Arzuxan Əlizadə: "Rəsmi Paris istəyir ki, ən azından, münaqişə ilə bağlı vəziyyət hərbi fazaya keçməsin"
Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə Fransa prezidenti bir sıra məsələlərə toxunub. Qeyd olunub ki, ötən dövr ərzində yüksək səviyyəli çoxsaylı görüşlər keçirilib: "Xüsusilə də cari il martın 14-də Sizin Fransaya səfəriniz Fransa ilə Azərbaycan arasındakı əlaqələrin keyfiyyətini və dinamikliyini nümayiş etdirdi.
Sizin münasibətlərimizlə bağlı şəxsi mövqeyiniz mənə məlumdur və arzu edirəm ki, biz gələcəkdə bu münasibətlərin bütün sahələrdə böyük inkişaf potensialından birlikdə bəhrələnə bilək".
Təbrikdə o da vurğulanır ki, Fransa həmsədr kimi öz öhdəliyinə sadiq qalacaq: "Sizi əmin edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinin nəhayət tapılmasında Fransa Minsk Qrupunun həmsədri kimi öz öhdəliyinə sadiq qalacaq.
Hörmətli cənab Prezident, Sizə olan çox yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
"Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zənginliyini anlayır". Bunu isə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez yeni prezident E.Makronun Azərbaycanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi barədə suala cavabında deyib. Səfir bildirib ki, yeni dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır: "O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Həmişə olduğu kimi, Fransada yeni seçilmiş prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi mövcud problemin sülh yolu ilə həllinə yönəlmiş olacaq. Bu məsələdə Minsk Qrupunun rolunu qeyd etmək istəyirəm. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmaqdır".
Qeyd edək ki, Fransa 1997-ci ildən ATƏT-in Minsk Qrupunun həmsədridir. O vaxta qədər Rusiya ilə ABŞ həmsədr idi. Fransa həmsədr olduğu dövrlərdə yalnız Jak Şirak münaqişənin həlli ilə bağlı müəyyən səylər göstərib. Ondan sonra gələn Nikola Sarkozi və Fransua Ollandın prezidentlikləri dövründə, bəzi formal xarakterli vasitəçilik səylərindən başqa, bu yöndə hansısa ciddi səy nəzərə çarpmayıb.
Maraqlıdır, Makronun Fransanın həmsədr kimi öz öhdəliyinə sadiq qalacağını deməsi nəyi ifadə edir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu yöndə Makronun ciddi səylər göstərəcəyi real deyil: "Çünki bunun əlamətləri nə seçki kampaniyası dövründə, nə də seçkidən sonra özünü göstərməyib. Ona görə də bu açıqlamalar daha çox diplomatik nəzakət xatirinə işlədilən sözlərdir. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın təsir imkanları daha böyükdür. Bunu Fransa siyasiləri də yaxşı bilir. Məsələ ondadır ki, Rusiya hərbi-siyasi baxımdan regionda təmsil olunur. Rəsmi Moskvanın Ermənistana təsir imkanları böyükdür. Düzdür, Fransanın da Ermənistanla uzun illərə söykənən ənənəvi dostluq münasibətləri var. Ancaq bu heç də ona əsas vermir ki, rəsmi Paris münaqişənin ədalətli həlli ilə bağlı səylərini artıracaq. Başqa bir tərəfdən, aparıcı dövlətlər arasında geosiyasi mübarizənin kəskinləşdiyi bir dövrdə Fransanın məhz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərini artıracağı inandırıcı görünmür. Çünki aparıcı dövlətlər üçün digər problemlərin həlli daha prioritetdir. Sadəcə, rəsmi Paris istəyir ki, ən azından, münaqişə ilə bağlı vəziyyət hərbi fazaya keçməsin".
Vidadi ORDAHALLI