Vamiq Şükürov: “Belə hal onların məhkəmə qarşısında bərabərliyini pozur”
Məlum olduğu kimi, Ermənistanda vəkillər sentyabrın 13-də etiraz aksiyası keçirəcək. Məsələ ondadır ki, Ermənistanda vəkillər məhkəmə zalına girişdə üzərlərində aparılan yoxlamalara etiraz məqsədilə aksiya keçirməyə hazırlaşırlar. Ermənistan KİV-lərinə bu barədə vəkil Ayk Alumyan deyib.
Onun sözlərinə görə, bu cür davranış nəinki qanunsuz, həm də təhqiredicidir. Alumyanın açıqlamasından o da məlum olub ki, sonuncu dəfə məhkəmə məmurları ilə bununla bağlı mübahisəsi düşüb və o, müdafiə edəcəyi şəxsin məhkəmə iclasına buraxılmayıb. Onun sözlərinə görə, 2017-ci ilin əvvəlindən hüquqşünaslara qarşı görünməmiş təzyiqlər başlayıb. Məlumat üçün qeyd edək ki, onlar Ermənistanda zaman-zaman etiraz aksiyası keçiriblər. 2013-cü ildə bənzər aksiya keçirilib. Keçirilən aksiyada 200-dən çox vəkil iştirak edib. O zaman onlar Kasasiya məhkəməsində ikili standartların tətbiq edilməsinə etiraz etmişdilər. Eyni zamanda, 2012-ci ildə də Ermənistanda 40-a yaxın vəkil məhz bu səbəbdən etiraz edərək tətil elan etmiş və günlərlə işə çıxmaqdan imtina etmişdilər.
Görünən odur ki, Ermənistanda vəkillərin ölkədə baş verən qanunsuzluqlara etiraz etməsi halları ənənə halını alıb. Çünki ölkədə müşahidə olunan hüquq pozuntuları bütün sahələri əhatə edir. Orduda xidmət edən əsgərlərdən tutmuş, vətəndaşların, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin belə hüquqları pozulur.
Maraqlıdır, Azərbaycandaki vəkillərin Ermənistanda baş verənlərə münasibəti necədir?
Məsələyə münasibət bildirən vəkil Vamiq Şükürovun sözlərinə görə, Ermənistanda belə yoxlamaların aparılması qanunsuzluqdur: “Əslində, belə yoxlamaların aparılması tamamilə qanunsuzluqdur. Çünki prokurorlar və digər dövlət orqanları nümayəndələri məhkəməyə daxil olan zaman yoxlanılmır, üzərlərindəki hansısa telefon və digər elektron cihazlar alınmır. Ancaq bundan fərqli olaraq Ermənistanda vəkillərə qarşı bu cür hərəkətlərə yol verilir. Bu isə onların məhkəmə qarşısında bərabərliyini pozur. Ona görə də, bu, Ermənistanda qanunların pozulması deməkdir”.
Vidadi ORDAHALLI