Hərbi, iqtisadi, siyasi, diplomatik və digər sahələrdə Azərbaycanın bu gün Ermənistanla müqayisədə çox yüksək mövqedə dayandığı birmənalı həqiqətdir və düşmən ölkədə belə qəbul olunmuş reallıqdır. Bütün bunlar öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsirsiz ötüşmür.
Artıq Azərbaycanın atdığı addımlar onunla nəticələnir ki, Ermənistan ərazilərimizi daha uzun müddətə işğal altında saxlaya bilməyəcəyini yaxşı anlayır. Eyni zamanda beynəlxalq ictimaiyyət də işğal faktına son qoyulması istiqamətində artıq əməli addımlar atılmasının vacibliyini daha açıq şəkildə bəyan edir.
Qarabağ konfliktinin çözülməsində vasitəçilik edən ölkələr belə artıq bu məsələni özləri gündəmə gətirir. Təbii ki, bütün bunlar həm də Azərbaycanın beynəlxalq ictimaiyyət, o cümlədən Minsk Qrupunun həmsədr ölkələri ilə apardığı işlərin məntiqi nəticəsi hesab oluna bilər. Hazırda danışıqlar masasında olan sülh variantı ilə bağlı verilən açıqlamalardan isə belə bəlli olur ki, proses burada Azərbaycanın istədiyi məcrada inkişaf edir. Minsk Qrupunun sabiq amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqlandın Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri barədə son açıqlamaları da bunu təsdiq edir. Məlumat üçün bildirək ki, Riçard Hoqland avqustun 23-də erməni və azərbaycanlı jurnalistlərlə görüşüb. Brifinq ABŞ Dövlət Departamentinin əcnəbi jurnalistlər üçün mətbuat mərkəzi tərəfindən təşkil edilib. Səfir ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair rəsmi siyasətinin prinsiplərini jurnalistlərə təqdim edib, konflikt ətrafında yaranmış vəziyyət barədə öz fikirlərini bölüşüb və suallara cavab verib. Cari ilin yanvarından avqustun sonuna qədər bu vəzifəni müvəqqəti icra etdiyini vurğulayan Hoqland ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair siyasətinin əsas prinsiplərindən söhbət açaraq vurğulayıb ki, tənzimləmənin əsasını BMT-nin Nizamnaməsi, müvafiq beynəlxalq hüquqi sənədlər və Helsinki Yekun Aktının əsas prinsipləri təşkil edir.
Amerikalı diplomatın təqdim etdiyi həll sənədində işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpası xüsusi olaraq vurğulanır. Elə bu da danışıqlar prosesinin məhz Azərbaycanın maraqları çərçivəsində getdiyini əyani surətdə nümayiş etdirir. Riçard Hoqland bildirir ki, “Madrid prinsipləri”nə əsaslanan daha altı element sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir: “Birinci element ondan ibarətdir ki, tərəflər Dağlıq Qarabağa müvəqqəti status verməli, onun qəti hüquqi statusu gələcəyə keçirilməli və tərəflərin qarşılıqlı razılığı ilə onların iradəsinin ifadə olunması vasitəsilə müəyyən edilməlidir. İkinci element keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) inzibati sərhədləri daxilində hazırda rəsmi Bakı tərəfindən nəzarət edilməyən əraziyə müvəqqəti status verilməsini nəzərdə tutur və həmin dövrdə təhlükəsizliyə və özünüidarəyə minimal zəmanəti təmin edir. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır, çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə ola bilməz. Dördüncü element Laçından keçməklə Dağlıq Qarabağı Ermənistanla birləşdirən “dəhliz” mövcud olmasını nəzərdə tutur və həmin dəhliz hərəkət etmək üçün yetərincə geniş olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə və qaçqınlara əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element, sülhyaratma əməliyyatı da daxil olmaqla, təhlükəsizliyə beynəlxalq zəmanətləri nəzərdə tutur. Bu, uzunmüddətli siyasətdir, bu və ya digər həmsədrlə bağlı deyil, bizim ümumi siyasətimizdir. Əlbəttə, nəzərdə tutulan sülh proqramı daha detallı və əhatəlidir, lakin bu prinsiplər istənilən məqbul həllin əsasını təşkil etməlidir. Bütün tərəflər bununla razıdır”. Riçard Hoqland onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrlərinin və ya ABŞ administrasiyalarının dəyişməsindən asılı olmayaraq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ABŞ-ın bu siyasəti dəyişmir. Beləliklə, bu açıqlamadan aydın görünür ki, danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü məsələsi ön plandadır və Ermənistanın da bu məqama hörmət etməsi vasitəçi ölkələr, o cümlədən ABŞ tərəfindən vacib sayılır.
Onu da qeyd edək ki, ABŞ Konqresinin maliyyələşdirdiyi “Amerikanın səsi” radiosu Riçard Hoqlandın təqdim etdiyi prinsipləri “Təcili” qrifi ilə yayıb. Ekspertlər hesab edir ki, Riçard Hoqlandın təqdim etdiyi prinsiplər böyük ölçüdə münaqişənin nizamlanmasına dair Azərbaycanın illərdir israr etdiyi ədalətli həlli tapmağa imkan verə bilər. Çünki bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonlarının hamısının üzərində suverenliyinin tam bərpasını, Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini və yekun statusun qarşılıqlı anlaşmaya əsaslanan səsvermə ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Məsələ ilə bağlı erməni mediasının ilkin reaksiyası belədir ki, Amerikanın bu mövqeyi İrəvana ciddi zərbədir və erməni diplomatiyasının uğursuzluğudur.
Burada bir vacib məqamı da bildirək ki, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş ərazilərdəki qanunsuz qurumlarda fəaliyyət göstərən qanunsuz rejimlərin tanınmaması barədə ABŞ-ın mövqeyi yetərincə aydın olsa da, bəzən ABŞ Dövlət Departamenti həmin münaqişələrə münasibətdə Vaşinqtonun ümumi mövqeyinə zidd olan yanaşmadan istifadə edir. Məsələn, ABŞ xarici siyasət idarəsinin nümayəndələri Cənubi Osetiya və Abxaziya barədə danışarkən “işğal olunmuş ərazilər” terminindən istifadə edir, amma Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında işğal olunmuş ərazini müzakirə edərkən “işğal olunmuş ərazilər” terminini işlətməkdən çəkinir və bu termini yalnız keçmiş DQMV-yə bitişik işğal olunmuş ərazilər barədə danışarkən tətbiq edir. Bu artıq ölkənin rəsmi siyasətinə ziddir, çünki ABŞ rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə təkrar edib. Bu məsələyə də toxunan səfir qeyd edib ki, bu, ikili standartlara dəlalət etmir, çünki əsas olan odur ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amerikalı diplomat onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələrindən fərqlənir və uzun tarixçəsi var: “Bu problem keçmiş sovet respublikalarının müstəqillik əldə etməsindən sonra başlamayıb, əsrlərlə olmasa da, onilliklər öncəyə gedib çıxır”. Beləliklə, qeyd edilənlər aydın göstərir ki, Qarabağ məsələsinə ABŞ və digər həmsədr ölkələrin yanaşması birmənalıdır. Erməni mediası isə yazır ki, bu vəziyyətdə İrəvanın indiki Qarabağ siyasətini davam etdirməsi müşkül olacaq. Bundan başqa, fikirlər səslənir ki, təkcə ABŞ yox, Rusiya da Qarabağ məsələsində Ermənistana təzyiqləri artırır.
Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, Soçidə Ermənistan və Rusiya prezidentlərinin görüşü də vəziyyəti ədyişməyib. Əksinə, Rusiya Azərbaycana yeni silahlar satmaqla Bakının mövqeyini dəstəklədiyini İrəvana bir daha nümayiş etdirib. Qeyd edək ki, söhbət S-500 “Prometey” və “Antey-4000” ən yeni zenit-raket sistemlərindən gedir. Bundan əvvəl rus hərbi ekspert Andrey Frolov bildirib ki, Azərbaycan Rusiyanın ən yeni zenit-raket sistemlərinə maraq göstərə bilər. Azərbaycan Rusiyanın sözügedən zenit-raket sistemlərini alacağı halda İrəvanın “İsgəndər” raketləri ilə bağlı mifi də birdəfəlik dəfn edilmiş olacaq. S-500 “Prometey” artıq məşhur olan S-400 zenit-raket sistemlərinin yeni modifikasiyasıdır və ekspertlərə əsasən, istənilən hədəfi vura bilər.
Erməni siyasi şərhçi Aram Amatuni hesab edir ki, sözegedən silaha Azərbaycanın sahib olması ehtimalı Ermənistan üçün olduqca təhlükəlidir. O, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iyul ayında RİA “Novosti”yə verdiyi müsahibəini xatırladıb. Ermənistanın Rusiyadan aldığı “İsgəndər” raket kompleksləri haqda danışan Z.Həsənov Azərbaycanın “İsgəndər”ləri məhv etmək gücünə malik silahlarının olduğunu vurğulayıb. Aram Amatuni bildirir ki, Rusiyanın bu bəyanatı kifayət qədər sakit qarşılaması bir sıra sualların ortaya çıxmasına səbəb oldu: “Artıq Ermənistan mümkün Rusiya-Azərbaycan razılaşması olmadan belə böyük risq altındadır. Bu barədə danışıqların özü belə İrəvan üçün böyük təhlükədir. Bir neçə il sonra biz kifayət qədər ciddi fakt qarşısında ola bilərik. Bu, aprel müharibəsindən bir neçə dəfə təhlükəli olacaq. Aprel müharibəsi bir neçə milyard dollarlıq Rusiya-Azərbaycan hərbi-texniki razılaşmasının qarşısının alınmamasının nəticəsi idi”. Baş verənləri şərh edən rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də Azərbaycanın bu silahları əldə etməsini mümkün sayır. Amma o, ilk növbədə S-400 raket sisteminin Azərbaycan ordusunun ixtiyarında ola biləcəyini vurğulayır: “S-500-lərin ixracı bir neçə il sonra gerçəkləşə bilər. S-400-ə gəlincə isə, bu sistemlər artıq satışa çıxarılıb və nəzəri olaraq Azərbaycanın onu əldə etməsi mümkündür. Azərbaycan “Antey-4000” sistemlərini də əldə edə bilər. Bu sistem satışa çıxarılmasa da, onu əldə etmək daha rahatdır”. Ekspert Ermənistanın da yeni hava hücumundan müdafiə sistemləri almaq istədiyini, amma pulu olmadığını da bildirib: “Ermənistan bu sistemləri Rusiyanın müttəfiqi kimi güzəştli qiymətlərlə almaq istəyir. Bu, Moskva üçün sərfəli deyil. Rusiyaya pul lazımdır, silah ticarəti isə neft və qazdan sonra ölkənin əsas gəlir mənbəyidir. Bu sistemlərin satılması Moskva üçün çox sərfəlidir”. Beləliklə, qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Rusiyadan yeni silahlar ala biləcək. Ermənistan isə bunu etmək iqtidarında deyil. Bu vəziyyətdə erməni mediası yazır ki, yaranmış durum Rusiyanın Ermənistana Qarabağ təzyiqidir. Həm ABŞ, həm də Rusiya kimi mühüm ölkələrin Qarabağ yanaşması isə indi Azərbaycanın maraqlarına cavab verir və belə vəziyyət konfliktin həllini sürətləndirmək iqtidarındadır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.