Seyid Camal Əzimbəyli: “Bu cür yalan məlumatlar yaymaqla, görünür, dünya ictimaiyyətini aldatmaq istəyirlər”
Zaman-zaman Ermənistan mətbuatında Azərbaycan əleyhinə əsassız, qərəzli məlumatların yayılması, bir növ, ənənə halını alıb. Ancaq bəzən bu kimi məlumatlar o qədər əndazədən çıxır ki, bunun tamamilə absurd və yalan olması dərhal özünü büruzə verir.
Son vaxtlar erməni mətbuatında tez-tez belə yazılar gedir ki, guya Azərbaycanın islam ölkələri ilə münasibətləri pisləşməyə doğru gedir. Ancaq bunun nəyə əsasən belə olduğuna dair heç bir arqument ortaya qoya bilmirlər. Halbuki, Azərbaycanın son dövrlər islam ölkələri ilə münasibətləri daha da inkişaf edir. Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunları, digər tədbirlər dövlətimizi müsəlman ölkələri ilə daha da yaxınlaşdırıb. Bundan başqa, regionun ən böyük islam dövləti olan İranla münasibətlər inkişaf edir. “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı iki ölkə arasında yaşanan uğurlu əməkdaşlıq ortadadır. Başqa bir tərəfdən, son illər Azərbaycanın Orta Asiyanın müsəlman ölkələri ilə münasibətləri daha da inkişaf edir. Ermənistan bircə Qətərlə münasibətləri qurmaq istəyirdi, onun da nəticəsi göz qabağındadır. Belə olan halda, erməni mətbuatının bu uydurmaları nəyə əsaslanır?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu hər zamankı erməni yalanlarının növbəti mərhələsidir: “Hesab edirəm ki, bundan təəccüblənməyə dəyməz. Ona görə ki, Ermənistan mətbuatı hər zaman Azərbaycana yönəlik bu cür informasiyalar yayıb və bunların heç bir tutarlı əsası olmayıb. Düşməndən bundan artıq nə gözləmək olar ki?! Ancaq Azərbaycanın islam ölkələri ilə problem yaşadığını iddia etmək tamamilə yalandır. Bu cür yalan məlumatlar yaymaqla, görünür, dünya ictimaiyyətini aldatmaq istəyirlər. Eyni zamanda, erməni ictimaiyyətini aldadaraq Azərbaycan barəsində mənfi rəy yaratmağa çalışırlar. Hesab edirəm ki, bunların heç biri özünü doğrultmayacaq”.
Vidadi ORDAHALLI