Qabil Hüseynli: "Siyasi elita ilə xalq arasında narazılıqlar kəskinləşəcək"
İki gün əvvəl Rusiyada korrupsiya əleyhinə mitinqlərə start verildi. Mitinqlərin 200-ə yaxın şəhərdə keçirilməsi nəzərdə tutulurdu. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilirdi. Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb.
Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib. Moskvada isə mitinqin Saxarov prospektində keçirilməsinə izn verilməyib. Buna görə də mitinq Tverski küçəsinə keçirilib.
Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondu və rəhbəri Aleksey Navalnıdır.
Rusiya hüquq-mühafizə orqanları aksiyaçılara qarşı hərəkətə keçib. Kazandakı mitinqdə 5 nəfər saxlanıb. Norilsk şəhərində isə saxlananların sayı 10-u keçib.
Vladivostokda da həbslər artmağa başlayıb. Şəhərdə həbs olunanların sayı 20 nəfərdən çoxdur. Bunlardan 3-ü yetkinlik yaşına çatmayanlardır. Şəhərdə saxlananlardan biri polisə hücumda şübhəli bilinir. Aksiyaya qatılan aktivistlərdən bəziləri kazaklar tərəfindən vəhşicəsinə döyülüb.
Bu mitinqlər Rusiyanın gələcəyi üçün nə vəd edə bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiyada nümayişçilərə qarşı bu cür cəza tədbirləri xalqı daha da qızışdıracaq: "Hazırda Rusiyada baş qaldıran mitinqlər hələ başlanğıcdır. Bundan öncə də vurğulamışdım ki, Rusiyada mitinqlər mütləq təkrarlanacaq və kütləvi hal alacaq, çünki əvvəlki çıxışlar, sadəcə, daha böyük aksiyaların məşqi idi. Göründüyü kimi, bu özünü doğrultdu və hazırda bütün Rusiyanı mitinq əhval-ruhiyyəsi bürüyüb. Rusiya əhalisi ölkədə yeridilən siyasətdən razı deyil və bu narazılıq daha da artacaq. Üstəlik, mitinqlərdə nümayişçilərə qarşı polislərin amansız hərəkəti vəziyyəti daha da gərginləşdirəcək. Rusiyada dinc nümayişçilərin bu cür kütləvi şəkildə həbsi əhalinin digər qismində qəzəb hissini artırır və mitinqçilərin sayına əsaslı surətdə təsir edir.
Həbslərə, repressiya tədbirlərinə baxmayaraq, mitinqlər daha da böyüyəcək. Hətta aksiyalar yaxın 2-3 ayda özünün ən pik nöqtəsinə çata bilər ki, bu zaman da inqilabi bir şərait yetişər. Bu isə o deməkdir ki, ayağa qalxmış xalq, bütün repressiya tədbirlərinə baxmayaraq, mövcud rejimi ciddi təhlükələr qarşısında qoyacaq. Rusiya tarixinə diqqət yetirsək görərik ki, bu cür inqilabi çıxışlar çoxaldıqda güc və başqa strukturlar da inqilabiləşir. Düzdür, hələ Rusiyada belə bir vəziyyət yetişməyib, ancaq Rusiya buna doğru gedir. Çünki Rusiyada mövcud siyasəti dəyişdirmək şansı yoxdur. Bu səbəbdən də siyasi elita ilə xalq arasında narazılıqlar kəskinləşəcək və mitinqlər daha barışmaz hal alacaq".
Məhəmmədəli QƏRİBLİ