Vəfa Heydərli: "Mandatın verildiyi təsisatdan konkret nəticə tələb etməyin vaxtı çoxdan çatıb"
ATƏT quruma üzv olan dövlətlərin ərazisindəki münaqişələrin həlli üzrə danışıqlara diqqətini artırmalıdır. Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir. Qeyd olunur ki, ATƏT təkcə eskalasiyaların qarşısının alınması ilə məşğul olmamalıdır.
Bəyanatda deyilir: "Əsas məqsədinə və mövcud münaqişələrin həlli üzrə dəqiq mandatına uyğun olaraq, ATƏT və onun strukturları təkcə münaqişə vəziyyətlərinin qarşısının alınmasına diqqət ayırmamalı, həm də mövcud formatdan və vasitələrdən istifadə edərək problemlərin qısa zamanda nizamlanmasına gətirib çıxara biləcək həll yollarının axtarışına diqqət yönəltməlidir".
Münaqişələr səbəbi ilə GUAM regionu ATƏT-in ən çox müzakirə olunan mövzusudur və bu münaqişələrin həll edilməməsi ATƏT-ə üzv ölkələr arasında etimadsızlığın ən böyük mənbəyidir.
Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir.
Azərbaycan tərəfi bölgədəki münaqişələrin daha effektiv həlli üçün GUAM katibliyini və ATƏT-in müvafiq strukturlarını qarşılıqlı fəaliyyət göstərməyə çağırıb:
"Nə qədər ki, ATƏT-in hər bir üzv ölkəsi və vasitəçi ölkə münaqişələrin həllində öz məsuliyyətini və həll prosesinə verəcəyi töhfəni tam dərk etməyəcək, ATƏT sıralarında etimadsızlıq hökm sürəcək".
Azərbaycanın daimi nümayəndəliyinin bu yanaşmasını necə dəyərləndirə bilərik?
Politoloq Vəfa Heydərlinin sözlərinə görə, Azərbaycanın bu mövqeyi olduqca orijinaldır və özündə ciddi mətləbləri əks etdirir: "ATƏT dünyada mövcud olan dərin münaqişələrin nizama salınması missiyasını üzərinə götürüb. Həmin quruma və onun nəzdində yaradılan strukturlara böyük səlahiyyətlərə malik mandatlar verilib. Bəli, ən böyük mandat məhz münaqişənin nizama salınması ilə bağlıdır. Ancaq maraqlıdır ki, yalnız Dağlıq Qarabağla bağlı deyil, digər konfliktlərin həllində də ciddi irəliləyiş nəzərə çarpmır. Bu baxımdan da Azərbaycan nümayəndə heyəti bəşəri bir problemə toxunub və yaranmış vəziyyətdən çıxış yollarını göstərib. Doğru olaraq qeyd edilir ki, ATƏT problemlərin qısa zamanda nizamlanmasına gətirib çıxara biləcək həll yollarının axtarışına diqqət yönəltməlidir. Çünki biz öz timsalımızda görürük ki, ATƏT-in Minsk Qrupunda mandat qazanan həmsədrlərin regiona səfərləri, keçirdikləri görüşlərin konkret nəticəsi yoxdur və onlar daha çox diqqəti atəşkəsin qorunmasına yönəldir. Azərbaycanın bu tələbinə münaqişələrdən əziyyət çəkən və onların tezliklə həllini istəyən ölkələr də qoşulmalıdır. Bu istiqamətdə ATƏT-ə pressinq göstərməkdə haqlı olarıq. Çünki mandatın verildiyi təsisatdan konkret nəticə tələb etməyin vaxtı çoxdan çatıb".
Məhəmmədəli QƏRİBLİ