ATƏT Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland təqaüdə çıxır. APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə səfir Vaşinqtonda ABŞ Milli Mətbuat Binasında keçirdiyi dəyirmi masada bildirib. R. Hoqland Dağlıq Qarabağda “dayanıqlı sülh” əldə olunması üçün Madrid prinsiplərinə əsaslanan mühüm elementlər haqda danışıb. Sadaladığı 6 elementdə səfir danışıqlar prosesinin arzuolunan trayektoriyasını cızıb:
Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər regionun yekun statusunu danışıqlar əsasında müəyyən etməyə razı olmalı və bu istiqamətdə öhdəlik götürməlidirlər.
İkincisi, rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir ki, bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəetməsini təminat altına alsın.
Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalıdır. R. Hoqlandın sözlərinə görə, Azərbaycan dövlətinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilmədən razılıq ola bilməz.
Dördüncüsü, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır. Lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.
Beşincisi, sazişdə həmçinin bütün məcburi köçkünlər və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ təmin olunmalıdır.
R. Hoqland razılığın son elementi olaraq sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizlik zəmanətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, iki tərəfin etimadını qazanmış sülhməramlı əməliyyatlar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.
Sonda səfir məlumat verib ki, onu ATƏT Minsk Qrupunun həmsədri vəzifəsində Endryu Şofer əvəzləyəcək.
“Ərazi bütövlüyü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacib hissəsidir”. Trend-in məlumatına görə, bunu da Vaşinqtonda keçirilən "dəyirmi masa"da ATƏT-in Minsk qrupunun ABŞ-dan olan müvəqqəti həmsədri Riçard Hoqland deyib.
R.Hoqland bildirib ki, Azərbaycanın suverenliyinə hörmət təmin edilmədən və suverenliyin həmin ərazilər üzərində bərpasını qəbul etmədən münaqişənin nizamlanması mümkün deyil.
O əlavə edib ki, münaqişənin nizamlanması özündə bütün məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması hüququnun tanınmasını və təhlükəsiziyə beynəlxalq zəmanətin təmin edilməsini birləşdirməlidir.
Xatırladaq ki, Endyu Şofer ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri təyin edilib. O, ABŞ-ın təcrübəli diplomatlarından biridir, bundan əvvəl Birləşmiş Ştatların Vyanada beynəlxalq təşkilatlar yanındakı missiyasında işləyib.