Mübariz Əhmədoğlu: "Türkiyə əlini Qətərin üstündən çəksə..."
Türkiyə Böyük Millət Məclisi Qətərdə hərbçilərin yerləşdirilməsinə dair və bu ölkədə Jandarm Qüvvələrinin tədrisi üzrə qanun layihəsini təsdiqləyib. Bu barədə Türkiyə mətbuatı xəbər verib. Türkiyə hərbçilərinin Qətərdə yerləşdirilməsi 2015-ci ildə iki ölkə arasında imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişə uyğun olaraq həyata keçiriləcək. Türkiyənin bu addımı gələcəkdə hansı nəticələrə səbəb ola bilər?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu hesab edir ki, ərəb dövlətləri ilə münasibətləri korlanan Qətər ətrafında hadisələrin mümkün inkişaf istiqamətləri bir çox aspektdən şərh edilə bilər: "Ərəb dövlətlərinin təcrid siyasəti ilə üzləşən Qətərin bu vəziyyətdən çıxmasında Türkiyənin mövqeyi mühüm rol oynayacaq. Türkiyənin bu məsələdə tutacağı mövqe Qətərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyacaq. Son bir ayda baş verən hadisələrin ardıcıllığına nəzər saldıqda, Yaxın Şərqdəki mənzərəni kökündən dəyişəcək bir gedişat olduğunu görürük. ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən bir neçə həftə sonra Qətərin ərəb dövlətləri tərəfindən təcrid edilməsi təsadüfi deyil. Fikrimcə, ABŞ Yaxın Şərq böhranını və Suriya münaqişəsini ABŞ-İran qarşıdurmasına transformasiya etməyə çalışır. Qətərə qarşı təzyiqlərin əsas səbəblərindən biri budur. Eyni zamanda, Qətərə yönələn bu hücumların bir hədəfinin də Türkiyə olduğu qeyd edilə bilər. Bu birmənalıdır. İndi çoxları maraqla gözləyir ki, Qətərin aqibəti necə olacaq? Ərəb dövlətləri Qətəri küncə sıxışdırır və Qərb də bundan məmnundur. İndiki şəraitdə Qətərin taleyi Türkiyənin hansı mövqe tutmasından çox asılı olacaq. Bundan başqa, İranın da Qətərə dəstək nümayiş etdirməsi Ankara ilə Tehranı birləşdirən məqamdır. Böyük ehtimalla, Türkiyə Qətərin bu böhrandan itkisiz çıxması üçün əlindən gələni edəcək. Bu baxımdan da qoşunun yeridilməsilə bağlı verilən qərarı Türkiyənin dar anda Qətərə nümayiş etdirdiyi dəstək kimi dəyərləndirə bilərik. Qətər özünü ərəb dövlətlərinin sırasından müəyyən qədər fərqləndirirdi. Bu da ərəb dövlətlərinin xoşuna gəlmirdi. Ona görə də Qətərin siyasəti bəzən İrana yaxın kimi görünür. Ərəb dövlətlərinin əksəriyyəti onu özlərinin əleyhinə görürdü. Qətər dövləti özünü təhlükələrdən sığortalamaq üçün son 5 ildə Türkiyə ilə intensiv dialoq aparırdı. Türkiyəyə bəllidir ki, Qətərin apardığı siyasət ərəb ölkələrini qane etmir. Qəbul edilən qərar da məhz bu kontekstədir. Türkiyə əlini Qətərin üstündən çəksə, yəqin ki, ərəb dövlətləri hərbi əməliyyatlara baş vuracaq" .
Məhəmmədəli QƏRİBLİ