Elşən Mustafayev: "Həmsədrlər işğala məruz qalanla işğalçı arasında fərq qoymur"
ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edib. Erməni mətbuatının verdiyi məlumata görə, həmsədrlər separatçı Dağlıq Qarabağ rejiminin "başçı"sı Bako Saakyanla görüşüb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsi və təmas xəttindəki vəziyyət müzakirə edilib.
Həmsədrlərin bu səfəri nə vəd edə bilər?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, ATƏT-in həmsədr dövlətlərinin bu məsələdə mövqeyini biz artıq 20 ildən çoxdur bilirik: "Həmsədrlər hər dəfə gələndə tanınmamış separatçı, cinayətkar qurumun görüşünə gedir. Bunun özü onların mövqeyindən xəbər verir. Bakıya gələndə isə Dağlıq Qarabağın azərbaycanlı icması ilə ya görüşürlər, ya görüşmürlər. Bu qurum keçən 25 il müddətində fəaliyyətində heç bir müsbət nəticəyə nail ola bilməyib. Əksinə, Minsk Qrupunun həmsədrləri münaqişənin həllini mürəkkəbləşdirib və onu dalana dirəyib. O baxımdan da Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in Minsk Qrupuna olan ümidlər puça çıxıb. Çünki həmsədrlər işğala məruz qalanla işğalçı arasında fərq qoymur. Bu ölkələrdən hansı Ermənistanı işğalçı kimi tanıyıb və ya işğalçı siyasətinə görə qınayıb? Heç biri. Ona görə də həmsədrlik institutu qüsurlu olduğundan ləğv edilməlidir. BMT-nin onsuz da münaqişənin həlli ilə bağlı qətnamələri var və bu qətnamələr yerinə yetirilərsə, problem öz həllini tapar. Həmsədrlərin bölgəyə növbəti səfərini turist səfəri kimi dəyərləndirmək olar. Son
6 ayda heç bir fəaliyyət yoxdur. Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət o qədər qəlizləşib ki, nikbin proqnoz vermək bir o qədər çətinləşib. ATƏT-in Minsk Qrupu həmsədrlərinin də işi həm çətinləşib, həm də ürəkaçan deyil. Çünki Rusiya bütün prosesləri tormozlayıb. Bir çox məsələlərdə Ermənistanın yanında olan Moskva həmsədr dövlət kimi sülhyaratma prosesində iştirak edir. Belə olan halda, sülhyaratma prosesi də Ermənistanın maraqlarına uyğun olacaq. Bu baxımdan həmsədrlərin fəaliyyətindən problemin həllinə müsbət təsir edəcək ədalətli yanaşma gözləmək xeyli müşkülə çevrilir".
Məhəmmədəli QƏRİBLİ