Xəzər Teyyublu: “Çünki Rusiya Ermənistana qəzəblənsə, əlində olan Dağlıq Qarabağ kartından ona qarşı məharətlə istifadə edə bilər”
Ermənistan rəhbərliyi Avropa İttifaqı, NATO, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolundan istifadə etməklə Rusiyaya təzyiq göstərməyə cəhd edir. Bunu Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
S.Markov qeyd edib ki, Ermənistan rəhbərliyi bu addımı atmaqla bir neçə məsələni həll etməyə çalışır: "Birincisi, Moskvanın Yerevana təzyiq göstərməməsi, Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi və məzmunlu danışıqlar masasına qayıtmağa məcbur etməməsi üçün Rusiyaya təsir göstərməkdir. Məlumdur ki, Ermənistan rəhbərliyi danışıqların əleyhinə deyil, lakin məzmunlu danışıqların əleyhinədir və danışıqlarda sadəcə danışıqlar xatirinə iştirak etmək istəyir".
Politoloqun sözlərinə görə, Rusiyada güman edirlər ki, konstruktiv danışıqlar prosesi davam etməsə, hərbi fəaliyyətin bərpası ehtimalı mövcuddur və mürəkkəb şəraitdə ciddi və məzmunlu danışıqları bərpa etmək doğru olardı.
Ekspert bildirib ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi üzrə indiki vəziyyəti yaradır və İrəvan bu münaqişənin həllində irəliləyiş istəmir: "Əksinə, Dağlıq Qarabağ və işğal olunmuş ətraf ərazilər üzərində nəzarəti özündə saxlamaq istəyir".
S.Markov hesab edir ki, belə olan halda, Ermənistanın gələcəkdə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri Azərbaycan tərəfinə güzəştə getmək şansı qalır: "Avropa İttifaqı, ABŞ, ümumilikdə Qərb koalisiyası ilə yaxınlaşmaq kimi intriqa yolu ilə, həmçinin, avqustun əvvəlində Gürcüstanda ABŞ-ın vitse-prezidenti Mayk Pensin himayəsi altında keçirilən NATO-nun "Layiqli tərəfdaş - 2017" çoxmillətli təlimlərində iştirak etməklə Ermənistan rəhbərliyi Rusiyaya təzyiq göstərməyə çalışır".
Politoloq bildirir ki, ikincisi, İrəvan Aİ və ABŞ-la yaxınlaşmaq hesabına ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir: "Ermənistan rəhbərliyi çox gözəl başa düşür ki, Qərb, o cümlədən Aİ pulu elə-belə deyil, siyasi əməkdaşlıq üçün verir. Buna görə Aİ ilə nə qədər siyasi əməkdaşlıq edilsə, bir o qədər çox pul gələr".
Ekspertin fikrincə, üçüncüsü, Ermənistan rəhbərliyi nə qədər ki, ölkə daxilində Qərbyönümlü və anti-Rusiya mövqeyindən çıxış edən ciddi ictimai-siyasi qüvvələr mövcuddur, daxili siyasi vəziyyəti yaxşılaşdırmaq istəyir: "İndi bəyanatlar səsləndirilir ki, Ermənistan Ukraynanın yolu ilə gedir, ölkədə guya "Maydan" hazırlanır. Buna görə də erməni "Maydan"ının yaranmasına yol verməmək, Ermənistanda bir sıra Qərbyönümlü qüvvələri sakitləşdirmək, həmçinin, ölkədə etirazlara Qərb tərəfindən mümkün dəstəyin qarşısını almaq üçün ölkə rəhbərliyi Aİ ilə yaxınlaşmağa getməyə məcburdur".
Markovun şərh etdiyi Ermənistanın şantaj siyasəti İrəvan üçün nə dərəcədə əlverişli və əsaslı sayıla bilər?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın bu gedişatları heç vaxt ona fayda verə bilməz: “Özünü Cənubi Qafqazda Rusiyanın əsas dayağı, hətta forpostu kimi təqdim edən Ermənistan bölgədə vəziyyəti daha da gərginləşdirmək və regionu Qərb-Rusiya qarşıdurmasının meydanına çevirmək siyasəti yürüdür. Onlar gözəl bilirlər ki, Rusiya hansısa marağından asanlıqla əl çəkən ölkə deyil. Yaxın zamanlarda baş verən Ukrayna hadisələri buna əyani sübutdur. Ermənistanla bağlı vəziyyət tamamilə başqadır. Rusiyanın həmin ölkədə hərbi bazaları, hətta İrəvanla yaratdığı birgə ordusu da mövcuddur. Son vaxtlar Ermənistan hərbi-siyasi rəhbərliyinin Qərblə, xüsusən də NATO ilə sıx münasibət qurmağa çalışdığı görünür. Amma bunlar əbəs yerə atılan addımlardır. Çünki həm Rusiyada, həm də Ermənistanda anlayırlar ki, Ermənistan heç vaxt Qərbə inteqrasiya olunmayacaq. Bunun üçün nə şərait, nə də hüquqi baza mövcuddur. Ermənistan sadəcə bu cür əməllərilə Qərbi təxribata çəkir. Rusiya bilir ki, heç vaxt Ermənistandakı hakimiyyətə etibar etmək olmaz. Ermənistanın satqın mövqeyini Avropada da, Rusiyada da çox gözəl bilirlər. 3 il müddətində Ermənistan Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı danışıqlar apardı və 2013-cü ilin sentyabr ayında Sarkisyanın Moskvaya səfərinin ardınca danışıqların üzərindən xətt çəkildi, Ermənistan 3 illik danışıqlardan imtina etdi. İndi də o, NATO ilə, Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirib. Maraqlıdır ki, bütün bunlar Rusiyaya qarşı NATO-dan, Avropadan, ABŞ-dan gələn təzyiqlər və sanksiyalar fonunda cərəyan edir. Hadisələrin bu cür gedişatı Azərbaycan üçün sərfəlidir. Çünki Rusiya Ermənistana qəzəblənsə, əlində olan Dağlıq Qarabağ kartından ona qarşı məharətlə istifadə edə bilər. Bunun da nəticəsində Azərbaycan tez bir zamanda Ermənistanın burnunu əzmiş olar”.
Məhəmmədəli QƏRİBLİ