Məhəmməd Əsədullazadə: “Bu, rəsmi Ankaranın dövlət siyasəti olmaqla yanaşı, Azərbaycanla qardaşlıq siyasətinin nəticəsidir”
Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsində mövqeyi bəllidir. Əvvəlcə işğal olunmuş ərazilər boşaldılır, ondan sonra sərhədlər açıla bilər. Ancaq zaman-zaman müəyyən dairələr bunu bilə-bilə, sərhədlərin açılması məsələsini gündəmə gətirirlər.
Bu günlərdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb. Ermənistan türkiyəli nazirin bu açıqlamasını öz xeyirlərinə yozmaq, vəziyyətdən özlərinə pay almaq üçün təbliğatını işə salıb. Ermənistan da Avrasiya İqtisadi Birliyinin üzvü olduğundan, İrəvanda bəziləri hesab edirlər ki, onlar buna görə Türkiyənin qarşısına müəyyən şərtlər qoya bilərlər. Hətta bəzi şərhçilər bunun Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyini qeyd edirlər. Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, AİB-lə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyac var.
Görünən odur ki, indiyə qədər edilən bütün cəhdlər boşa çıxdığından, bu dəfə işğalçı ölkə daha həssas məsələyə diqqət ayırıb. Bu da Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsidir. Əslində, erməni tərəfi vaxtaşırı bu təxribat xarakterli əməlindən istifadə edərək Türkiyə ilə Azərbaycan arasında yüksələn xətlə inkişaf edən dostluq-qardaşlıq münasibətlərinə zərbə vurmağa çalışır. Özü də belə bir informasiya əsasən iki ölkə arasında nəzərdə tutulan yüksək səviyyəli görüşlər, yaxud həm region, həm də beynəlxalq əhəmiyyətli layihələrin gündəmə gəlməsi, müzakirəyə çıxarılması zamanı dövriyyəyə buraxılır. Yaxın bir neçə ildə baş verənlərə nəzər salsaq, bunu aydın şəkildə görə bilərik. Məsələn, Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsi gündəmə gələrkən Ermənistan tərəfi belə bir təxribatçı fikir ortaya atdı ki, sözügedən layihənin reallaşması Ermənistan üçün də əhəmiyyətli olacaq və İrəvan da hansısa formada bu layihədə iştirak edəcək. Bunun ardınca isə Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı xəbər dövriyyəyə buraxıldı. Ancaq, təbii ki, Ermənistanın hər zaman yalan üzərində qurulan bu planı da işə yaramadı və qardaş ölkə İrəvan tərəfindən gündəmə gətirilən bu əsassız məlumatları təkzib etdi. Bütün bu deyilənlərin fonunda, Ermənistanın Türkiyənin bu məsələdə mövqeyini bilə-bilə sərhədlərin açılması məsələsini gündəmə gətirməsi nəyin nəticəsidir?
Sözügedən məsələni “Baki-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə Azərbaycana qardaş ölkədir və regional güc olaraq bölgə dövlətləri tərəfindən qəbul edilir: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində Türkiyə Ermənistanla sərhədləri bağlayıb. Məhz Ermənistan işğal altında olan əraziləri boşaltıqdan sonra Türkiyə sərhədlərin açılmasını mümkün sayır. Bu, Türkiyənin dövlət siyasəti olmaqla yanaşı, Azərbaycanla qardaşlıq siyasətinin nəticəsidir. Zamanla Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyünü ortaya atan bəzi qüvvələrin məqsədi iki qardaş ölkə arasında problemlərə yol açmaq olub. Hesab edirəm ki, sərhədlərin bağlı olması Ermənistana baha başa gəlir. Təbii ki, Ermənistan işğalçı siyasətindən əl çəkərsə, sərhədlər açıla bilər. Müəyyən dairələr qeyd edir ki, Türkiyə Avrasiya İttifaqına üzv olarsa, Ermənistanla sərhədləri aça bilər. Qeyd edim ki,Türkiyə Avrasiya Birliyinə daxil olmayacaq, işğal sürdükcə, Ermənistanla sərhədlər bağlı olacaq. Türkiyənin prezidenti R.T.Ərdoğan daim yüksək tribunalardan Ermənistan nə vaxt işğal etdiyi ərazilərdən çəkilərsə, sərhədləri açacağını qeyd edib. Əksi isə mümkün deyil”.
Vidadi ORDAHALLI