İran və ABŞ arasında münasibətlərin yenidən gedərək daha gərgin xarakter alması müşahidə olunmaqda, tərəflər arasında müharibənin başlanma ehtimalı yüksəlməkdədir. Xüsusən də ABŞ-ın Fars körfəzində, Suriya və İraqda yeni hərbi qüvvələr cəmləşdirməsi Tehran tərəfindən narazılıq və narahatlıqla qarşılanır. Çünki həmin qüvvələr bilavasitə Tehranın qonşuluğunda cəmləşdirilir. Özü də bunlar o fonda baş verir ki, ABŞ İrana qarşı sanksiyalar siyasətini də gedərək sərtləşdirir.
Vaşinqton bildirir ki, ABŞ raket proqramı və "düşmən fəaliyyəti" ilə əlaqədar olaraq İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. Ümumiyyətlə, indiki ABŞ hökuməti İranı ABŞ-ın maraqlarına ən böyük təhlükə adlandırır və Tehranın hərəkətlərinə qarşı həm siyasi, həm də hərbi cavab tədbirləri görüləcəyini bəyan edir. Vaşintqon bildirir ki, yeni sanksiyalar İranın Yaxın Şərqdə, xüsusi halda Suriyada hərbi gücünü artırmasına qarşıdır. Belə bir vaxtda İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı mayor Məhəmməd Cəfəri bəyan edib ki, ABŞ İranın sərhədlərindən 1000 kilometr məsafəyə qədər ərazilərdə yerləşən bazalarını ləğv etməlidir. Cəfərinin sözlərinə görə, Vaşinqton İrana qarşı sanksiyalar siyasətini davam etdirəcəksə, bu şərtə əməl olunmalıdır. Komandan əlavə edib ki, ölkənin havada, suda və quruda raket gücü sürətlə artır və bu, sövdələşmə, yaxud danışıqlar mövzusu ola bilməz.
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani isə ABŞ-ın Suriyada hərbi fəallığını artırmasından narazılığını bildirib: "ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir".
ABŞ-ın Suriya hökumətinə qarşı hədələrinə münasibət bildirən Ə.Şəmxani deyib ki, Dəməşqə əsassız iddiaların irəli sürülməsi Vaşinqtonun terrorizmə qarşı mübarizədə ardıcıl uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır: "ABŞ Suriya ordusunun yeni qələbələri ilə mübarizə aparmaq istəyir. ABŞ hökuməti öz iddialarında əmindirsə, onları araşdırmaq üçün sübutlarını Kütləvi Qırğın Silahlarının Yayılmaması Mərkəzinə təqdim etməlidir".
Ə.Şəmxani onu da əlavə edib ki, ABŞ-ın bu kimi addımları pis nəticələr verəcək.
Xatırladaq ki, ötən ay ABŞ qüvvələri Suriyada İran tərəfindən dəstəklənən qüvvələrə bir neçə dəfə zərbə endirib və bəzi müşahidəçilərin fikrincə, artmaqda olan bu gərginlik qaynar münaqişəyə yol aça bilər. Məsələ bundadır ki, baş verənlər fonunda şərqi Suriya ABŞ və İran qüvvələrinin getdikcə daha tez-tez toqquşduğu əraziyə çevrilir. Elə Yəməndə və Hörmüz boğazı rayonunda da ABŞ və İran qarşı duran tərəflərdədir.aABŞ-ın keçmiş müdafiə rəsmilərindən Ilan Qoldenberg deyir ki, hələlik İranın və ABŞ-ın dəstəklədiyi qüvvələr bir-birinə qarşı müəyyən dözüm nümayiş etdirir. Lakin müəyyən müddətdən sonra bu dözümlülük də başa çata bilər.
İndilikdə isə tərəflər arasında daha çox sanksiyalar savaşı özünü qabarıq büruzə verir. ABŞ-ın yeni sanksiyalarından sonra İran parlamenti Yaxın Şərqdə "Amerika terrorizmi" ilə mübarizə haqqında qanun layihəsini qəbul edib. Parlamentin spikeri Əli Laricani səsvermədən sonra bildirib: "Bu səsvermə Amerikanın hərəkətləri ilə mübarizədə İran xalqının qətiyyətini sübut edir. Amerika administrasiyası mesajımızı aydın anlamalıdır ki, İslam Respublikasına qarşı istənilən hərəkətə xalq və parlament tərəfindən qəzəblə cavab veriləcək".
Qeyd edək ki, Tehran və beynəlxalq vasitəçilər arasında çoxillik danışıqlardan sonra 2015-ci il iyulun 14-də İranın nüvə proqramına dair razılaşma imzalanıb. Razılaşma BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu. Plan 2016-cı il yanvarın 16-da qüvvəyə minib. Amma son hadisələr həmin razılaşmanını qüvvədən düşmə ehtimalını artırır və ABŞ-la İran arasında müharibənin başlanacağını istisna etmir. Məsələ ilə bağlı "The Guardian" yazır ki, ABŞ-ın İrana qarşı sərt mövqedə olması İsrailin də xüsusi maraq dairəsindədir. Qəzet Donald Tramp hökumətindən İsrailin İran məsələsində istədiklərini aldığını da yazır. Bu xüsusda ABŞ-ın vitse-prezidenti Maykl Pensin hələ Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı səsləndirdiyi fikirlər ayrıca xatırlanır. Həmin vaxt Maykl Pens qeyd edirdi: "İranın nüvə silahını əldə etməməyi üçün Vaşinqton əlindən gələni edəcək. Prezident Donald Trampın fəaliyyəti dövründə ABŞ İranın nüvə silahına sahib olmamasını təmin etmək üçün çalışacaq. Prezidentin adından bəyan edirəm ki, ABŞ bütün zəruri tədbirlər görəcək ki, İranın nüvə silahı olmasın. Bununla bağlı bizim bütün müttəfiqlərimizi, xüsusilə İsraili əmin edə bilərəm". Hesab edilir ki, bu vəziyyətdə İranın raket proqramını genişləndirməsi, Suriya və Yaxın Şərqdə siyasəti ABŞ-ın Tehrana qarşı hərbi müstəvidə fəaliyyətini qaçılmaz edəcək.
Tahir TAĞIYEV