Daşdəmir Əliyev: "Onlara bir daha xatırladılır ki..."
İyunun 12-də Naxçıvanda Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə taktiki təlimləri başlayıb. Təlimlər iki qardaş ölkənin hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq şəkildə, qoşun növlərinin cəlb olunması ilə keçirilir.
Azərbaycanın Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, təlimlərdə məqsəd silahlı qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyasını inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Təlimlər iyunun 16-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında ötən ay da Azərbaycan ərazisində - Naxçıvanda ortaq təlimlər keçirilib. Həmin təlimlər 10 gün sürüb. Qısa zaman sonra təzədən iki qardaş ölkənin silahlı qüvvələrinin birgə hərbi manevrlərinin baş tutması diqqət çəkməyə bilməz. Bundan əlavə, indinin özündə Gürcüstanda, Tiflis yaxınlığında Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının ortaq təlimləri davam edir.
Bu cür birgə təlimlərin nə kimi əhəmiyyəti var?
Hərbi ekspert Daşdəmir Əliyevin sözlərinə görə, Azərbaycan və Türkiyənin birgə keçirdiyi hərbi təlimlər silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılmasına xidmət edir: "Azərbaycanda keçirilən hərbi təlimləri də bu qəbildən saya bilərik. Son vaxtlar Silahlı Qüvvələrdə çoxlu təlimlər keçirilir. Naxçıvanda Əlahiddə Orduda da ciddi təlimlər aparılır. Bütün bunlar çox qürurverici və sevindirici hallardır. Naxçıvan strateji nöqtədə yerləşir. Oranın müdafiəsi üçün Əlahiddə Ordu yaradıldı. Bu təlimlərin özəlliklərindən biri də odur ki, Türkiyənın müasir qoşun növlərilə birgə və Azərbaycanın strateji önəm daşıyan nöqtəsində keçirilir. Bunun çox böyük siyasi və hərbi əhəmiyyəti var. Təbii ki, bu təlimlərə birmənalı yanaşmayanlar da olacaq. Amma bu bizim haqqımızdır. Azərbaycanın əraziləri işğal altındadır və ərazi bütövlüyünü bərpa etmək üçün bu cür təlimlərə ciddi ehtiyac var. Bu təlimlərin yaxın vaxtlarda davamı da olacaq.
Təbii ki, təlimlərin regionda yaşanan başqa münaqişələrlə heç bir əlaqəsi yoxdur. İstənilən halda, çox əhəmiyyətli və vacib tədbirlərdən biridir. İki dost və qardaş dövləti istəməyənlər üçün sözsüz ki, bu bir mesajdır. Onlara bir daha xatırladılır ki, NATO üzvü olan və güclü Silahlı Qüvvələrə və müasir hərbi texnikaya malik Türkiyə dövləti istənilən halda, bütün çətinliklərə baxmayaraq, öz sözünü deyib və bundan sonra da regionun aparıcı güc sahiblərindən biri kimi deyəcək".
Məhəmmədəli QƏRİBLİ