Qabil Hüseynli: “ABŞ-ın yeni administrasiyasının problemin həllinə daha ciddi yanaşdığı ortaya çıxır”
ABŞ ATƏT-in Minsk Qrupuna yeni həmsədr təyin edib. Bu post Endrü Skoferə verilib. Qeyd edək ki, avqustun 28-də ABŞ-dan müvəqqəti həmsədr Riçard Hoqlandın səlahiyyət müddəti başa çatır. Endrü Skoferin təyinatını şərh edən Riçard Hoqland deyib ki, o, yüksək səviyyəli diplomatdır, son vaxtlar ABŞ-ın beynəlxalq təşkilatlardakı missiyasında müvəqqəti işlər vəkili olub.
Endrü Skoferin Kipr münaqişəsi və digər münaqişələrin həlli üzrə diplomatik fəaliyyət göstərdiyi bildirilir.
Minsk Qrupunda digər həmsədrlər Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popovdur. 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün yaradılan Minsk Qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan. 1994-cü ildə həmsədrlik institutu yaradılıb.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi “dəyirmi masa"da Dağlıq Qarabağ münaqişəsinin həllinə dair önəmli fikirlər səsləndirib. Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağın “mürəkkəb tarixini” nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.
Sadaladığı altı elementdə səfir Hoqland danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb.
Riçard Hoqland Dağlıq Qarabağda “dayanıqlı razılıq” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb. Onun sözlərinə görə, birinci olaraq, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, ərazinin təhlükəsizliyini və özünüidarəçiliyi təminat altına alsın. İkinci element olaraq səfir Hoqland bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. Onun sözlərinə görə, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.
Bundan əlavə, Riçard Hoqland qeyd edib ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.
Sazişdə, həmçinin, bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin edilməlidir.
Səfir Riçard Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. O deyib ki, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.
ABŞ-lı həmsədrin dəyişməsi və Hoqlandın açıqladığı prinsiplər münaqişənin həlli üçün nə vəd edir?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, həmsədrlərin dəyişməsi reqlament əsasında baş tutur: “Hər bir həmsədrin səlahiyyət müddəti var. Həmin müddət başa çatan kimi ölkələr öz nümayəndələrini dəyişir. Bu məsələdə qeyri-adi nəsə yoxdur. Çünki biz indiyə qədər hər üç ölkənin bir neçə diplomatı bu posta təyin etdiyinin şahidi olmuşuq. Nəsə dəyişibmi? Yəni hansı diplomatın həmin postda olmasından çox, onların təmsil olunduğu ölkənin məsələyə münasibətinin dəyişməsi önəmlidir. Bu cür qlobal xarakter daşıyan problemdə diplomatın şəxsi entuziazmı az rol oynayır. Ancaq biz son dövrlər Hoqlandın timsalında ABŞ-ın münaqişə ilə bağlı xüsusi fəallığını görürük. Həmsədr əvvəlki kimi növbətçi diplomatik ifadələrdən daha çox, açıq danışmağa üstünlük verir. Onun son açıqlamaları da buna sübutdur. Azərbaycanın da istədiyi “Mərhələli həll” planının tətbiqinin vacibliyini vurğulayır. Onun açıqladığı mərhələli həll planının əksər hissəsi Azərbaycanın da maraqlarına cavab verir. Bu baxımdan da, ABŞ-ın yeni administrasiyasının problemin həllinə daha ciddi yanaşdığı ortaya çıxır. Hesab edirəm ki, yeni təyin edilmiş həmsədr də Hoqlandın fəallığını davam etdirməli olacaq. ABŞ-ın yeni namizədi də təcrübəli diplomat kimi xarakterizə olunur. Dünyada dəyişən reallıqlar fonunda yəqin ki, biz yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həllində də irəliləyişlərin şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ