"Müxtəlif silsilə tədbirlər, konfranslar, "dəyirmi masa"lar keçirilməli, filmlər nümayiş olunmalıdır"
Xəbər verildiyi kimi, amerikalı jurnalist Raul Loveri Kontreras ABŞ-dakı erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitab yazıb.
"Erməni lobbisi və ABŞ xarici siyasəti" başlığı daşıyan kitabda təkzibolunmaz sənədlər əsasında erməni lobbisinin uzun illərdən bəri apardığı məkrli fəaliyyətlər, çirkli maliyyə oyunları və bütün bunların fonunda ABŞ-ın xarici siyasəti üçün yaratdığı problemlər qeyd olunur.
Bu səpkidə oxucu öncə ABŞ siyasətində kifayət qədər fəal olan erməni lobbi təşkilatları ilə tanış olur, bu təşkilatların hər birinin fəaliyyət istiqaməti və siyasi-ictimai təsir dairələri barədə etibarlı mənbələrə istinadən geniş informasiya əldə edir. Daha sonra ayrı-ayrı ştatlar və federal səviyyədə sözügedən lobbi təşkilatlarının çirkli məqsədlər üçün böyük məbləğlərdə pullar hesabına törətdiyi təxribatçı əməllər və bu əməllərin ABŞ-ın xarici siyasət maraqlarına mənfi təsirləri izah edilir.
Faktlarla zəngin olan bu əsərdə müəllif qondarma "erməni soyqırımı" iddialarından Azərbaycanla əlaqədar 907-ci Düzəlişə, ştatlar və federal səviyyədə qəbul edilmiş anti-Azərbaycan və anti-Türkiyə məzmunlu qətnamələrdən şübhəli seçki kampaniyalarına qədər yaxın tarixdə baş vermiş bir çox gərgin siyasi-ictimai proseslərin əsl iç üzünü açıb göstərir.
Mütaliə zamanı oxucu aydın şəkildə görür ki, uzun illərdir ABŞ Konqresində erməni lobbisinin və erməni maraqlarının ruporuna çevrilmiş Frank Pallone, Adam Şif, Robert Dold, Bred Şerman kimi konqresmenlər, yaxud Barbara Bokser və Bob Menendez timsalında bəzi senatorlar, eləcə də bir çox başqa qanunvericilər məhz külli miqdarda erməni vəsaitləri hesabına Azərbaycan və Türkiyəyə qarşı hər bir qərəzli sifarişi canla-başla yerinə yetirmişlər. Eləcə də müəllif Kaliforniya Senatında və Assambleyasındakı ermənipərəst qanunvericilərin təxribatçı əməllərindən bəhs edir.
Ümumilikdə, bu kimi kitablar erməni lobbisinin ifşasında necə rol oynaya bilər?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu cür kitablar erməni lobbisinin ifşa olunmasında böyük rol oynaya bilər: "Çünki belə nəşrlər Azərbaycanın xeyrinədir və maraqlarına cavab verən kitablardır. Belə kitabların sayı nə qədər çox olsa, bu bir o qədər Azərbaycanın maraqlarına cavab verəcək. Hesab edirəm ki, biz bir kitabla kifayətlənməməliyik. Biz informasiya-təbliğat maşınını gücləndirmək istəyiriksə, bunu hücumedici formata salmaq fikrindəyiksə, bənzər kitabların sayı çox olmalıdır. Müxtəlif silsilə tədbirlər, konfranslar, "dəyirmi masa"lar keçirilməli, filmlər nümayiş olunmalıdır. Ən başlıcası, bütün bunlar məzmunlu olmalı və real vəziyyəti əks etdirməlidir, dövrün tələblərinə cavab verməlidir. Çünki bu, informasiya-təbliğat maşınının güclü bir amilidir".
Vidadi ORDAHALLI