Tarixdə iz buraxanlar: I Dara

Əhəmənilər imperiyasının qüdrətli hökmdarı I Dara e.ə.550-ci ildə padşah sülaləsinə yaxın olan Gəştaspın ailəsində anadan olub. Gəştasp Böyük Kirin yaxınlarından hesab olunurdu. II Kir massagetlər üzərinə yürüş edərkən yuxusunda Daranı çiyinlərində nəhəng qanadları olduğu şəkildə görüb. Qanadların biri Asiya, digəri isə Avropa üzərinə kölgə salırdı.
O vaxt Dara çox gənc idi və yürüşdə iştirak etmirdi. II Kir Gəştaspı yanına dəvət edərək bildirir ki, onun oğlu hakimiyyəti ələ keçirmək istəyir. O isə cavabında deyir ki, oğlu belə bir addım atarsa, onu öz əli ilə məhv edər. Fəqət II Kir massagetlərlə döyüşdə öldürülür və hakimiyyətə oğlu Kambis keçir. Kambis Kirin yuxusu barədə heç nə bilmirdi və Dara etimad göstərərək onu özünün şəxsi mühafizəçisi etdi. Məlumdur ki, Kambis Misirə yürüşə çıxarkən öz adamlarına kiçik qardaşı Bardini aradan götürmək tapşırığı vermişdi. Hökumət yola düşəndən bir qədər sonra Bardi yoxa çıxır. Fəqət onun necə öldürüldüyündən heç kimin xəbəri olmur. Bundan istifadə edən midiyalı kahin Qaumata hakimiyyəti ələ keçirir və özünü Bardi elan edir. Bunu gizli saxlamaq üçün o, saraydakı otağından çıxmır və ölkəni öz qardaşı vasitəsilə idarə edir. Qızını Bardiyə ərə verən Otan Qobri adlı fars əyanı kürəkəninin üzə çıxmamasından şübhələnərək qızına bunu aydınlaşdırmağı tapşırır. Qızı atasının tapşırığını yerinə yetirir. Hökmdarın heç də Bardi yox, Qaumata olduğunu bilən Otan Qobri sarayın 7 nəfər ən nüfuzlu əyanını bir yerə toplayır və məsələdən onları xəbərdar edir. Onlar yalançı hökmdarı öldürmək qərarına gəlirlər.
Bu vaxt Dara da qəsdçilərin arasında idi. Dara təklif edir ki, nə qədər ki, Qaumata bu işdən xəbər tutmayıb, mütləq bu gecə gizləndiyi otağa gedib onu öldürmək lazımdır. Eyni zamanda Dara tələb edir ki, qəsd planının gizli qalması üçün heç kim gecəyə qədər toplandıqları otaqdan kənara çıxmamalıdır. Gecə isə hamı birlikdə şah sarayına yollanmalıdır.
Keşikçilər bu əyanları yaxşı tanıdıqlarından, onların saraya daxil olmalarına mane olmurlar. Onları görən kimi qardaşlar başa düşür ki, sirrin üstü açılıb. Qaumata xəncərini götürərək qaçmaq üçün cəld o biri otağa keçir. Maqın qardaşı isə qapının ağzını kəsməyə cəhd göstərir. Dara və Otan Qobri Qaumatanın qaçdığı otağa daxil olur. Otaq qaranlıq idi. Qobri Qaumata ilə əlbəyaxa olur. Kahinin ona güc gəldiyini görərək Daranı köməyə çağırır və qılıncla zərbə endirməyi tələb edir. "Qorxuram səni öldürəm", - deyə Dara cavab verir. Otan Qobri: "İkimizi də vur" - deyə qışqırır. Dara qaranlıqda qılıncı endirir. Təsadüfən qılınc Qaumatanı tutur və o, aldığı yaradan ölür.
Sui-qəsdçilər əyanları saraya toplayaraq baş verənlər haqqında onları məlumatlandırırlar. Kambisin kişi nəsli kəsildiyi üçün hökmdar taxtına oturtmağa heç kim qalmamışdı. Odur ki, saray əyanlarından biri təklif edir ki, Yunanıstanda olduğu kimi, İranda da Ağsaqqallar şurası yaratsınlar. Fəqət Dara buna etiraz edir: "Xalq hakimiyyəti yunanlar üçün yaxşıdır. Biz isə yunan deyil, farsıq. Padşahımız olmayanda midiyalılara tabe idik. Sonra bizim Kir hökmdar oldu və farslara azadlıq bəxş etdi. Başqa xalqın adətini götürüb özümüzünkündən imtina etmək bizə yaraşmaz".
Hamı bu fikirlə razılaşır. Onlar qəsd iştirakçılarından bir nəfəri padşah seçmək barədə razılığa gəlir. Sözü bir yerə qoyurlar ki, səhər hamısı atlanıb şəhər darvazasından çıxsın. Şəhərdən çıxandan sonra kimin birinci olaraq atı kişnəsə, o da padşah olsun.
Daranın mehtərlərindən biri çox ağıllı idi. O, öz ağasına kömək göstərmək qərarına gəlir. Daranın ilxısındakı atlardan birinin yenicə balası olmuşdu. Mehtər gecə ikən bu dayçanı götürüb şəhər darvazasından kənara çıxarır və yaxın bir yerdə gizlədir. Səhər yeddi fars əyanı atları minərək şəhəri tərk edir. Az sonra Daranın mindiyi at balasının iyini alaraq kişnəyir. Digər əyanlar atdan düşərək ona baş əyir. Beləliklə, Dara bu hiylə vasitəsilə Əhəməni hökmdarı (e.ə. 522-486) olur.
Kambisin ölümündən sonra tabe edilmiş xalqlar azadlıq əldə etmişdilər. I Daranın ilk işi bu xalqları yenidən Əhəməni imperiyasına tabe etmək oldu. Bu məqsədlə o, güclü ordu yaradır. I Dara Babili, Midiyanı, Finikiyanı, Misiri, hətta Hindistanın bir hissəsini tabe edərək bu əraziləri yenidən Əhəməni imperiyasının tərkibinə qatır. Sonra Aralıq dənizinin Kiçik Asiya sahillərindəki yunan şəhər-dövlətlərini tabe edir. Artıq Əhəmənilər imperiyasının sərhədləri Hindistandan Afrika səhralarına və Aralıq dənizinin Avropa sahillərinə qədər uzanırdı.
Belə bir nəhəng ərazili imperiyanı idarə etmək elə də asan deyildi. Ən sürətli qasidlər belə ölkənin mərkəzindən xəbəri hər hansı bir ucqar əraziyə yalnız yarım il müddətinə çatdırırdı. Ona görə də I Dara inzibati islahat keçirir və dövləti ayrı-ayrı inzibati vahidlərə - satraplıqlara bölür. Satraplığı idarə etmək üçün oraya hakimlər - satraplar təyin edir.
I Daranın göstərişilə satraplıqlarla imperiyanın yeni paytaxtı Suzu birləşdirən rahat yollar inşa olunur. Bu yollar arasında bir-birindən çox da uzaqda olmayan rabitə dayanacaqları salınır və onlar atlarla təchiz olunur. Qasidlər bu dayanacaqlarda qısa müddətdə dayanır, atları dəyişərək sürətlə çapır, beləliklə hökmdar fərmanlarını imperiyanın paytaxtından o dövrə görə ən qısa zamanda satraplara çatdırırdılar.
I Dara ölkə daxilində işləri nizama saldıqdan sonra Qara dənizin şimal sahillərindəki ucsuz-bucaqsız çöllərdə yaşayan iskitlər üzərinə yürüşə hazırlaşır. İskitlər ölkəsinə yol Dunay çayından keçirdi. I Daranın əmrilə tabe edilən yunan şəhərlərindən gətirilən ustalar Dunay üzərindən körpü salırlar. Daranın müxtəlif xalqların nümayəndələrindən ibarət ordusuna körpüdən keçmək üçün bir neçə gün vaxt sərf olunur. Əhəməni hökmdarı körpünün yanında yunan muzdlularından ibarət kiçik bir mühafizə dəstəsi saxlayıb onun başçısına altmış yerdən düyün vurulmuş bir kəndir verərək deyir: "Gündə bir düyün açarsan. Altmışıncı düyünü açana kimi mən qayıtmasam, deməli qalib gəlmişəm və İrana Qafqaz tərəfdən qayıdıram. Onda körpünü dağıdıb sən də öz dəstənlə geri qayıdarsan".
Fars ordusu körpünü keçdiyi ilk gündən iskit atlı dəstələrinin həmlələri ilə üzləşdi. Onlar ox məsafəsinə yaxınlaşır, farsları ox atəşinə tutur, bir anda çöllükdə gözdən itirdilər. Fars əsgərlərinin oxu bu məsafəyə çatmırdı. Beləliklə, günlər bir-birini əvəz edir, farslar heç vaxt iskitləri həlledici döyüşlərə cəlb edə bilmirdilər. Nəhayət, təngə gələn I Dara öz elçisini iskitlərin yanına göndərir.
Elçi iskit başçısı İdantirusiyaya deyir: "Nə üçün siz bizdən qaçırsınız? Özünüzü güclü hesab edirsinizsə, bizimlə açıq döyüşə girin. Yox, qorxursunuzsa, təslim olun. Daraya bir ovuc torpaq, bir qab su göndərib itaət etdiyinizi bildirin." İdantirusiya isə cavabında belə deyib: "Biz heç bir yerə qaçmırıq, köç edirik. Biz köçəri xalqıq, bura da bizim çöllərdir. Lap qədimdən bu çöllərdə köç etmək bizim adətimizdir." Elçi "Yaxşı, mən Daraya nə çatdırım?"- deyə sorduqda, İdantirusiya: "Ona bizim hədiyyəmizi çatdır," - deyərək iskit başçısı elçiyə bir zənbil verir.
Əhəməni düşərgəsinə qayıdan elçi zənbili Daraya təqdim edir. O, zənbilin ağzını açan kimi onun içindən bir quş qanad çalıb uçur, sonra bir siçan qaçır, onun dalınca da bir qurbağa tullanır. Zənbilin dibində isə bürünc ucluqlu beş ox qalır. Dara sevincək deyib: "Nəhayət, onlar mənə təslim oldular. Quş havada uçur, siçan yerdə gəzir, qurbağa da suda olur. Deməli, onlar bu çöllərin havasını da, torpağını da, suyunu da mənə təslim edirlər. Özləri isə silahlarını, oxlarını yerə qoyurlar."
İskit adət-ənənələrini yaxşı bilən əyanlardan biri etiraz edərək belə deyir: "Padşah sağ olsun, əslində bu hədiyyələrin mənası belədir: quş olub havaya qalxsanız da, siçan olub yerə girsəniz də, qurbağa kimi suda gizlənsəniz də, bizim oxlardan yaxanızı qurtara bilməyəcəksiniz".
Hadisələrin sonrakı gedişi əyanın dediklərinin doğru olduğunu sübut edir. Dara əmin olur ki, iskitlərin təslim olmaq fikri yoxdur. O, müşavirə çağıraraq deyir: "İskitlər azadlığı qızıldan üstün tuturlar. Onlara bəzəkli parça və qiymətli qablar lazım deyil. Onları Misir kahinləri, finikiyalı və babilli tacirlər kimi daş-qaşla tamahlandırmaq olmaz. Biz onlara qalib gələ bilməyəcəyik, ona görə də geri qayıtmaq lazımdır".
İskitlər geri çəkilən düşmənə dinclik vermir, hər gün onların dəstələri üzərinə ox yağdırırlar. Artıq yürüşün başlanmasının altmışıncı günü tamam olur. Keşikçi dəstənin komandiri sonuncu, altmışıncı düyünü açır. Daha ipdə düyün qalmamışdı. Yunan muzdluları iskitlər tərəfdən körpünün dağıdılmasına başlayır. Gecəyarısı fars ordusu gəlib sahilə çatır. Körpünün dağıldığını görən Daranın əhvalı pozulur. Onun ordusunda olan bir misirli yüksək səslə qışqırıb keşikçiləri səsləyir. Başçı bu səsi eşidir və qayıqlarla üzüb gələn keşikçi dəstələri tezliklə körpünün dağılmış hissəsini bərpa edir. Fəqət baş verən İskit səfəri fars ordusunun ilk məğlubiyyəti olur. Əhəməni ordusunun məğlubedilməzliyi haqqında fikirlər iflasa uğrayır.
Bir müddət keçdikdən sonra I Dara Yunanıstanı işğal etmək qərarına gəlir. Şahlar şahı yunan şəhərlərinə elçilər göndərərək "torpaq və su" verməyi, onun bütün əmrlərinə tabe olmağı tələb edir. Yunanlar isə Spartada fars elçisini quyuya salaraq deyirlər: "Nə qədər istəyirsən, torpaq və su götür." Afinada isə I Daranın elçisini edam edirlər. Bu xəbəri eşidən I Daranın qəzəbi coşur. O, 100 minlik ordu toplayır və iki məşhur sərkərdəsinin rəhbərliyi altında Yunanıstana göndərir. Afinanın 42 kilometrliyində yerləşən Marafon düzündə qanlı döyüş baş verir. Yunan ordusu, sayca az olmasına baxmayaraq, farsların üstün qüvvələrini sarsıdıcı məğlubiyyətə uğradır.
Birinci yürüşdən sonra da I Dara Yunanıstanı işğal etmək planlarından əl çəkmir. O, yenidən güclü ordu toplasa da, Misirdə baş verən üsyan bu səfərə mane olur. I Dara yunanlar barədə öz işğalçılıq planlarını yerinə yetirmədən e.ə.486-cı ildə vəfat edib. Onu Persepol yaxınlığındakı məqbərədə dəfn ediblər.
I Dara öz dövlətinin əbədi və sarsılmaz olduğuna dərindən inansa da, varislərinin xeyirxahlığına ümid bəsləməyib. Ona görə də öz şöhrətini sağlığında əbədiləşdirmək üçün bənzəri olmayan və heç kimin əli çatıb məhv edə bilməyəcəyi bir abidə qoydurmaq qərarına gəlib. Onun iradəsini yerinə yetirmək məqsədilə heykəltəraşlar belə bir abidəni qoymaq üçün çox yerlərə baş vurmalı olublar. Nəhayət, Kirmanşah vadisi boyu ensiz sıra dağlar silsiləsinin Həmədandan Babilistana gedən karvan yolunun ikibaşlı dağla başa çatdığı yeri seçiblər. Bu dağ Bisütun dağı adlanır.
Tezliklə buraya çoxlu inşaatçı və fəhlə gətirilir. Sıldırım qayanı dördbucaq şəklində yonurlar. Dördbucaqlının alt tilindən yerə 50 metr məsafə var idi. Odur ki, bu abidəyə uzaqdan baxmaq olardı, heç kimin yaxınlaşması mümkün deyildi. Heykəltəraşlar taxtabəndi sökdükdən sonra bu abidəyə 2500 il müddətində heç kim yaxınlaşa bilməyib.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU
professor