Məhəmməd Əsədullazadə: "Alyans onda regionda güclənə bilər ki, Azərbaycana işğal faktoruna görə tam dəstək ifadə edib..."
Ermənistan müstəqillik sonrası milli təhlükəsizlik doktrinasını Rusiyanın regiondakı mövcudiyyəti üzərində hazırlayıb. Təhlükəsizlik və ordu quruculuğu sahələrində bu ölkə ilə ciddi münasibətlər qurulub. Təcrübə göstərir ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də konseptual və praktik olaraq bir dövlətə bağlı qalmaq kiçik dövlətin böyük dövlətdən asılılığını artırmaqdadır. Bu iddianı təhlükəsizlik məsələsində Ermənistan-Rusiya münasibətləri bir daha təsdiq edir.
Ermənistan Rusiyadan bir milyard dollar dəyərində silah ala, hərbi əməkdaşlığı genişləndirə, ölkəsində rus ordusunu yerləşdirə bilər. Ancaq bu münasibətlərdə siyasi, iqtisadi və hərbi tarazlıq pozulduğu anda milli müstəqillik anlayışı təhlükə ilə qarşılaşır. Ermənistan-Rusiya münasibətləri iqtisadi, siyasi və hərbi nöqteyi-nəzərdən analiz edildiyində, Rusiyanın mütləq üstünlüyü diqqətə alınarsa, Ermənistanın vəziyyəti "azad" qul və yaxud "əyalət-mərkəz" müstəvisində xarakterizə oluna bilər.
1990-cı illərin ortalarından etibarən NATO postsovet coğrafiyasına, xüsusilə də Baltikyanı ölkələrə və Cənubi Qafqaz regionuna "genişlənmə sahəsi" kimi baxır. Ancaq Rusiyanın ciddi reaksiya verəcəyini bildiyi üçün, mövqeyini açıq şəkildə ifadə etmir, müxtəlif təhlükəsizlik layihələri çərçivəsində kiçik addımlarla regiona yerləşməyə çalışır. NATO Cənubi Qafqaza yerləşməyə çalışarkən daha çox regional və beynəlxalq terrorizm təhlükəsini ön plana çıxarır. Ermənistan 1994-cü ildən etibarən NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramında iştirak edir. Ancaq nəzərə almaq lazımdır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin, Avrasiya İqtisadi İttifaqında təmsil olunur. KTMT-nin NATO-ya rəqib təşkilat olduğunu nəzərə alsaq, son dövrlər NATO rəsmilərinin Ermənistana səfəri, bu ölkə ilə əməkdaşlıq etmək niyyəti, müxtəlif proqramlarda birgə iştirakı başadüşülən deyil. Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın KTMT üzvü olmaqla yanaşı, NATO ilə də əməkdaşlıq etməsi elə bir xüsusi əhəmiyyətə malik deyil: "Bu ölkə Rusiyanın tam nəzarətindədir və xarici siyasəti, xüsusilə ABŞ-ın nəzarətində olan NATO ilə əlaqələr mütləq rəsmi Kremllə razılaşdırılmış şəkildə həyata keçirilir. NATO-nun rəsmi İrəvana diqqət edib bu ölkə ilə əməkdaşlıqda maraqlı olmasında əsas məqsədi Ermənistanı Rusiyanın təsirindən getdikcə ayırmaqdır. NATO Cənubi Qafqazda Gürcüstan ərazisindədir və onun Ermənistanla siyasi əlaqələri, hesab edirəm ki, perspektivsizdir. NATO Ermənistanla heç bir iş görə bilməz və yaxın gələcəkdə də bu real görünmür. Ermənistan işğalçı ölkədir, regionda təhlükəsizlik üçün böyük təhdidlər yaradır. Buna rəğmən, Alyans rəsmi İrəvanla əməkdaşlıqda maraqlıdırsa, ilk növbədə işğala son qoymağa çağırmalıdır. İşğal faktorunu görməzlikdən gəlib Ermənistana dəstək ifadə edəcəksə, bu, işğalçı ölkənin yanında olmaq deməkdir. Rusiya ilə Cənubi Qafqaz siyasətində eyni xəttin ortaya qoyulmasına gətirib çıxarar. Qeyd edim ki, NATO-nun Ermənistan siyasəti səmərəli olmayacaq. Alyans onda regionda güclənə bilər ki, Azərbaycana işğal faktoruna görə tam dəstək ifadə edib yanında durmaqla Rusiyanın mövqeyinin zəiflədilməsinə zəmin yaratsın. Birtərəfli və ikili standartlı siyasət regionda uğursuzluğa gətirib çıxaracaq".
Vidadi ORDAHALLI