Məhəmməd Əsədullazadə: "Azərbaycan Cənubi Qafqazda Avropa üçün iqtisadi və enerji cəhətdən mühüm tərəfdaş ölkədir"
Azərbaycan və Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə yeni danışıqların növbəti mərhələsi sentyabrın sonunda Brüsseldə keçiriləcək. Bunu mətbuata açıqlamasında Aİ-nin Bakıdakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis bildirib. Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə ilk görüş fevralın 7-də Brüsseldə keçirilib.
Ümumilikdə, yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən hazırkı müzakirə edilən saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür.
Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.
Azərbaycan Aİ ilə siyasi bərabərlik əsasında bir saziş istəyir. Hər iki tərəf görüşlərində sazişin əməkdaşlığın daha da inkişaf etdirilməsində mühüm addım olduğunu dilə gətirərək, bu layihə ilə əlaqədar qarşılıqlı anlaşma olduğunu büruzə veriblər. Saziş barədə mandat əldə edilərkən gedən müzakirələrdə bildirilib ki, Aİ qonşuları ilə fərqləndirilmiş yanaşma seçməyə ehtiyac olduğunu qəbul edir.
Bu o deməkdir ki, Azərbaycan Aİ-nin siyasi assosiasiya və iqtisadi inteqrasiyası təkliflərindən özü istədiyi həcmdə faydalana biləcək.
Ümumilikdə, ekspertlərin növbəti danışıqlardan gözləntiləri nədir? Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Aİ arasında sentyabrda yenidən başlanacaq strateji tərəfdaşlıq üzrə danışıqlar ölkədə yeni siyasi-iqtisadi islahatların həyata keçirilməsinə zəmin yaradacaq: "Qeyd edim ki, Avropa İttifaqı ilə ölkəmiz arasında danışıqlar prosesi bir neçə aydır davam edir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyində mühüm rol oynayacaq bir ölkədir. Azərbaycan Cənubi Qafqazda Avropa üçün iqtisadi və enerji cəhətdən mühüm tərəfdaş ölkədir. Təbii, İttifaq da buna önəm verir və tez bir zamanda strateji tərəfdaşlıq sazişinin imzalanmasında maraqlıdır. Bu il ərzində İttifaqın rəsmiləri bir neçə dəfə ölkəmizə təşrif buyuraraq, bir neçə istiqamətdə islahatların aparılması üçün təkliflər də irəli sürüblər. Ümumiyyətlə, müqavilədə əks olunan bəndlər ölkəmizin iqtisadi-siyasi inkişafına təkan verə bilər. Ümid edirəm ki, Aİ üzərinə götürdüyü öhdəliklərə əməl etsə, Azərbaycan da analoji addımı atacaq. Azərbaycan hakimiyyəti belə bir sazişə gedirsə, bu istiqamətdə islahatlara ehtiyac duyur. Əlbəttə, Aİ iqtisadi-siyasi inkişaf modeli yaradıb. Bu modelin ölkəmizə tətbiqi gələcək perspektivdə regional gücümüzü artıra bilər. Hazırda Aİ Rusiyanın qaz şantajı siyasəti ilə üz-üzədir. Rusiyadan qaz asılılığını azaltmaq üçün ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Azərbaycanın "Şahdəniz" yatağından hasil olunacaq qaz İttifaqın şaxələndirilmiş enerji siyasətində mühüm əhəmiyyət kəsb edəcək. Hesab edirəm ki, ikitərəfli sazişlər Azərbaycan-Aİ arasında əlaqələrin inkişafını dərinləşdirəcək".
Vidadi ORDAHALLI