Fikrət Sadıqov: “Bu məsələdə müəyyən gözləntilərimiz var”
Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın münaqişənini həllilə bağlı fikirləri o mənada əhəmiyyətlidir ki, onun dedikləri faktiki Azərbaycanın da dəstəklədiyi münaqişənin “mərhələli həll“ variantını ehtiva edir.
Birincisi, amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır. İkincisi, bölgəyə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Bu da çox vacib bənddir. Çünki geri qayıdan azərbaycanlılar təhlükəsizliklərinə təminat almalıdırlar. Üçüncüsü, Hoqland deyib ki, Dağlıq Qarabağa aralıq status verilməlidir. Rəsmi Bakı bu təklifə də etiraz etmir.
Ancaq ən başlıcası, amerikalı diplomatın statusla bağlı dediyi fikirdir, çünki münaqişənin indiyədək həll olunmaması məhz bu detalla bağlıdır. Amerikalı diplomatın sözlərindən belə başa düşdüm ki, o yekun statusun qarşılıqlı anlaşma yolu ilə müəyyənləşməsini təklif edir. Azərbaycan buna etiraz etmir. Yəni hər zaman deyilib ki, əvvəlcə imkan verin azərbaycanlılar qayıtsınlar və ermənilərlə keçmişdə olduğu birgə yaşayış imkanları bərpa olunsun, insanlar arasında mümkün qədər inam atmosferi formalaşsın, bundan sonra bölgənin yekun statusu haqqında danışmaq olar.
Çox maraqlıdır ki, Hoqlandın açıqladığı bu prinsiplərdən ermənilər bərk narahatlıq keçirirlər. Çünki onlar uzun müddətdir təbliğat aparıblar ki, Azərbaycan “mərhələli həll” planından imtina edir və bu səbəbdən də danışıqlar dalana dirənir. İndi görünür ki, Hoqlandın açıqladığı plan “mərhələli həll”ə aiddir və beynəlxalq tənzimləmə normalarına tam cavab verir. Ən əsası budur ki, Azərbaycan həmin planı dəstəkləyir. Çünki açıqlanan şərtlər Azərbaycanın mövqeyilə uzlaşır. Onda belə çıxır ki, Hoqland Sarkisyanın uzun illər ərzində yalan danışdığını üzə çıxarıb. Bu müddət ərzində Sarkisyan xalqı və beynəlxalq ictimaiyyəti aldadıb ki, Azərbaycan deyilən plandan imtina edir. Açıqlanan şərtlərdən görünür ki, bu plan ilk növbədə Sarkisyana sərf etməyib. Hoqlandın açıqlamasının Sarkisyanın yürütdüyü siyasəti, indiyə qədər danışdığı yalanları ifşa etdiyi qənaətinə gəlmək olarmı?
Politoloq Fikrət Sadıqov hesab edir ki, Hoqlandın açıqlamasında detalların ictimaiyyətə tam bəyan olunması yaxşı haldır: “Uzun illərdir danışıqlar gedir. Biz dəfələrlə demişik ki, diplomatik danışıqların tərəfdarıyıq. Sülh naminə bütün yollardan istifadə etməyə hazırıq. Təəssüflər olsun ki, işğalçı Ermənistan danışıqlar prosesindən qaçır. Etiraf edək ki, aparıcı dövlətlər bu məsələyə biganəlik nümayiş etdirirlər. Bunun da müqabilində Ermənistan rəhbərliyi beynəlxalq aləmi aldatmağa çalışır ki, Azərbaycan sülh planlarından imtina edir. Lakin son zamanlar həqiqətən müəyyən canlanma müşahidə olunur. Hoqlandın açıqladığı prinsiplər bir daha sübut etdi ki, Ermənistan yalan danışır. Çünki həmin prinsiplər üzrə prosesin nizama salınmasına Azərbaycanın etirazı yoxdur. Deməli, tam aydın oldu ki, ermənilər Madrid Prinsiplərini özündə ehtiva edən “mərhələli həll” planından da imtina edirlər. Bir növ, Hoqlan son akkordu ilə Ermənistan və onun prezidenti Sarkisyanı ifşa etmiş oldu.
ABŞ və Fransada yeni şəxslər hakimiyyətə gəlib. Onların siyasi kursu öncəki prezidentlərdən fərqlidir. Onlar daha müstəqil davranırlar. Ona görə də həmsədrlər konkret təkliflər irəli sürməlidirlər. Bunun üçün ilk növbədə işğal edilmiş rayonların Ermənistan tərəfindən boşaldılması təklif edilməlidir. Danışıqların detalları bəlli deyil, amma ola bilər ki, pərdəarxası hansısa danışıqlar gedir. Əgər danışıqlarda torpaqların azad olunma prosesindən başlanmasa, heç bir mənası olmayacaq. Həmsədrlər bunu dərk edirlər. Hesab edirəm ki, bu istiqamətdə təkliflər irəli sürülməlidir. İstənilən halda, danışıqlar davam etdirilməlidir və Dağlıq Qarabağın statusu ilə bağlı məqamlar müzakirə olunmalıdır. Sentyabr ayında baş tutması gözlənilən danışıqlara ciddi hazırlıq getməlidir. Görüş xatirinə görüş olmamalıdır. Həmsədrlər görüşün üzərində yaxşı işləsələr, bu məsələdə müəyyən irəliləyiş əldə oluna bilər. ABŞ və Fransada yeni dövlət başçıları müstəqil siyasi kurs aparırlar. Çox istərdim ki, bu ölkələrin xarici siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi prioritet məsələlərdən birini tutsun. Bu məsələdə müəyyən gözləntilərimiz var”.
Məhəmmədəli QƏRİBLİ