Vəfa Heydərli: "Yəqin ki, Tramp bu təzyiqləri başqa vasitələrlə etməyi düşünür"
ABŞ prezidenti Donald Tramp Virciniya ştatındakı "Fort Mayer" hərbi bazasında çıxışı zamanı bəyan edib ki, ABŞ bundan sonra dünyada demokratiya qurmaq üçün ordudan istifadə etməyəcək.
Onun sözlərinə görə, bundan sonra ABŞ ümumi maraqları təmin etmək üçün müttəfiq və tərəfdaşları ilə əməkdaşlığa üstünlük verəcək: "Biz başqalarından həyat tərzlərini dəyişdirməyi tələb etmirik, yalnız uşaqlarımızın daha yaxşı yaşamasına imkan verə biləcək ümumi məqsədlərə sadiq qalmağa çağırırıq. İstənilən qərar verilərkən bu prinsipial yanaşma əsas olaraq qalacaq".
Göründüyü kimi, Tramp ABŞ-ın bundan sonra demokratiya yaymaq üçün ordudan istifadə etməyəcəyini deyir. Bu fikirlərdən ABŞ-ın demokratiyanı ixrac etməklə bağlı yeni siyasət ortaya qoyduğu nəticəsini əldə etmək olarmı?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Trampın dedikləri heç də ABŞ-ın demokratiyadan imtina etməsi anlamına gəlmir: "Bilirsiniz ki, demokratiya ixracı həm də ABŞ-ın maraqlarının təmin olunması üçün bir vasitə rolunu oynayıb. ABŞ Əfqanıstan, İraq, Liviya kimi ölkələrə də terrorla mücadilə, demokratiyanın bərpası adı ilə girib. Gəlin baxaq görək həmin yerlərdə demokratiya bərpa olunubmu? Təbii ki, yox. Ancaq bu heç də o anlama gəlmir ki, demokratiyanın bərqərar olmadığı yerdə ABŞ-ın da maraqları təmin edilməyib. Deyilən anlayış bir qədər nisbi mahiyyət daşıyıb. Siyasətdə deyilən sözdən çox, atılan addımlara fikir vermək lazımdır.
Çoxları Amerika prezidenti Donald Trampın Əfqanıstandakı güclərini azaldacağı qərarını elan edəcəyini gözləyərkən, Ağ Ev sahibi tam bunun əksinə dedi ki, Amerikanın Əfqanıstandakı hərbçilərinin sayını artıracaq. Ola bilər ki, bütün bunlar Rusiya ilə yaşanan gərginlik fonunda məhz belə cərəyan edir. Ancaq fakt ortadadır ki, ABŞ demokratiya yaymaq, terrorla mücadilə adı ilə gəldiyi ölkəyə əlavə ordu cəlb edir. Bütün bunlar Rusiyanın xoşuna gəlmir.
Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov açıqlama verərək ABŞ ordusunun Əfqanıstanı tərk etməsi vacibliyini bildirdi. Bir gün sonra Taliban rəhbərliyi Vaşinqtona eyni məzmunlu məktub göndərdi: Əfqanıstanı tərk edin! Tramp da Kremlə və Talibana cavabında dedi ki, oranı tərk etməyəcək. Hesab edirəm ki, ABŞ prezidentləri xarici ölkələrdə düşdükləri bataqlıqlardan yol tapıb çıxa bilmədikləri üçün belə açıqlama verib. Yəni hansısa ölkəyə demokratiya ixracı adı ilə yeni hərbi müdaxilənin olmayacağı baxımından bu inandırıcı görünə bilər. Çünki Suriya, İraq, Əfqanıstan problemləri hələ də həllini gözləyir. Müasir zamanda başqa ölkələrin daxilinə müdaxilənin ən son yolu ordudan istifadədir. Sübut olunur ki, bu daha çox vaxt və xərc aparır. Yəqin ki, Tramp bu təzyiqləri başqa vasitələrlə etməyi düşünür".
Məhəmmədəli QƏRİBLİ