Məhərrəm Zülfüqarlı: "Onun simasında bu fikirlərin səslənməsi ölkənin önəmli bir mövqeyə sahib olması deməkdir"
Bakı dünya üçün vacib çağırışların müzakirə edilməsi baxımından əhəmiyyətli platformaya çevrilib. Paytaxtda keçirilən Qlobal Gənc Liderlər Forumu dünyanın hər yerindən gənclərin bir araya gələrək vacib məsələləri müzakirə etməsi üçün çox əlverişli şərait yaradır. Bunu mətbuata açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
O qeyd edib ki, dünyada mövcud problemlərin həll edilməsi üçün dialoqa, təcrübə və fikir mübadiləsinə böyük ehtiyac var: "Bu baxımdan Qlobal Gənc Liderlər Forumu əhəmiyyətli platformadır. Gənclərə yol açmaq, onların gələcək liderlər kimi proseslərdə fəal iştirakına şərait yaratmaq çox önəmlidir".
H.Çətin bildirib ki, Azərbaycan bu cür qlobal tədbirlərin keçirildiyi bir məkana çevrilib: "Bakıda çoxlu sayda qlobal forumlar və digər tədbirlər keçirilir. Əlbəttə, bu, Azərbaycanın dünyada sülhün və sabitliyin bərqərar olunmasına verdiyi çox önəmli bir töhfədir".
Məlumat üçün qeyd edək ki, avqustun 21-dən Bakıda Qlobal Gənc Liderlər Forumu keçirilir. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum avqustun 24-dək davam edəcək. Foruma bir sıra siyasi və nüfuzlu ictimai xadimlər, habelə iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə yaxın ali səviyyəli qonaq da dəvət olunub. Həmçinin tədbirə dünyanın 80-ə yaxın aparıcı gənc lider və tədqiqatçısı, dünyanın nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri, habelə bir sıra gənc iş adamları qatılıb.
Bütün hallarda, Bakıya verilən bu cür önəm təsadüfi deyil. Bu bir daha Azərbaycanın regionda oynadığı əhəmiyyətli roldan xəbər verir.
Sözügedən məsələni dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, həqiqətən də Bakı dünya üçün vacib çağırışların müzakirə olunması üçün məkana çevrilir: "Bunu inkar etmək mümkün deyil. Məsələ ondadır ki, ötən illər ərzində Bakının bir sıra möhtəşəm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi praktikası ortadadır. Bu tədbirlərdə bir sıra vacib məsələlər müzakirə olunur və dünyanın diqqəti mövcud problemlərin həllinə yönəldilir. Belə forumların, tədbirlərin məhz Bakıda keçirilməsi Azərbaycanın bölgədə artan nüfuzundan xəbər verir. Bu həm də Azərbaycanın nüfuzuna verilən qiymətin göstəricəsidir. Nəzərə almaq lazımdır ki, Hikmət Çətin çox nüfuzlu siyasətçidir. Onun simasında bu fikirlərin səslənməsi Azərbaycanın önəmli bir mövqeyə sahib olması deməkdir. Hesab edirəm ki, Bakı dünyada sülhün, dialoqun təmin olunmasında vacib orbitr rolunu oynaya bilər".
Vidadi ORDAHALLI