Qabil Hüseynli: "ABŞ tərəfi Minsk Qrupunun fəallaşdırılması üzərində düşünür"
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərindən gözləntimiz ondan ibarətdir ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Vəzifələrini təkcə regiona səfər etməklə bitmiş bilməsinlər". Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupu uzun illərdir fəaliyyət göstərir, amma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımi addımlar atılmır:
"Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib. Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyanat o olmalıdır ki, nəhayət, bu problem öz həllini tapsın. Bu problem həddən artıq uzandı. Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir".
Baş nazirin müavini əlavə edib ki, münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin artmasına xidmət edir.
Həmsədrlərin budəfəki səfərinin də mənasız olmaması üçün hansı addımlar atılmalıdır?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün regiona səfər çərçivəsində iyunun 10-da İrəvana gedib: "İyunun 19-da Bakıya gələcəkləri gözlənilən həmsədrlərin nəyə görə bu dəfə iki səfər arasında bu qədər uzun vaxt intervalı qoyması maraq doğurur. Adətən İrəvan və Bakıya ardıcıl günlərdə gələn Minsk Qrupunun bu addımının məhz iyunun 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun məlum çıxışından sonra olması da bəzi müzakirələrə səbəb olub. Belə ki, Kalininqrad şəhərində Baltik Universitetinin tələbələri ilə görüş zamanı Lavrov Qarabağ probleminin tənzimlənməsi üzrə danışıqlarda ümumi prinsiplərin razılaşdırıldığını, lakin xırda, eyni zamanda çox önəmli detallar üzrə razılıq əldə edilmədiyini bildirmişdi. Minsk Qrupu prosesdən çox uzaq düşüb. Son vaxtlar Minsk Qrupunun fəaliyyətinə xitam verilməsi kimi fikirlər səslənir. ABŞ tərəfi Minsk Qrupunun fəallaşdırılması üzərində düşünür. Fransada yeni prezident seçildikdən sonra bu məsələyə diqqət artıb. Düzdür, deməzdim ki, bu diqqət obyektivləşib, amma hər halda yeni prezident daha fəal görünür. Rusiyanın da son vaxtlar ciddi beynəlxalq problemləri yaranıb. Bütün bunları nəzərə alsaq, Minsk Qrupu fəallıq nümayiş etdirməyə çalışır. Onların açıqlamalarına inansaq, budəfəki səfəri cəbhədəki vəziyyəti öyrənməklə əlaqələndirməliyik. Lakin hədəf Azərbaycan üçün heç cür anlaşılan deyil. 24 ildir həmsədrlər vəziyyətin necə olacağını dəqiqləşdirə bilməyiblərsə və hələ də regiona səfər edirlərsə, bu, Minsk Qrupunun fəaliyyətsizliyinin bariz nümunəsidir. İstənilən halda, bu səfərdən də ciddi bir nəticə gözləmək əbəsdir. Çünki hər hansı təkliflər paketi mövcud deyil".
Məhəmmədəli QƏRİBLİ