Ramiz Tağıyev: "İrəvanın nümayəndəsi belə addımı ilə diqqəti özlərindən yayındırmağı düşünür"
Ermənistanın AŞPA-dakı nümayəndəsi Gevork Kostanyan qurumdan Azərbaycanın üzvlükdən çıxarılmasını tələb edib. Ermənistan mətbuatının yazdığına görə, bu, 6-7 iyul tarixlərində Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarların icrasına dair aparılan müzakirələr zamanı gündəmə gətirilib.
Qeyd edilir ki, belə bir müzakirə REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla bağlı aparılıb və həmin məsələdə erməni nümayəndə İlqar Məmmədovun müdafiəsinə qalxıb.
Aydındır ki, Ermənistan bu cür hərəkətlərilə diqqəti öz üzərindən kənara atmaq istəyir. Çünki onlarda insan haqları ilə bağlı vəziyyət acınacaqlıdır. Ermənistanın AŞPA-da son hərəkətləri hansı məqsədlər üçün hesablana bilər?
Siyasətçi Ramiz Tağıyevin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi Ermənistan hökumətinin əleyhinə daha çox qərar qəbul edib: "Birincisi, Ermənistanın hansısa nümayəndəsinin tələbilə Azərbaycanın AŞPA-dan uzaqlaşdırıla biləcəyinə dair prosedur mövcud deyil. Ermənistanın pafosla insan haqlarından danışması absurd görünür. Çünki onların özündəki vəziyyət çox acınacaqlıdır. İrəvanın nümayəndəsi belə addımı ilə diqqəti özlərindən yayındırmağı düşünür. Mən diqqəti Ermənistanın öz KİV-ində yayılan məlumatlara yönəltmək istərdim. Avropa İnsan Haqları Məhkəməsi 2017-ci ilin ilk 5 ayı ərzində hüquqları pozulan vətəndaşların şikayəti əsasında Ermənistan hökumətini 28.500 avro məbləğində cərimə ödəməyə məcbur edib. Məhkəmə qərarları "Avakemyan Ermənistana qarşı", "Ayvazyan Ermənistana qarşı", "Nikoqosyan Ermənistana qarşı", "Asatryan Ermənistana qarşı" və "ÇAP MMC" Ermənistana qarşı" işləri üzrə çıxarılıb. Ermənistan hökuməti son iclasında Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası üçün Ədliyyə Nazirliyinə pul ayırmağa məcbur olub. Kəsilən cərimələrin böyük hissəsini isə ödəməkdən boyun qaçırıb. Məhz bu səbəbdən də Avropa İnsan Haqları Məhkəməsinin özü Ermənistana bir neçə dəfə ciddi xəbərdarlıq edib. Görün vəziyyət nə həddə çatıb ki, indi belə bir ölkənin nümayəndəsi bizi qurumdan çıxarmaqla hədələyir, belə bir tələb irəli sürür. Avropa Şurasına üzv olan istənilən ölkəyə qarşı həmin məhkəmədə iddialar qaldırılır. Bu normaldır. Ancaq Ermənistanın bu sahədə durumu heç də ürəkaçan deyil. Səslənən fikirləri ciddi qəbul etmək lazım deyil. Bir daha xatırladıram ki, həmin mülahizələr hansısa siyasi qərarların verilməsi üçün əsas sayıla bilməz".
Məhəmmədəli QƏRİBLİ