Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın diplomatik müstəvidə fəaliyyəti Ermənistanda gedərək daha böyük təşvişlə qarşılanır. Hətta erməni mediası bu fonda diqqəti ona yönəldir ki, artıq Azərbaycan diplomatiyası ilə Ermənistanın diplomatiyası arasında aktivlərə yazılan xal baxımından böyük fərq yaranıb.
Məsələ ilə bağlı "Aravot" qəzeti yazır ki, son illərin mənzərəsi diplomatik müstəvidə Azərbaycanın Ermənistanı kifayət qədər geridə buraxmağa müvəffəq olduğunu aydın şəkildə ortaya qoyur: "Azərbaycan diplomatiyaya böyük diqqət və enerji sərf edir, nəticəsini də görür. İndi beynəlxalq təşkilatlarda Azərbaycanın səsi bizimlə müqayisədə daah gur gəlir. Biz daha çox müdafiə mövqeyinə keçməyə məcbur olmuşuq. Azərbaycan isə kəskin hücumlarını artırır. Nəticə də ondan ibarətdir ki, Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyən təşkilat və dövlətlərin sayı artır. Hətta bizim ənənəvi müttəfiqimiz olan Rusiyada belə, əvvəlki dövrlərlə müqayisədə, indi Azərbaycanın mənafelərinə uyğun gələn açıqlamaları daha çox eşitmək mümkündür".
Yaranmış vəziyyətə münasibət bildirən erməni ekspert Gevorq Melikyan da qəzetə açıqlamasında vəziyyətin onların lehinə olmadığını bildirir. Onun sözlərinə görə, Ermənistan Qarabağ konfliktində çox az şey həll edir: "Konfliktin sükanı istənilən halda Moskvanın əlindədir. Bu sükanı erməni tərəfi subyektiv və obyektiv səbəblər ucbatından könüllü şəkildə Moskvaya verib. Qərb isə buna səssizcə razılıq verdi. Ermənistan yenidən bu sükanı öz nəzarətinə qaytarmalı və suveren dövlət kimi konfliktdə çıxış etməlidir. Amma bu, çətin baş versin. Çünki indiki Ermənistan iqtidarı özünü siyasi və iqtisadi sosiopat kimi aparır. O, demək olar ki, bütün ciddi addımlardan, uzunmüddətli planlardan, qonşulardan, fərqli ideyalardan qorxur. Ermənistanın bu gün real dostları yoxdur".
Ümumiyyətlə, Ermənistanda hesab edilir ki, Rusiyanın da dəstəyinin itirilməsi ölkəyə gedərək daha baha başa gələcək və əvəzində Azərbaycanın mövqelərinin həm regionda, həm də Qarabağ məsələsində daha da güclnəməsi qaçılmaz olacaq. Eyni mövqeni Ermənistanın "1 in.am " saytı da bölüşür. Burada qeyd olunur ki, hadisələrin inkişaf axarı daha sürətlə Ermənistanın əleyhinə işləməyə başlayıb: "Amma Serj Sarkisyan hakimiyyəti hələ də bundan nəticə çıxara bilməyib. Çünki ölkə rəhbərini maraqlandıran əsas məsələ bundan sonra hakimiyyətdə necə qala və soyğunçuluq siyasətini necə davam etdirə biləcəyidir. Konkret halda, təbii ki, 2018-ci ildə Ermənistan hökumətinin nominal tərkibi necə olacaq və yaxud erməni kapitulyasiyasının simvolu kim olacaq - prezident, yoxsa baş nazir, - bu ikinci dərəcəli əhəmiyyət daşıyır. Rusiyanın marağındadır ki, Ermənistandaxili proseslər üçün bir faktor var: Rusiya istəməz ki, Ermənistanda hakimiyyət Kremlin geosiyasi rəqiblərinin əlinə keçsin, Ermənistan Avrasiya İqtisadi Birliyinin, KTMT-nin, Rusiya üçün mühüm olan digər birliklərin dağıdılması üçün istifadə olunsun. Bu fikirləri rusiyalı politoloq Sergey Markov da təsdiq edir. Onun sözləri tamamilə sinik səslənsə də, situasiyanı obyektiv əks etdirir. Ermənistan, təəssüf ki, Rusiyanın forpostuna çevrilib, o Ermənistan ki, hətta Kremli maraqlandırırsa belə, yalnız KTMT və Avrasiya Birliyinin maraqlarına xidmət edən poliqon statusunda maraqlandırır. Bu təkcə Serj Sarkisyanın yox, həm də Ermənistanın birinci və ikinci prezidentlərinin Rusiya təbəəliyini qəbul eləməsinin, siyasi sistemin keyfiyyətsizliyinin nəticəsidir".
Erməniləri qorxudan daha bir məsələ yenə də Rusiyanın istəyilə İrəvanın erməni lobbisi ilə də üz-üzə gəlməsidir. Məsələ ilə bağlı "lragir" saytı yazır ki, Rusiya İrəvanın dayağı olan ABŞ-dakı erməni lobbisini belə neytrallaşdırmağa çalışır. Sayt qeyd edir ki, Ermənistan və Rusiya XİN rəhbərlərinin müavinləri səviyyəsində ABŞ və Kanada ilə əməkdaşlıq üzrə məsləhətləşmələr keçirib: "İkitərəfli müqavilələrə əsasən, Ermənistan və Rusiya beynəlxalq arenada addımlarını uyğunlaşdırır. Lakin bu uyğunlaşdırma, bir qayda olaraq, Ermənistanın anti-Rusiya qətnamələrinə qarşı çıxmasından ibarətdir. Yaxud anti-Rusiya qərarları zamanı Ermənistan susmağa üstünlük verərək, Rusiyanın dediyinə dinməz-söyləməz itaət edir. ABŞ və Kanada ilə münasibətlər üzrə məsləhətləşmələrin keçirilməsi nədən irəli gəlir? Mümkündür ki, məsələ Ermənistan yox, ABŞ-dakı erməni diasporu və lobbisi ilə bağlıdır".
Sayt vurğulayır ki, Konqresdə ABŞ-Ermənistan dostluq qrupunun tərkibi bütövlükdə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edən konqresmenlərdən ibarətdir: "Bu konqresmenlər Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etdiyi fikrinin üzərində israrla dayanır. Rusiya da Ermənistan vasitəsilə ABŞ-dakı erməni diasporunu və onların təsir etdiyi Konqres üzvlərini neytrallaşdırmaq, sıradan çıxarmaq istəyir".
Bir daha qeyd edək ki, ABŞ-dakı erməni diasporu və lobbisi İrəvanın arxalandığı əsas gücdür. Məhz onların vasitəsilə Ermənistana, həmçinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə maliyyə yardımları ayrılır. Bu baxımdan, ABŞ-dakı erməni diasporu və lobbisi ilə Rusiyanın istəyi fonunda Ermənistan hakimiyyətinin üz-üzə gəlməsi İrəvanı daha zəif duruma gətirəcək. Bununla bağlı "lragir" saytı bildirir ki, belə vəziyyət Azərbaycanın maraqlarına tam cavab verir və mütləq mənada Qarabağ münaqişəsinə təsirini göstərəcək.
Qeyd edilənlərlə yanaşı, Ermənistan mediası yazır ki, Azərbaycan İrəvanın heçə çıxarmaq istədiyi daha bir məsələdə uğur qazanmaqda davam edir. Söhbət Ermənistan- Azərbaycan Sülh Platformasından gedir. Məlum olduğu kimi, bu günlərdə Vahan Martirosyanı ələ alan erməni iqtidarı onun vasitəsilə Ermənistan- Azərbaycan Sülh Platformasının mahiyyətini heçə endirmək istəyirdi. Amma bu xəyanətkarın söylədiyinin ardınca platformaya yeni ermənilərin qoşulması İrəvanın niyyətlərinin puça çıxdığını göstərdi.
Xatırladaq ki, bu günlərdə Ermənistan- Azərbaycan Sülh Platformasına qoşulmuş Oksana Altunyan da iki xalq arasında sülhün bərqərar olmasını istəyənlərin hamısını bu təşəbbüsü dəstəkləməyə çağırıb. Oksana Altunyan Bakı şəhərində yaşadığı dövrdə etnik, dini fikir ayrılıqlarının və təqiblərin olmadığını bildirib. Əksinə, Altunyan o vaxt iki xalq arasında dostluğun və qarşılıqlı hörmətin mövcud olduğunu xatırladıb. O, həmçinin Ermənistan- Azərbaycan Sülh Platformasını dəstəklədiyini bəyan edib və iki xalq arasında sülhün bərqərar olmasını istəyənlərin hamısını bu təşəbbüsü dəstəkləməyə çağırıb. Digər tərəfdən beynəlxalq miqyasda da Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulanların sayının artmaqda davam etməsi İrəvan üçün yeni ciddi zərbə sayılır. Qeyd edək ki, yenə bu günlərdə rusiyalı politoloq, "Dünya İctimaiyyəti" adlı ictimai-siyasi teleradiojurnalın istintaq xidmətinin redaktoru Denis Korkodinov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə əlaqədar bəyanat verib: "Sülh insanlar arasında olan əminamanlıq və qardaşlıqdır. Bunlar həyatımızın ən vacib meyarlarıdır. Buna görə də mən Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinə inanıram. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm.
Həmçinin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Mən sülh təşəbbüslərini dəstəkləyirəm və bu təşəbbüslərin mövcud münaqişəyə böyük töhfə verə biləcəyinə inanıram. Bu səbəbdən, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm".
Ermənistan-Azərbaycan Sülh Platforması ilə bağlı təzəlikcə yaşanan daha bir önəmli hal qurumun yeni səfirlərinin təyin olunmasıdır. Belə ki, Sülh Platformasının üzvü olan ukraynalı alim, ictimai xadim Tatyana Krupa ilə bağlı bu xüsusda mühüm addım atılıb. T.Krupa məsələ ətrafında bildirib ki, insanlar bir-birini öldürməməlidir, dünyada ən vacib varlıq İnsan həyatıdır. O, Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmaması ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda sülh quruculuğu istiqamətində görülən işlərin vacibliyini vurğulayaraq, bu sahədə imkanlarını səfərbər edəcəyini deyib. Ən əsası isə, T.Krupa Sülh Platformasının Ukrayna üzrə "Sülh səfiri" elan edilərək, ona "Sülh səfiri" sertifikatı verilib. Bu günlərdə, həmçinin, Çexiyadan olan "Asociace Pro Modernizace" təşkilatının sədri Aleksey Franskeviç Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib. Bununla bağlı verilən bəyanatda deyilir: "İnsanlar müharibədən yorulub. Artıq 25 ildir Azərbaycan və Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Eyni zamanda Ermənistanın və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə almaq çox vacibdir. Həmçinin mövcud münaqişənin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. Otuz il əvvəl biz iki xalqın əsrlərlə formalaşan dostluq və sülh şəraitində yaşamasının şahidi idik. Müasir dövrümüzdə iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissilə qeyd etmək istəyirəm. Mən iki xalqın sülh və qardaşlıq içində birgə yaşamasına və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə etmək istəyirəm. Bu səbəbdən, mən məqsədi Cənubi Qafqazda sülh yaradıb onu qorumaq olan Ermənistan-Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə sədri olduğum təşkilat adından, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumuzu bəyan edirəm". Bütün bunlar Ermənistan-Azərbaycan Sülh Platformasına qarşı İrəvanın addımlarının fiasko ilə nəticələndiyini aydın surətdə göstərir. Ermənistanda hesab edilir ki, bu vəziyyət Azərbaycanın diplomatik üstünlüklərini daha da gücləndirir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.