Aqşin Əliyev: "NATO anlamalıdır ki, Ermənistandakı hər hansı bir siyasi güc Rusiya faktoruna görə onlarla münasibətləri ön plana çıxarmaq cəsarətini göstərə bilməz"
Ermənistan KİV-i ölkələrinin NATO ilə yaxından əməkdaşlıq etməsi haqda sevincək məlumatlar tirajlayır. Bildirilir ki, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Ermənistana işgüzar səfəri reallaşıb. Onun bundan əvvəlki səfəri isə 2015-ci ildə baş tutub.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə reallaşan son səfəri zamanı onun NATO rəhbərliyilə görüşləri keçirilib. Hətta NATO-nun Ermənistanda "Etimad fondu" yaradacağı haqda da razılığın əldə edildiyi bildirilir.
Xatırladaq ki, NATO hərbi blok olmaqla yanaşı, eyni zamanda sülhün qorunması uğrunda mübarizə aparır. Belə isə onu Ermənistan kimi işğalçı ölkə ilə belə sıx münasibətlər qurmağa nə vadar edir?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, NATO bu istiqamətdə ciddi yanlışlığa yol verir: "Biz bilirik ki, NATO-nun strateji hədəfi Şərqə doğru genişlənməkdən ibarətdir. Ancaq bu istiqamətdə NATO-ya Rusiya ciddi şəkildə mane olur. Ermənistan həm işğalçı ölkədir, həm də Rusiyanın forpostu funksiyasını həyata keçirir. Yəni heç bir parametrilə NATO-nun etibarını qazanmağa haqq etmir. Ermənistan müstəqillik sonrası milli təhlükəsizlik doktrinasını Rusiyanın regiondakı mövcudiyyəti üzərində hazırlayıb, təhlükəsizlik və ordu quruculuğu sahələrində bu ölkə ilə ciddi münasibətlər qurub. Təcrübələr göstərir ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də konseptual və praktik olaraq bir dövlətə bağlı qalmaq kiçik dövlətin böyük dövlətdən asılılığını artırmaqdadır. Faktiki olaraq Ermənistanda Rusiyanın hərbi bazaları var. İki dövlət arasındakı münasibətlərdə Rusiyanın mütləq üstünlüyü Ermənistanın Qərb təhlükəsizlik təşkilatları ilə əməkdaşlığını və diplomatik manevr imkanlarını məhdudlaşdırır. Bu gün region dövlətlərindən olan Gürcüstan və Azərbaycanın əsasən NATO olmaq üzrə, digər beynəlxalq təhlükəsizlik təşkilatları ilə əməkdaşlığı yüksələn xətlə inkişaf etdiyi halda, Ermənistan adıçəkilən təşkilatlarla əməkdaşlığa can atsa da, arxasında Rusiyanın kölgəsini hiss etməkdədir. Ancaq hiss edilir ki, NATO bu amillərə son vaxtlar az fikir verir və Ermənistanla bağlı perspektivi olmayan cəhdlər göstərir.
Son zamanlarda Ermənistan ordusunda islahatlara ehtiyacın yaranması barədə xəbərlər dərc edilməkdədir. Bu məlumatların davam etdiyi bir zamanda Ermənistan-NATO münasibətlərində yaxınlaşma hiss edilir. Ancaq NATO anlamalıdır ki, Ermənistandakı hər hansı bir siyasi güc Rusiya faktoruna görə onlarla münasibətləri ön plana çıxarmaq cəsarətini göstərə bilməz".
Məhəmmədəli QƏRİBLİ