Rauf Zeyni: "Azərbaycanda 165 "siyasi məhbus"un olduğunu iddia etmək absurddur"
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana üçgünlük səfəri başlayıb.
Bu barədə Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib. Məlumatda bildirilir ki, səfər zamanı həmməruzəçilərin ölkə Prezidenti, parlament sədri, ədliyyə naziri, Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin üzvləri, baş prokuror, Ali Məhkəmə sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin başçısı və ombudsmanla görüşü nəzərdə tutulub.
S.Şennak və S.Preda vətəndaş cəmiyyətinin üzvləri, bir qrup keçmiş məhkum və hazırda həbsdə olan şəxslər, parlamentdə təmsil olunmayan partiyaların üzvləri ilə də görüşəcək.
Qeyd edək ki, bu nümayəndə heyətinin Azərbaycana gəlişi bəzi dairələri hərəkətə keçməyə vadar edib. Onlar hazırladıqları "siyasi məhbus" siyahılarını bir az da genişləndirib. Əldə etdiyimiz məlumata görə, hazırda həmin dairələrin əlində 165 nəfərlik bir siyahı var. İddialara görə, guya Azərbaycanda bu sayda "siyasi məhbus" var.
Bu cəhdləri necə dəyərləndirmək olar?
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə açıqlamasında bildirdi ki, belə fürsətçilər hər zaman olub: "Bilirsiniz ki, Azərbaycan insan hüquq və azadlıqlarının təmin olunmasına böyük önəm verir. Bu sahəni əhatə edən qanunvericilik aktlarının təkmilləşməsi və ölkəmizdə keçirilən mötəbər tədbirlər buna sübutdur. Azərbaycan belə təzyiqləri çox görüb və şükürlər olsun ki, hamısının da öhdəsindən layiqincə gəlməyi bacarıb. Bəzi yerli dairələr xarici yiyələrinə belə "donosları" ötürməklə görülən bütün işləri qaraya boyamaq istəyir. Ölkənin daha ciddi problemləri barədə qəti danışmaq istəmirlər və ya görülən müsbət işləri unudaraq, yalnız qondarma mövzuları diqqətə gətirməyə çalışırlar. Bilirsiniz ki, Azərbaycanda siyasi əqidəsinə görə həbs edilən adam yoxdur. Bunların "siyasi məhbus" adlandırdığı şəxslər konkret cinayət əməli törətdikləri üçün həbsdə saxlanır. Bu baxımdan da guya Azərbaycanda 165 "siyasi məhbus"un olduğunu iddia etmək absurddur. Məqsəd bəllidir, Azərbaycanın imicinə ziyan vuran mövzuları qabartmaqla öz yiyələrinə xoş gəlmək istəyidir bu addım".
Məhəmmədəli QƏRİBLİ