Rauf Zeyni: “Onlar diasporları vasitəsilə dünyanın müxtəlif ölkələrində belə qondarma qərarların qəbuluna nail ola bilsələr də…”
Erməni mətbuatı xəbər yayıb ki, ABŞ-ın Ayova ştatının məclisi qondarma “erməni soyqırımı”nı tanımaq barədə qərar qəbul edib. Bildirilir ki, artıq qərarı ştatın qubernatoru Kim Raynolds da imzalayıb. Ermənilərin ABŞ-dakı əsas təşkilatlarından sayılan “Hay Dat” ("Erməni mübarizəsi") qrupu bu xəbəri eşidən kimi təşəkkür məktubu ilə çıxış edib.
Erməni mətbuatı iddia edir ki, bununla da Birləşmiş Ştatlarda qondarma “erməni soyqırımı”nı tanıyan ştatların sayı 47-yə yüksəlib. Qalır üç ştat ki, onların da bu məsələyə ermənipərəst mövqe ortaya qoyması, sadəcə, vaxtını gözləyir. Yəqin bundan sonra 50 ştatın seçdiyi federal hökumət də ümumi qərarı açıqlayacaq.
ABŞ ştatlarının bu istiqamətdə olan canfəşanlığı nə ilə izah edilə bilər?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan mətbuatından alınan informasiyalara o qədər də ciddi yanaşmır: “Məndə olan məlumata görə, qondarma “erməni soyqırımı”nı qəbul edən ştatların sayı elan olunduğu sayda deyil. Ancaq istənilən halda belə fakt mövcuddur. Bu gün dünya başqa reallıqlarla yaşayır. Sübut olundu ki, ermənilərin həmin istiqamətdə apardıqları təbliğat heç bir fayda vermədi. Onlar diasporları vasitəsilə dünyanın müxtəlif ölkələrində belə qondarma qərarların qəbuluna nail ola bilsələr də, Türkiyə və Azərbaycanın göstərdiyi təpki həmin qərarların mahiyyətini heçə endirdi. Dünyanın bəzi ölkələri dərk etdi ki, ötən əsrin əvvəlində iddia olunan yalanları müdafiə etməklə indiki müasir ölkələrlə münasibətləri korlamağa dəyməz. Həmin ittihamların ünvanlandığı Türkiyə hökuməti dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələrinin tarixçilər tərəfindən tədqiq edilməsinə tam hazırdır. Hətta lazım olan arxivləri belə aça bilər. Artıq bəlli olub ki, ermənilərin iddialarından sui-istifadə olunur. Bir növ, bunu Türkiyəyə qarşı təzyiq vasitəsinə çeviriblər. Öz dövlətçilikləri şübhəli olan, yalnız forpost rolunu oynayan bir Ermənistanın belə iddialara düşərək Türkiyəyə təzyiq etmək cəhdi çox absurd görünür. Təbii ki, ermənilər ABŞ-dakı “uğurlarını” oradakı erməni diasporunun hesabına əldə edir. Get-gedə bu faktor da aradan qaldırılır. Tramp onlara bir az sərt üzünü göstərib. Bu baxımdan da ştat saylarını artırmaqla ermənilərin uğur kimi qələmə verdikləri proseslərin nə bizə, nə Türkiyəyə heç bir ziyanı yoxdur”.
Məhəmmədəli QƏRİBLİ