Elşən Həsənov: "Pakistan Azərbaycana görə Ermənistana qarşı prinsipial mövqe ortaya qoyur"
Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Astanada "EXPO 2017-Gələcəyin enerjisi" beynəlxalq sərgisinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanı tədbirdə energetika nazirinin müavini Natiq Abbasov və Energetika Nazirliyinin Aparat rəhbəri, milli pavilyonun direktoru İftixar Hüseynovun daxil olduğu geniş nümayəndə heyəti təmsil edib.
Qeyd edək ki, bu tədbirdə Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib. Marqlıdır ki, Sarkisyanın Astanada olduğu dövrdə Qazaxıstan paytaxtında başqa bir mühüm tədbir də keçirilib. Söhbət Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən gedir. Sammitdə Pakistan və Hindistan təşkilata tamhüquqlu üzv seçilib. Ermənistan həmin təşkilatın tamhüquqlu üzvü olmasa da, müşahidəçi qismində bundan əvvəlki tədbirlərə qatılıb. Maraqlıdır ki, Sarkisyanı bu dəfə həmin tədbirdə görmək istəməyiblər. Bunun Pakistanın tələbilə baş tutduğunu iddia etmək olarmı? Çünki Azərbaycanla bağlı yaşanan problemlərə görə Pakistan bir ölkə olaraq Ermənistanla heç bir diplomatik əlaqələr saxlamır.
Ekspert Elşən Həsənovun sözlərinə görə, Pakistan və Hindistanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul etdirmək Rusiya prezidenti Vladimir Putinə lazım idi: "Birincisi, Rusiya prezidentinin fikrincə, təşkilatın genişləndirilməsi bölgədə təhlükələrə qarşı mübarizə imkanlarını artıracaq. Ən böyük təhlükə Əfqanıstandakı gərgin vəziyyətdir. Rusiya terrorçulara qarşı mübarizədə Pakistan və Hindistanla əməkdaşlıq etmək istəyir. Mərkəzi Asiya ölkələri də Əfqanıstandakı vəziyyətdən narahatdır. Ona görə Mərkəzi Asiya ölkələri də Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasında maraqlıdır. Vaxtilə Pakistan ABŞ-ın müttəfiqi idi. Ancaq "soyuq müharibə" bitdikdən sonra bu müttəfiqlik zəiflədi. Pakistan rəhbərliyi özü də Əfqanıstanda "Taliban" hərəkatından ehtiyat edir. "Taliban"a bağlı terrorçular bir neçə dəfə Pakistan ərazisində terror aksiyaları törədib. Digər tərəfdən, Pakistan imkan verə bilməzdi ki, yalnız Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunsun. Pakistan heç bir məsələdə Hindistandan geri qalmaq istəmir. İkincisi, Rusiya prezidenti Pakistanı Rusiyaya yaxınlaşdırmaq istəyir. Hətta bir müddət əvvəl Rusiya ilə Pakistan arasında birgə hərbi təlimlər də keçirilib. Üçüncüsü, Putin NATO-nun Avropanın şərqinə doğru genişlənməsindən narahatdır. Misal üçün, Kreml Monteneqronun NATO-ya üzv qəbul olunmasına kəskin reaksiya verdi. Buna görə də Putin NATO-nun genişlənməsinə alternativ olaraq Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsinə çalışır. Rusiya İranın da Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasına dəstək verir. Türkiyə və Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir. Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatı bölgənin əsas mərkəzi təhlükəsizlik sisteminə çevrilmək üzrədir. Göründüyü kimi, bu cür qlobal məsələlərin müzakirə olunduğu bir yerdə Ermənistan kimi ölkənin orada olması zəruri sayılmayıb. Bunun Pakistanın tələbi olduğu da istisna deyil. İstənilən halda, Sarkisyan üçün biabırçı bir mənzərə yaşanıb. Pakistan Azərbaycana görə Ermənistana qarşı prinsipial mövqe ortaya qoyur".
Məhəmmədəli QƏRİBLİ