Rusiya ilə münasibətlərini genişləndirən Türkiyənin əsas istəklərindən biri də bu ölkəyə daha çox məhsul satışını həyata keçirməkdir. Eyni zamanda Ankara Rusiyadan müasir hava hücumundan müdafiə sistemləri almaq, enerji sektorunda qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.
Bu fonda Türkiyə hətta Avrasiya İqtisadi Birliyi (AİB) ilə gömrük razılaşması belə imzalamaq niyyətindədir. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bu xüsusda bildirir ki, Türkiyə Avropa İttifaqı ilə imzalanmış gömrük razılaşmasını pozmamaq şərtilə AİB-lə oxşar razılaşma imzalamağı təklif edir: “Türkiyə həm də AİB-lə əməkdaşlığı inkişaf etdirmək istəyir”.
Onun sözlərinə görə, ötən il Türkiyə və Rusiya arasında ticarət dövriyyəsi 30% artıb və bu hələ başlanğıcdır: “Əməkdaşlıq üçün çoxlu sahələr var. Xüsusilə neft-kimya, kənd təsərrüfatı və digər sahələrdə böyük potensial mövcuddur. Rusiya və Türkiyə arasında azad ticarətə dair razılaşma tərəfdaşlığın yeni səviyyəyə yüksəlməsinə səbəb olacaq. Bu razılaşma həmçinin invesitisiya qoyuluşunu da nəzərdə tutur”.
Moskva Türkiyə ilə AİB arasında əməkdaşlığın genişlənməsindən böyük məmnuniyyət duyduğunu bildirir. Amma o da maraqlıdır ki, qardaş ölkənin nazirinin bu açıqlaması Ermənistanda da dərhal reaksiya doğurub. Burada hesab edilir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla yanaşı Türkiyə ilə həmsərhəd yeganə üzv ölkə olması xüsusi üstünlük sayılmalıdır. Ermənistan Xarici İşlər Nazirliyi isə bildirir: “AİB ilə anlaşma imzalamaq üçün qurumun bütün üzvlərinin razılığına ehtiyac var”. Öz növbəsində Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan bildirib ki, Türkiyənin AİB-ə daxil olmasına Ankaranın birtərəfli qaydada Ermənistanla sərhədi bağlaması mane olur: “Ermənistan AİB-in Türkiyə ilə yeganə xarici sərhədidir”. Ermənistanda ekspertlər səviyyəsində düşünürlər ki, Ankaranın AİB-lə gömrük anlaşmasını imzalaması İrəvan üçün əlavə imkanlar yaradır. “Lragir” nəşri yazır: “İstisna deyil ki, bu mövzu rus-türk münasibətlərində oynanılan kartlardan biridir - tərəflər bir-birini ”yoldan çıxarmağa" və bazarlığa girməyə çalışır. İstənilən halda, Türkiyə həqiqətən də AİB-lə anlaşma imzalamaq, onun gömrük məkanına qoşulmaq niyyətindədirsə, bundan ötrü Ermənistanın razılığı lazım olacaq. O zaman İrəvan da öz şərtlərini irəli sürə bilər. Məsələn, Türkiyə ilə sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilərik”.
Amma ekspertlər bildirir ki, İrəvan belə mövqedən çıxış etməklə tələskənliyə yol verir. Əvvəla, Ankara kifayət qədər açıq şəkildə bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanla sərhədlər açıla bilməz. Yəni bu məsələdə Türkiyənin mövqeyi Azərbaycanın mövqeyi ilə uyğunlaşacaq. Türkiyə və Rusiya arasında olan münasibətlər Azərbaycanın maraqlarına hər hansı şəkildə zidd ola bilməz və Ermənistanla bağlı məsələlər də Azərbaycanın maraqları əsasında həllini tapacaq. Həm də Türkiyənin əsas iqtisadi hədəfi təkcə Rusiya deyil, eyni zamanda Qazaxıstan, Qırğızıstan və Belarusla da münasibətləri daha da inkişaf etdirməkdir. Avrasiya İqtisadi Birliyi ilə gömrük razılaşmasını imzalamaqla Ankara iki hədəfinə nail olacaq. Birincisi, Ankara öz tərəfdaşları ilə münasibətlərini daha fəal şəkildə inkişaf etdirə biləcək. İkincisi, Türkiyə bu sazişlə öz iqtisadi nüfuzunu daha da artacaq. Belə ki, Türkiyə məhsullarının kifayət qədər rəqabətə davamlı və yüksək keyfiyyətli olması qardaş ölkəyə Avrasiya bazarlarına fəal şəkildə çıxmağa imkan verəcək. Hadisələrin bu səpkidə inkiaşfında Rusiya özü də maraqlıdır. Çünki belə vəziyyətdə Ankara ilə Moskvanın münasibətləri daha da yaxınlaşacaq. Ermənistanın mövqeyini isə Rusiya burada nəzərə almayacaq. Belə vəziyyətdə isə İrəvan Moskvanın mövqeyinə zidd gedərək Türkiyə qarşısında şərtlər irəli sürəcək gücdə deyil. Uzun illərdir Ermənistanla sərhədlərin açılmasını tələb edən Qərbin təzyiqləri qarşısında dayanan Türkiyənin İrəvanın şərtlərinə razılıq verməsi də mümkün deyil. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, səbəb aradan qaldırılmadan nəticə də ləğv olunmayacaq. Yəni Azərbaycan torpaqlarının işğalı Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasının əsas səbəbidir və işğal faktı aradan qaldırılmadığı müddətdə İrəvanın gözləntiləri də absurddur. Ermənistanın Azərbaycana məxsus torpaqlardan çıxması və Türkiyəyə qarşı haqsız ərazi iddialarından əl çəkməsindən sonra Ermənistanla sərhədlərin açılması mümkün sayılır. Bütün bunlar o deməkdir ki, İrəvanın sərhəd istəyi yenə gözündə qalacaq. Elə Irəvan da, dirəşməsinə rəğmən, fakıtna son qoyulmayınca Türikyə ilə sərhədlərin açılmasının mümkünsüz olduğunu yaxşı bilir.
Tahir TAĞIYEV