Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin uzanmasının bölgədə təhlükəli vəziyyətə, hərbi əməliyyatların yenidən başlanmasına gətirib çıxara biləcəyi indi beynəlxalq müstəvidə də ciddi narahatlıq yaradır. Buna səbəb odur ki, dünyada böyük güclər arasında davam edən gərginlik, artan çoxsayılı konfliktlər fonunda Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması dünya nizamı üçün əlavə təhdid formalaşdırır.
Məhz bu vəziyyətdə beynəlxalq ictimaiyyətdə əsas mövqe bundan ibarətdir ki, rəsmi Bakının tələb etdiyi kimi, artıq Qarabağ konflikti ətrafında yaranan status-kvonun dəyişməsinin vaxtı çatıb. Yeri gəlmişkən qeyd edək ki, bu məsələyə xarici işlər naziri Elmar Məmmədyarov yenidən toxunaraq, status-kvonun dəyişməsi prosesinə başlanmasının zəruriliyini qabardıb: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud sənəd üzərində danışıqları davam etdiririk. Biz istəyirik ki, danışıqlar substantiv olsun. Azərbaycanın mövqeyi bəllidir. Status-kvonu dəyişməyin vaxtı çatıb. Prezidentlər və həmsədrlər də deyir ki, status-kvo qəbuledilməzdir".
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini özündə ehtiva edən BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də Minsk Qrupunun həmsədlərinin adından müxtəlif vaxtlarda verilən bəyanatlarda da açıq şəkildə bəyan edilib ki, status-kvo qəbuledilməzdir və mütləq dəyişməlidir. İndiki vaxtda status-kvonun dəyişdirilməsinə mane olan yeganə tərəf isə yalnız Ermənistandır. Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi üçün təqdim etdikləri kompleks tədbirlər əsasında substantiv danışıqların davam etdirilməsini dəstəkləsə də, İrəvan buna qarşı çıxır. Çünki belə vəziyyətdə status-kvonun dəyişəcəyini erməni tərəfi yaxşı bilir. İrəvana o da yaxşı məlumdur ki, status-kvonun dəyişdirilməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, ölkəmizin ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutur. Hadisələrin bu səpkidə inkişafına qarşı olan, Azərbaycan ərazilərinin işğalını davam etdirərək status-kvonun dəyişdirilməsinə imkan verməyən Ermənistan bununla indiki Qarabağ siyasətini davam etdirməyə çalışır. Amma ötən dövr ərzində Azərbaycanın diplomatik müstəvidə atdığı addımlar dünyanın Qarabağ məsələsinə baxışının əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxarıb. Elə bunun nəticəsidir ki, dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana göstərir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul edilməyəcək. Siyasi təhlilçilər də vurğulayır ki, Ermənistan bu reallığı nə qədər tez dərk edərsə və danışıqlar masasında olan plana uyğun olaraq öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, regionda davamlı sülh də bir o qədər tez təmin oluna bilər. Eyni zamanda bu vəziyyət Ermənistanın öz xeyrinə də işləyərək onu başqalarının boyunduruğu altından çıxarmış olar.
Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, status-kvonun dəyişməsinin zəruriliyini dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da Ermənistan qarşısında zəruri şərt kimi qoyur. Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələrində bütün bunlar açıq-aydın göstərilir. Həmin sənədlər Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtması üçün münasib şəraitin təmin olunmasını tələb edir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də məsələyə yanaşaması eynidir.
Xatırlatmaq yerinə düşərdi ki, Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının Akvil, Muskok və Dovil kimi bəyanatlarında status-kvonun qəbuledilməz olduğu açıq şəkildə vurğulanır. Erməni ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan analoji qətnamələr İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamenti kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunub. Hətta İslam Əməkdaşlıq Təşkilatı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərindəki hərəkətlərini açıq-aşkar təcavüz adlandırıb. Qurum Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını kəskin şəkildə pisləyib, bu xüsusda müvafiq sənədlər qəbul edib. Həmin sənədlərdə Ermənistanın işğal edilmiş ərazilərdə öz hərbi potensialını gücləndirməsi, əraziləri demoqrafik, mədəni və fiziki cəhətdən dəyişmək cəhdləri birmənalı şəkildə pislənir, yurd-yuvalarından didərgin salınmış yüz minlərlə azərbaycanlı əhalinin doğma torpaqlarına qayıtmasının vacibliyi vurğulanır. Digər beynəlxalq qurumlarda da eyni yanaşma sərgilənir.
Ümumiyyətlə, indiki məqamda bütün dünya ölkələri, həmçinin beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bunu son verilən rəsmi açıqlamalar fonunda bir daha aydın şəkildə görmək olar. Məsələn, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini də bildirir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo davam edə bilməz. Federika Mogerini onu da vurğulayıb ki, bu münaqişə tez bir zamanda beynəlxalq hüquq çərçivəsində siyasi həllini tapmalıdır. Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister də status-kvonun dəyişməsinin zəruri olmasını ön plana çəkir: "Dağlıq Qarabağdakı status-kvo qeyri-möhkəmdir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Avropa İttifaqı tərəfləri atəşkəs rejiminə və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə çağıraraq, Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyir".
Dünyanın ən güclü hərbi qurumu sayılan NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay da təmsil etdiyi təşkilatın Qarabağ məsələsində status-kvonun dəyişməsini istədiyini bildirir: "NATO-ya üzv olan bütün ölkələr Cənubi Qafqaz regionunda silahlanmanın artmasından narahatdır. Bu hal siyasi gərginliyə səbəb olur. Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər. Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını, status-kvonun dəyişməsini istəyirik". Geosiyasət üzrə fransız ekspert Didye Şode də bildirir ki, status-kvonun dəyişməsi Dağlıq Qarabağda yaxınlaşan müharibəni önləyə biləcək yeganə faktordur: "Azərbaycan istəsə, günü sabah Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğaldan azad edə bilər. Azərbaycanın hərbi imkanları böyükdür, onun hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur. Ermənistan bunları nəzərə almalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud status-kvo Azərbaycan üçün qəbuledilməzdir və bu vəziyyət belə davam edə bilməz. 2016-cı ilin aprelində erməni təxribatı nəticəsində yaranan 4 günlük müharibə Azərbaycanın nəyə qadir olduğunu bir daha aydın göstərdi. Azərbaycan hər an işğal altındakı torpaqlarını azad etməyə qadirdir. Amma müharibənin yenidən başlanmaması üçün mövcud status-kvo dəyişməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük dövlətlərin Ermənistana təzyiqi vacibdir". Beləliklə, kifayət qədər aydın görünür ki, dünyada yaranan mövqeyə əsasən, mövcud status-kvo dəyişməlidir və yalnız bu hal Qarabağ münaqişəsinin yenidən hərbi müstəviyə keçməsinin qarşısını ala bilər. Əslində, bu reallığı Ermənistanda görənlər də var. Məsələn, erməni politoloq Manvel Sarkisyan bildirir ki, yaranmış vəziyyəti indiki Ermənistan hakimiyyəti də mütləq şəkildə nəzərə almalıdır: "Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk Qrupu da status-kvonu qəbul etmir".
Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: "Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir. Hakimiyyət fasiləsiz danışır ki, lazım olsa, Qarabağın müstəqilliyini tanıyacağıq. Müxtəlif anlar yaşandı, tanınma ilə bağlı hakimiyyətə ciddi tələblər ünvanlandı, hətta prezidentin istefa verməsi şəraiti yarandı. Lakin sonra Serj Sarkisyan möhtəkirlik etməyə başladı. Bildirdi ki, "müharibə olacaqsa, biz tanıyacağıq". Müharibə də oldu, lakin o tanımadı. Bu heç vaxt olmayacaq da. Çünki Azərbaycan hüquqa malikdir. Biz yalnız o vaxt qalib gələ bilərik ki, Azərbaycan öz hüquqlarından məhrum olsun. Halbuki, 25 il ərzində onun hüquqları daha da möhkəmlənib. Aprel müharibəsi də göstərdi ki, Azərbaycan beynəlxalq hüquqda haqlıdır. Heç kim Bakını ittiham etmədi. Çünki Azərbaycan bəyan edir ki, bu mənim ərazimdir. Nə qədər ki, Azərbaycanın bu hüquqları qalır, biz heç nə edə bilmərik".
Hələlik isə Ermənistan hakimiyyəti qeyri-konstruktiv mövqe və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik göstərir, işğalı davam etdirir. Amma Ermənistan hakimiyyəti həm də onu görür ki, status-kvonun dəyişməzliyi və silahlı təxribatlar erməni tərəfinə çox baha başa gəlir. Bu hal cəbhədə ermənilərin itkilərinin sayının artırır, bütün dünya Ermənistanı işğalçı dövlət olaraq qəbul edir, Azərbaycan ərazilərinin geri qaytarılmasını vacib şərt kimi ortaya qoyur. Dünya bəyan edir ki, Ermənistan nə qədər tez öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarsa, bu bir o qədər regional təhlükəsizlik üçün faydalı olar. İndi dünyanın qarşısında duran əsas məsələ Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur edilməsi, bunun üçün ona təzyiqlər göstərilməsidir. Əks halda Azərbaycan status-kvonu güc yolu ilə dəyişməyə məcbur olacaq. Bu vəziyyətdə də ən çox uduzan tərəf məhz Ermənistan olacaq. Çünki məsələnin hərbi müstəvidə həlli Ermənistanın daha böyük itkilərlə üzləşməsi deməkdir. Digər tərəfdən dünya status-kvonun dəyişməsini tələb etdiyindən, mümkün hərbi əməliyyatlarda Ermənistana hansısa dəstək də olmayacaq.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.