“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Birinci vitse-spiker deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti öz üzərilərindən atır: “Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz bunu dəstəkləyək. Ona görə də Minsk qrupunun həmsədrlərinin regiona növbəti səfərindən heç nə gözləmirəm”.
Z.Əsgərov qeyd edib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: "Minsk qrupunun həmsədrləri Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”.
“Rusiya-Azərbaycan münasibətlərində gərginlik barədə deyilənlərlə razılaşmıram, münasibətlərimizdə heç bir problem yoxdur”. Bunu da APA-ya açıqlamasında Ziyafət Əsgərov deyib.
Z. Əsgərov qeyd edib ki, Rusiya tərəfdən də Azərbaycana qarşı heç bir gərginlik yaradılmır. "Rusiya ilə münasibətlərimiz strateji əməkdaşlıq fonunda inkişaf edir, hesab edirəm ki, bu, gələcəkdə də belə olacaq”, - deyə o vurğulayıb.