Məhəmməd Əsədullazadə: “ABŞ elan etdiyi siyasətin üstündə durarsa, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüş ola bilər”
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağda “dayanıqlı sülh” əldə olunması üçün Madrid Prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.
Sadaladığı 6 elementdə danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb: Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər. İkincisi, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünü idarəetməsini təminat altına alsın. Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. R. Hoqlandın sözlərinə görə, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.
Dördüncüsü, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir. Beşincisi, sazişdə, həmçinin, bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin olunmalıdır.
R.Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil. Yeri gəlmişkən onu da qeyd edək ki, gələn həftədən ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsində Endryu Şofer fəaliyyət göstərəcək.
Neçə vaxt idi ABŞ həmsədr ölkə olaraq danışıqlarda fəallıq göstərmirdi. Ara-sıra vasitəçilik təşəbbüsü ilə Rusiya çıxış edirdi, amma prinsipial mövqe ortaya qoymurdu. O baxımdan ABŞ-ın hazırda Dağlıq Qarabağ danışıqları ilə bağlı daha prinsipial və qətiyyətli mövqe sərgiləməsi nə ilə bağlıdır?
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu, Ağ Evin siyasətində dəyişiklik olduğunun göstəricisidir: “ABŞ-ın Minsk Qrupunda amerkalı həmsədri Riçard Hoqlandın Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşündən dərhal sonra Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həll planını elan etməsi Ağ Evin siyasətində dəyişiklik olduğunun göstəricisidir. Görünür, ABŞ Ermənistanla Rusiya arasında imzalanmış birgə qoşun növündən narazıdır. Həmçinin, Rusiyanın regionda Qarabağ münaqişəsindən istifadə edib güclənməsi ABŞ-ı siyasətində korrektlər etməyə məcbur edib. Qeyd edim ki, ABŞ-la Rusiyanın indiyədək problemin həllində mövqeyi üst-üstə düşürdü. Hoqlandın Azərbaycanın maraqlarına cavab verən həll variantını ortaya çıxarmasında məqsəd ABŞ-ın bundan sonra konfliktin həllində mövqeyinin Rusiyanın mövqeyi ilə üst-üstə düşməyəcəyini vurğulamsıdır. Əgər ABŞ elan etdiyi siyastin üstündə durarsa, münaqişənin həllində ciddi dönüş ola bilər. Ağ Ev Abxaziya və Cənubi Osetiya, həmçinin, Krım və Donetsk problemlərində də konkret mövqeyini ortaya qoyub. Qarabağla bağlı konkret və Azərbaycanın maraqlarına cavab verən mövqeyini elan etməsi Cənubi Qafqaz siyasətində Rusiyanın mövqeyinin zəifləməsinə gətirə bilər”.
Vidadi ORDAHALLI