Əli Orucov: “Baxmayaraq ki, qurum rəsmiləri Ermənistanın Rusiyanın forpostu olmasının fərqindədirlər”
Yaxın günlərdə Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ problemi üzrə daha prinsipial mövqe tutacaq və münaqişənin nizamlanması üçün tənqidi iradə göstərəcək.
Xəbər verildiyi kimi, bunu mətbuata açıqlamasında "Yeni Rusiya" hərəkatının lideri, politoloq, tanınmış ictimai xadim Nikita İsayev deyib. Onun sözlərinə görə, indiki məqamda Aİ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın qismində öz mövqeyini bəyan edə bilər: "Təəssüf ki, bu artıq Rusiyanın mövqeyinə zəruri diqqət olmadan baş verəcək".
Rusiyalı politoloq belə olan halda bundan əvvəl beynəlxalq vasitəçilər tərəfindən səsləndirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsiplərinin və təkliflərin dəyişikliklərə uğrayacağını istisna etmir: "Düşünürəm ki, bu doğrudur, çünki nizamlanmanın indiki prinsipləri dalana dirənib və münaqişəni həll etmir, əksinə, Cənubi Qafqaz regionunda gərginliyin artması ilə təhdid edir. Dağlıq Qarabağda münaqişənin eskalasiyası isə bütün region üçün təhlükəlidir".
Ekspertin fikrincə, münaqişənin dinc yolla nizamlanması üçün yeni vasitələr axtarmaq lazımdır.
Aydın məsələdir ki, zaman-zaman Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamasının vacibliyi müzakirə olunub. Eyni zamanda belə fikirlər səslənir ki, məhz sözügədən qurum aktiv şəkildə münaqişənin həllinə qoşulsa, o zaman problemin həlli sürətlənə bilər. Ancaq reallıq ondan ibarətdir ki, Aİ münaqişənin tənzimlənməsində fəal rol oynamaqda hələ ki, maraqlı görünmür. Bu missiyanı ATƏT-in Minsk Qrupunun həmsədri Fransaya tapşırmaqla işini bitmiş hesab edir. Belə olan halda, yaxın günlərdə Avropa İttifaqının Dağlıq Qarabağ problemi üzrə daha prinsipial mövqe tutacacağı ilə bağlı səslənən fikir nəyə əsaslanır və bu nə deməkdir?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu, rusiyalı politoloqun fərziyyəsidir: “Avropa İttifaqının bu məsələdə yaxın dövrdə prinsipial mövqe sərgiləyəcəyi o qədər də real görünmür. Ona görə real görünmür ki, bunun hansısa əlamətləri müşahidə olunmur. Belə bir şey olsaydı, o zaman bu hansısa formada özünü göstərərdi. Məsələ ondadır ki, Aİ Gürcüstanda, Moldovada, Ukraynada separatçı qurumlara münasibətdə daha konkret və sərt mövqe sərgiləyir. Dağlıq Qarabağ məsələsinə münasibətdə isə, təəssüf ki, biz bunu görmürük. Halbuki, bu məsələdə də Aİ-nin prinsipiallıq göstərməsi arzu edilir. Ancaq biz bunu görmürük. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Başlıca səbəb qurumun siyasi məsələləri ilə daha çox Fransanın məşğul olmasıdır. Yəni Fransanın fəallığı daha çox özünü göstərir. Fransada da erməni lobbisinin güclü çəkiyə malik olması nəticə etibarilə münaqişənin həllinə müsbət impuls vermir. Aİ Ermənistanla əməkdaşlığı dərinləşdirməyə çalışır. Baxmayaraq ki, qurum rəsmiləri Ermənistanın Rusiyanın forpostu olmasının fərqindədirlər. O baxımdan səslənən fikirlərə birmənalı prizmadan yanaşmaq çətindir”.
Vidadi ORDAHALLI