində açar nöqtəsi hesab edir və məsələnin sonrakı prosesi üçün vacib sayır. Bu məsələ “Madrid prinsipləri”ndə də öz əksini tapıb. Ən əsası, ABŞ-da sanki bir ayılma prosesi gedir. Bunu irəliyə doğru atılmış addım hesab etmək olar”.
Politoloq qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağın statusu ilə bağlı mövqeyi də diqqət çəkir: “ABŞ əvvəllər Dağlıq Qarabağ probleminin həllini ərazi bütövlüyü məsələsi və millətlərin öz müqəddəratını təyinetmə hüququnun sintezində görür, üstəlik Dağlıq Qarabağda referendum keçirilməsinin mümkünlüyünü irəli sürürdü. Bu iki bir-birinə zidd beynəlxalq hüquq norması işi düyünə salırdı. Ancaq ABŞ-ın budəfəki mövqeyində problemin həlli ilə bağlı yaxınlaşma hiss olunur və zidd məqamlara yer verilmir. Dağlıq Qaarabağın statusu məsələsində, tam olmasa da, müəyyən dərəcədə obyektivliyə dönüş hiss edilir və status məsələsinin qaçqınların geri qayıtması və ərazilərin reabilitasiyasından sonra, ən son məqamda tərəflərin qarşılıqlı kompromisi əsasında mümkünlüyü qeyd edilir”. Təbii ki, belə əvəziyyətdə Ermənistana Qarabağ münaqişəsi ilə bağlı təzyiqlərin artması da gözlənir ki, buda konfliktin dinc müstəvidə həllini tezləşdirə bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.